Qərbi Azərbaycan İcmasında Ümumdünya Qaçqınlar Gününə həsr olunmuş tədbir keçirilib
24.06.2026

Ümumdünya Qaçqınlar Günü münasibətilə Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə tədbir keçirilib.

Tədbir  Azərbaycan Respublikasının Dövlət  Himninin səsləndirilməsi və  Ulu Öndər Heydər Əliyevin, şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirdə Milli Məclisin deputatları, elm və təhsil ictimaiyyətinin nümayəndələri, ziyalılar, Qərbi  Azərbaycan İcmasının üzvləri və vətəndaş cəmiyyətinin təmsilçiləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan  Qərbi  Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı  Əziz Ələkbərli bildirib ki, Ermənistan rəhbərliyi sülh danışıqları getsə də, Qərbi  Azərbaycan qaçqınlarının öz doğma evlərinə qayıtmasına hələ də mane olur: “Ermənistanla  Azərbaycan arasındakı sülh danışıqlarının şərti kimi Qərbi Azərbaycan qaçqınlarının da öz ata-baba yurdlarına qayıtması məsələsinə aydınlıq gətirilməlidir. Bu, onların təkcə insanlıq haqqı deyil, eyni zamanda beynəlxalq hüquqa söykənən haqqıdır. Bizim istər beynəlxalq təşkilatlara, istər Ermənistan rəhbərliyinə etdiyimiz müraciətlər hələ də cavabsız qalmaqdadır. Amma Ermənistan rəhbərliyi birdəfəlik bilməlidir ki, regionda yaranmış, Azərbaycan dövləti və  Azərbaycan Prezidenti tərəfindən yaradılmış bu reallıqlarla hesablaşmağa məcburdur. Çünki sülhün əsas təminatı birgə yaşayışdır. Erməni və  Azərbaycan xalqları əgər bu birgə yaşayışa qoşulmayacaqlarsa, bu insanlar öz ata-baba yurdlarına qayıtmayacaqlarsa, təbii ki, bu sülhün də davamlı olacağını düşünmək bir qədər absurd olardı”.

Əziz Ələkbərli bu yaxınlarda Qərbi  Azərbaycan İcmasında alim  Səbuhi Hüseynovla birlikdə Ermənistandakı 201 azərbaycanlı qəbiristanlığı üzərində apardıqları monitorinqin nəticələrinə də toxunub: “Həmin qəbiristanlıqların 12-si üzərindən asfalt yollar çəkilib, 16-sının yerində yaşayış evləri tikilib, 56-sı əkin sahəsinə çevrilib, 6-sı erməni qəbiristanlığı kimi istifadə olunub, 67-si vandalizmə məruz qalıb, digərlərinin ərazilərində isə müxtəlif tikinti və təsərrüfat işləri aparılıb”.

Daha sonra Qərbi  Azərbaycan İcması İdarə Heyətinin üzvü, tarix üzrə fəlsəfə doktoru  Nazim Mustafa “Qaçqınlığın tarixi aspektləri (1828–1991-ci illər)” mövzusunda çıxış edərək Qərbi  Azərbaycandan azərbaycanlıların deportasiya tarixindən və bu prosesin nəticələrindən bəhs edib.

Qərbi  Azərbaycan İcması İdarə Heyətinin üzvü, Hüquq Komissiyasının sədri, hüquq elmləri doktoru, professor Zahid Cəfərov “Qayıdışın hüquqi aspektləri” mövzusunda məruzə ilə çıxış edərək beynəlxalq hüququn qayıdış hüququnu tanıyan norma və prinsiplərini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Qərbi  Azərbaycan İcması  Ziyalılar  Şurasının üzvü, sosiologiya elmləri üzrə fəlsəfə doktoru Əfqan Vəliyev qayıdış məsələsinin ictimai rəydə yeri və bu istiqamətdə aparılan maarifləndirmə işlərindən danışıb.

Qərbi  Azərbaycan İcması  Ziyalılar Şurasının üzvü, Milli Məclisin deputatı, siyasi elmlər üzrə fəlsəfə doktoru Rizvan Nəbiyev isə qayıdış prosesinin siyasi-diplomatik aspektlərini təhlil edərək beynəlxalq müstəvidə aparılan fəaliyyətin əhəmiyyətini vurğulayıb.

Tədbirin yekununda Qərbi  Azərbaycan İcması  Ağsaqqallar Şurası sədrinin müavini, tibb elmləri doktoru, professor  Vaqif Şadlinski çıxış edərək qaçqınlıq həyatı yaşamış bir şəxs kimi doğma yurdlara qayıdışla bağlı gözləntilərini, bu istiqamətdə görülən işlərin əhəmiyyətini və gələcək fəaliyyət üçün tövsiyələrini iştirakçıların diqqətinə çatdırıb.

Çıxışlarda qeyd olunub ki, Qərbi  Azərbaycan məsələsi təkcə tarixi ədalətin bərpası deyil, həm də beynəlxalq hüquqla tanınan fundamental insan hüquqlarının təmin olunması məsələsidir.

Sonda vurğulanıb ki, Qərbi  Azərbaycana Qayıdış Konsepsiyasında müəyyən edilmiş məqsədlərin həyata keçirilməsi tarixi ədalətin bərpasına, soydaşlarımızın doğma yurdlarına qovuşmasına və regionda davamlı sülhün möhkəmlənməsinə xidmət edəcək.

Tədbir mövzu ətrafında müzakirələrlə başa çatıb.

visiontv.az