Qlobal dərəbəyliyin son mərhələsi: Bəs, biz nə etməliyik?
Qlobal dərəbəyliyin son mərhələsi: Bəs, biz nə etməliyik?
10.01.2025 Bəybala Mirzəyev Tərəfindən

Bu günlərdə əksər ekspertləri maraqlandıran suallardan biri də budur ki, necə oldu ki, Kanadanın baş naziri Castin Trüdo qəfildən istefaya getdi?

Lakin İlham Əliyevin sözüylə desək, əslində, Trüdo öz kefi ilə yox, Donald Trampın bir sözü ilə istefaya getdi. Trampın "Kanada ABŞ-ın 51-ci ştatı olmalıdır və cənab Trüdo da qubernator olmalıdır" sözləri Trüdonun "kitab"ının bağlanmasıyla nəticələndi.

Tramp bu sözü zarafat üçün demişdi?

Yox, qətiyyən!

O, tam ciddi surətdə hesab edir ki, Kanada həqiqətən də ABŞ-la birləşməlidir.

Beləliklə, Tramp prezident səlahiyyətlərinə başlamadan Kanada, Panama və Qrenlandiyaya dair ərazi iddiası irəli sürüb. Bu kontekstdə Trampın oğlunun Qrenlandiyaya səfər etməsi də heç də təsadüfi deyil.

Bəs, 11 gündən sonra səlahiyyətlərinin icrasına başlayacaq D.Tramp Kanada, Panama və Qrenlandiyaya ərazi iddialarını nə ilə əsaslandırır?

O, bunun ilk növbədə iqtisadi təhlükəsizlik və qlobal sabitlik üçün ölkəsinə lazım olduğunu düşünür. Və görünən də budur ki, Tramp ABŞ-ın bu ərazilərə nəzarəti ələ keçirməsi üçün əlindən gələn hər şeyi edəcək.

Trampın bu mövqeyi bütün dünyada böyük ajiotaja və təşvişə, qızğın müzakirələrə səbəb olub, sözün əsl mənasında ciddi narahatlıq doğurub. Çünki bu, tamamilə yeni presedentdir. Hitlerin qonşu ölkələrə ərazi iddialarını və Putinin Ukrayna avantürasını nəzərə almasaq, əvvəllər heç bir ölkənin lideri hansısa ölkələrin ilhaqı haqqında bu qədər açıq iddia ilə çıxış etməmişdi.

Ona görə də bir çox ekspertlər əminliklə bildirirlər ki, artıq bundan sonra heç bir beynəlxalq hüquqdan danışa bilmərik. Çünki ABŞ-ın beynəlxalq hüquqa tüpürərək, sözügedən əraziləri ələ keçirməsi bütün güclü dövlətləri özlərindən zəif olan qonşularının torpaqlarını işğal etməyə təşviq edəcək, həvəsləndirəcək.

Bir sözlə, əksər ekspertlər hesab edir ki, Trampın bu planları mövcud beynəlxalq sistemin tamamilə çökməsinə və qlobal dərəbəyliyin bərqərar olmasına gətirib çıxaracaq.

Ancaq onların bu qənaəti ədalətli deyil. Mövcud beynəlxalq sistemin çökməsinin günahını Tramp yazığın üstünə yıxmaq düzgün olmaz. Çünki 1945-ci ildən (yəni İkinci Dünya müharibəsinin bitməsindən) sonra formalaşmış mövcud beynəlxalq sistem (və ya dünya düzəni) birinci dəfə 1991-ci ildə keçmiş SSRİ-nin dağılması və erməni nasistlərinin Azərbaycan torpaqlarını işğal etməsi ilə, sonuncu dəfə isə Putin Rusiyasının Ukraynaya hücumu və Beniamin Netanyahunun Qəzzada qanlı qırğınlara başlaması ilə çöküb.

