2025-ci ilin Zəngəzur dəhlizi məsələsində həlledici dövrün olacağı görünür
10.01.2025

Əliyev yerli telekanallara müsahibəsində Azərbaycanın Naxçıvana maneəsiz keçidində dəhliz məntiqini yenidən aktuallaşdırdı. Bildirdi ki, Zəngəzur dəhlizi açılmalıdır və açılacaqdır.

“Onlar bunu nə qədər tez başa düşsələr, o qədər də yaxşıdır. Biz belə vəziyyətdə qala bilmərik. Biz Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvana niyə müxtəlif, başqa yollarla getməliyik? Bizim birbaşa əlaqəmiz olmalıdır və bu əlaqə Ermənistanın suverenliyini şübhə altına qoymur”, - Əliyev bəyan edib.

Ermənistan Zəngəzur dəhlizi layihəsinə razılıq verməsə də, 2022-ci ilə qədər bu varianta alternativ yox idi. Rusiyanın Ukraynaya hücumundan və Qərbin Cənubi Qafqazda aktivləşməsindən sonra alternativlər meydana çıxmağa başladı:

- Kalininqrad dəmir yolu variantı;

- Maneəsiz keçidin verilməsi və təhlükəsizliyin “özəl şirkətlər” tərəfindən təmin edilməsi;

- Maneəsiz keçidin minimum təmasla reallaşması və s;

Bu variantlar Ermənistanın gündəliyinə uyğun olmaqla yanaşı, Rusiyanın dəhlizdə iştirakını qəbul etməyən Qərbin də marağında idi və alternativlər əsasən Vaşinqton və Brüssel tərəfindən irəli sürülürdü. Bakı Zəngəzur dəhlizi layihəsindən imtina etməsə də, geosiyasi vəziyyətə görə maraqlarına daha uyğun variantın müzakirəsindən də yayınmırdı. Əliyevin son müsahibəsində məsələni yenidən 10 noyabr razılaşması müstəvisinə qaytarması isə iki səbədən qaynaqlanır.

1. Geosiyasi situasiya Ermənistanın əleyhinə dəyişir;

ABŞ-da Bayden Administasiyasının yola salınması ilə Ermənistanın Qərbdən əldə edə biləcəyi dəstəyin parçalanması perspektivi görünür. Tramp Administrasiyasının Rusiya ilə Ukraynada anlaşması, o cümlədən, Cənubi Qafqaz regionuna daha az diqqət ayırması və Azərbaycanla münasibətlərə daha çox önəm verəcəyi gözləntisinin reallıq payı artır. Bu gözləntilər fonunda Ermənistanın ümid edə biləcəyi iki müttəfiqi – Fransa və İran var. Parisin regional təsiri minumum səviyyədədir, Tehranın hadisələrin inkişafına təsir gücü isə Yaxın Şərq məğlubiyyətindən sonra daha da zəifləyib.

2. Zəngəzur dəhlizinin Azərbaycan hissəsində texniki işlərin bu il yekunlaşacağı gözlənilir: dəhliz layihəsinə bu qədər investisiya Ermənistana regional kommunikasiyada hab rolunu vermək üçün qpyulmayıb; “ev tapşırığını” icra edən Bakı İrəvandan Naxçıvana maneəsiz keçidin dəhliz məntiqi üzrə verilməsi tələbini sərtləşdirəcək;

Bütün bunların fonunda 2025-ci ilin Zəngəzur dəhlizi məsələsində həlledici dövrün olacağı görünür.

Publika az

Asif Nərimanlı