QHT Agentliyinin 5 illiyinə həsr olunmuş mətbuat konfransı keçirilib
17.04.2026

2026-cı il aprelin 17-də Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində qurumun 5 illik fəaliyyətinə həsr olunmuş mətbuat konfransı keçirilib.

 QHT  Agentliyinin Müşahidə Şurasının sədri  Fuad Məmmədov bildirib ki, 2023-cü ilin sentyabrından tətbiq olunan yeni qrant modeli və onun real nəticələri yüksək qiymətləndirilib və bu modelin bütün respublika üzrə tətbiqinə qərar verilib.

O vurğulayıb ki, hazırda “Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi” informasiya sisteminin fəaliyyətə başlaması istiqamətində intensiv iş aparılır. Bildirilib ki, bu sistem dövlət qurumları arasında QHT-lərin maliyyələşdirilməsi üzrə koordinasiyanı gücləndirəcək, vahid məlumat bazasının və uçot sisteminin formalaşmasına, milli prioritetlərə uyğun mövzuların bölüşdürülməsinə, prosesin “bir pəncərə” prinsipi əsasında idarə olunmasına şərait yaradacaq. Bununla yanaşı, QHT fəaliyyətlərinin daha səmərəli, ölçüləbilən və nəticəyönümlü olmasına xidmət edəcək.

QHT  Agentliyinin İdarə Heyətinin sədri, WUF13 Təşkilat Komitəsinin üzvü Aygün Əliyeva çıxışında qeyd edib ki, Agentliyin icra səviyyəsi 2022-ci ildə 86%, 2023-cü ildə 88%, 2024-cü ildə 97%, 2025-ci ildə isə 98,5% təşkil edib. O bildirib ki, 2024-cü ildə Agentliyin donorluğu ilə Azərbaycan QHT-lərinin 7 xarici ölkədə 25 tədbiri keçirilib. 2025-ci ildə isə bu göstərici rekord səviyyəyə çataraq 17 ölkədə 43 tədbirlə yadda qalıb. Aygün Əliyevanın sözlərinə görə, Azərbaycan QHT-lərinin beynəlxalq miqyasda bu cür fəal iştirakı ilk dəfə müşahidə olunur.

O əlavə edib ki, Bakının 116 ölkədən QHT-lərin təmsil olunduğu Qlobal Cənub QHT Platformasının, eləcə də 8 ölkəni birləşdirən Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT Platformasının daimi mənzil-qərargahına çevrilməsi bu prosesdə mühüm rol oynayıb.

Agentliyin departament müdiri Fuad Rzazadə isə bildirib ki, QHT  Agentliyinin müsabiqələrinə maraq ilbəil artır. Onun sözlərinə görə, 2024-cü ildə müsabiqələrə 779 təşkilat müraciət etdiyi halda, 2025-ci ildə bu rəqəm 915-ə, 2026-cı ildə isə 981-ə yüksəlib. Rzazadə qeyd edib ki, son illərdə QHT-lərin komanda işi qurmaq, innovativ ideyalar irəli sürmək, layihələri effektiv şəkildə təqdim etmək və media ilə işləmək bacarıqları əhəmiyyətli dərəcədə inkişaf edib, maliyyə və icra intizamı isə güclənib.

Mətbuat konfransında həmçinin bildirilib ki, 2026-cı ilin sentyabrında Gəncə şəhərində Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu keçiriləcək.

Tədbir çərçivəsində QHT  Agentliyinin yenilənmiş internet səhifəsi (ngoagency.gov.az) də ictimaiyyətə təqdim olunub. Qurumun informasiya-kommunikasiya məsələləri üzrə meneceri Fatimə Bayramlı yeni saytın funksionallığı barədə təqdimatla çıxış edib.

Sonda media nümayəndələri “Açıq qapı” formatında Agentliyin fəaliyyəti ilə yerində tanış olublar.

Qeyd edək ki, QHT  Agentliyi 2021-ci il aprelin 19-da Prezident İlham Əliyevin müvafiq fərmanı ilə yaradılıb.

visiontv.az