Rəqəmsallaşma və Avtomatlaşdırma
Rəqəmsallaşma və Avtomatlaşdırma
11.09.2023 Elvin ABBASOV Tərəfindən

Ölkəmizdə rəqəmsallaşmanın miqyası artdıqca bərabərində avtomatlaşdırma da yayqınlaşmaqdadır. 

Rəqəmsallaşma və Avtomatlaşdırma iki müxtəlif anlayışdır, lakin bəzi hallarda bir-birilə əlaqəli ola bilərlər. Hər ikisi də mühəndislik sahələrindən olsa da, fərqli sahələri əhatə edir. Rəqəmsallaşma məlumatların rəqəmsal formada işlənməsi və idarə edilməsi ilə məşğul olan bir sahədir. Bu həm də məlumatların elektronik cihazlar vasitəsilə toplanması, yadda saxlanması, işlənməsi və ötürülməsi ilə bağlıdır. Avtomatlaşdırma isə proseslərin avtomatik idarə edilməsi ilə məşğul olan bir sahədir. Bu avadanlıqların vaxtaşırı olaraq idarə edilməsi və ya proseslərin avtomatik olaraq idarə edilməsi ilə bağlıdır.

Rəqəmsallaşma avtomatlaşdırmanın şərtlərini yarada bilir, çünki rəqəmsal məlumatlar maşınlar tərəfindən asanlıqla oxuna və işlənə bilir. Avtomatlaşdırma isə, rəqəmsallaşmanın faydalarını artıra bilir, çünki insan səhvlərini azalda və iş gücü xüsusiyyətliliyini artıra bilir. 

Rəqəmsallaşma iki hissədən ibarətdir: İlkin mərhələ, əlçatan məlumatların rəqəmsallaşması, ikinci mərhələdə isə proseslərin rəqəmsallaşması. Avtomatlaşdırma isə üç mərhələdən ibarətdir: Sensorlar, idarəetmə sistemi və icra mexanizmləri. Sensorlar mühitdəki dəyişiklikləri və ya işin vəziyyətini ölçür və idarəetmə sisteminə məlumat göndərir. İdarəetmə sistemi sensorlardan toplanmış məlumatları analiz edir, təhlil edir, qərarlar qəbul edir və əmrlər yaradır. İcra mexanizmləri idarəetmə sisteminin əmrlərinə uyğun olaraq prosesləri yerinə yetirir və nəticələri geri bildirir.

Avtomatlaşdırmanın tətbiqi də üç əsas hissədən ibarətdir: Ağıllı avadanlıqlar, ağıllı texnologiyalar və avtomatik idarəetmə sistemi (SCADA). Avtomatlaşdırma bir işin və ya prosesin insan müdaxiləsi (əməyi) olmadan, maşınlar və robotlar tərəfindən avtomatik olaraq yerinə yetirilməsi prosesidir. Rəqəmsallaşma və avtomatlaşdırma müasir dövrdə bir çox sahədə tətbiq edilir.
İstehsalın avtomatlaşdırılması özlüyündə əl əməyinin yüngülləşməsini, istehsalın keyfiyyətini, sürətini və effektivliyini artırır, insan xətasını azaldır və işçilərin sağlamlığını qoruyur. Çünki insanların zərərli və ağır işlərdən müəyyən qədər çəkilməsinə xidmət edir. Avtomatlaşdırma sistemləri qurulduqca insanlar icraçı yox nəzarətçi mövqeyə keçmiş olacaqlar. Bütün bu proseslər əmək məhsuldarlığının artırılmasına xidmət edir.

Rəqəmsallaşma və avtomatlaşdırma nə qədər tərəqqi edərsə etsin heç vaxt insan faktoru iş prosesindən tamamən çıxmayacaq. İnsanlar o sistemlərin nəzarətçisi və inkişafçısı olacaqlar.

Tarixə nəzər salsaq, müəssisələrdə avtomatlaşdırma II Dünya müharibəsi ərəfəsində başlamış və daha sonra sürətlə inkişaf edərək mərhələli olaraq tərəqqi etmişdir. İlk öncə müəssisələrdə açarları əvvəlcə lampa texnologiyalar əsasında olan qurğularla açıb bağlayırdılar, sonra lampanın yerini tranzistorlar tutdu, 70-ci illərdə isə mikrosxemlərlə əvəzləndi və nəhayət mikroçiplərlə proseslər nəzarətdə saxlanıldı. Sonra isə rəqəmsallaşma dövrü başladı. Rəqəmsallaşma yaradılan DATA-məlumat bazası əsasında istehsalın və idarəçiliyin optimallaşdırılması yönümündə müasir alət və texnologiyaların tətbiqi nəticəsində ortaya çıxan prosesdir. Yəni rəqəmsallaşma elektron hesablama, məlumatların emalı və dövrümüzdə isə süni intellektin (AI) qərar qəbul etdiyi İNSANA təklif etdiyi həllərin məcmusudur. 

Texnikanın, Texnologiyanın, Avtomatlaşdırmanın və Rəqəmsallaşmanın tərəqqisi Sənaye inqilabları ilə də birbaşa əlaqəlidir.
Misal üçün 1949-cu ildə Xəzər dənizində neft tapıldığında nefti çıxarmaq üçün texnikadan istifadə olundu... Bu barədə Ilham Shaban yazsa daha maraqlı olar.

AİKTSA sədri Elvin Abbasov