Türkiyədə keçiriləcək NATO sammiti ilə əlaqədar hazırlanan "Firuzəyi əməliyyat" planı çərçivəsində yüksəksəviyyəli təhlükəsizlik tədbirlərinin icrasına başlanılıb.
Bu barədə Ankara Şəhər Polis İdarəsinin məlumatına istinadən "Anadolu" agentliyi məlumat yayıb.
Açıqlamada paytaxta giriş-çıxış yoxlanışlarının gücləndirildiyi və vilayət üzrə 9 rayonda nəzarət tədbirlərinin intensivləşdirildiyi vurğulanıb. Xüsusi təyinatlılar, patrul polisləri, narkotiklərlə mübarizə qrupları və mühüm nöqtələrə yerləşdirilmiş mülki geyimli əməkdaşlar tərəfindən marşrutlarda lazımi tədbirlər görülüb. Sammit səbəbindən çox sayda turist və nümayəndə heyətini qəbul edəcəyi gözlənilən müəssisələr və otellər də yoxlanışdan keçirilib. Qeyd olunub ki, dilənçilər, qanunsuz parkinq nəzarətçiləri və müştəri cəlb edənlər kimi qruplara heç bir güzəşt edilmir.
Plan çərçivəsində şəhər ərazisində uzun müddətdir axtarışda olan şəxslərə qarşı da xüsusi əməliyyatlar keçirilir. Saxlanılan şəxslər cəzaçəkmə müəssisələrinə təhvil verilirlər.
Ümumiyyətlə, vilayət üzrə 9 rayonda 215 nöqtə, 151 park və 120 müəssisədə 39 qrup və 450 şəxsi heyətin iştirakı ilə yoxlanışlar aparılıb. Terror təşkilatlarının plan və fəaliyyətlərinin qarşısının alınması məqsədilə keçirilən əməliyyat zamanı saxlanılan 209 şübhəlinin nəzarətə alındığı və onlarla bağlı hüquqi prosedurların davam etdiyi bildirilib.
Qeyd edək ki, NATO sammiti bu ilin 7-8 iyul tarixlərində Türkiyənin paytaxtı Ankara şəhərində keçiriləcək.
visiontv.az