2022-ci ilin 22 fevralından (Rusiyanın Ukraynaya hücuma başladığı gündən) etibarən dünya qlobal dərəbəylik mərhələsinə daxil olub. Ona görə də bunun günahını Trampın ayağına yazmaq səhv fikirdir.

Elə isə, Trampın irəli sürdüyü ərazi iddiaları qlobal dərəbəyliyin əlamətləri deyilsə, bəs nədir?

Tramp sadəcə, Putin Rusiyasının və Qərbin liberal-solçu hakim elitalarının, Bayden, Makron, Şolts, Trüdo, Fon der Lyayen, Jozep Borrel kimi liberal faşistlərin yaratdığı qlobal xaosu daha da sürətləndirmək və dərinləşdirmək yoluyla dayandırmağa çalışır.

Əlbəttə, Trampın bu metodu qeyri-ənənəvi metoddur. Lakin kifayət qədər effektiv metoddur. Bizim el diliylə desək, Tramp "pazı pazla çıxarmaq" yolunu seçib.

Bəli, Trampın bu metodu ilk baxışdan ədalətsiz kimi görünür. Və bu metodun tətbiqi hansısa ölkələrin ərazilərinin zorakı yolla qəsb olunmasına da səbəb ola bilər. Bu kimi istisna hallar qaçılmazdır. Lakin ümumilikdə isə, Trampın ilhaq metodu bir sıra ölkələrə öz tarixi ərazilərinə yenidən sahiblənmək imkanı verəcək.

Həmin ölkələrdən biri də bizik. Hər qonşuda bir parçası əsir qalan bir xalq olduğumuzu zatən hər kəs bilir. Odur ki, Tramp beynəlxalq münasibətlərə yeni paradiqma gətirirsə, biz də bu fürsətdən mütləq yararlanmalıyıq.

Başqa sözlə desək, biz köhnə beynəlxalq hüququn müvəqqəti olaraq yoxa çıxdığı, yenisinin isə hələ tam formalaşmadığı aralıq dövrdən istifadə edib, ilk növbədə Zəngəzur dəhlizinin açılmasına, Qərbi Zəngəzur məsələsinin yenidən nəzərdən keçirilməsinə və Güney Azərbaycanın bağımsızlıq əldə etməsinə nail olmalıyıq. Bu üç məsələnin gerçəkləşməsi bütün Türk dünyasının gələcək taleyinə köklü təsir göstərəcək, Türk birliyi yeni qlobal güc mərkəzlərindən birinə çevrilmək fürsətini qazanacaq.

Qlobal dərəbəylik qlobal sabitlik dövrünün və yeni dünya düzəninin açarı rolunu oynayacaq. Donald Tramp-İlon Mask "duet"inin neoliberal-solçu sistemin son fiqurlarının (Baydenin, Trüdonun, Makronun, Şoltsun, Starmerin, Lyayenin və b.) siyasi səhnədən silinməsinə hesablanmış addımları da bu prosesin bir parçasıdır. Qlobal liberal klubun iflasını müşahidə edirik. Tramp-Mask "duet"inin hər addımı son 30 ildə dünyada hökmranlıq etmiş liberal elitanın sonunu daha da yaxınlaşdırır.

Maskın az qala hər "tvit"i, hər açıqlaması Makronun, Şoltsun və digərlərinin əsəblərini tarıma çəkir. Almaniyadakı seçkilərə hazırlıq prosesi Maskın "tvit" və rəyləri ilə çalxalanır, siyasi gərginlik pik nöqtəyə dırmanır. Ümumiyyətlə, Tramp və Mask köhnə beynəlxalq sistemi "sökmək" üçün olduqca maraqlı taktika seçib.

Biz də bu dəyişən geosiyasi reallıqlar fonunda öz xarici siyasət kursumuzu daha da çevik hala gətirməli və böyük hədəflərimizin gerçəkləşməsi üçün hər fürsətdən maksimum yararlanmalıyıq.

Bəybala Mirzəyev

visiontv.az