Qəlbimizdəki abidələr əsərlərimizdə...
19.04.2024

Bu gün Tətbiqi Sənət Nümunələrinin Qorunmasına və Təbliğinə Yardım İctimai Birliyi üçün sıradan bir gün deyil. Deyəcəklərimiz var...

18 aprel Beynəlxalq Tarixi Abidələrin Mühafizəsi Günüdür. Tarixi Yerlər və  Abidələrin Mühafizəsi Şurasının (İCOMOS) təklifi üzrə UNESCO tərəfindən 1983-cü ildə təsis olunub. Məqsəd insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltmək olub. Nəzərdə tutulub ki, hər il aprelin 18-də dünyanın müxtəlif yerlərində tədbirlər, konfranslar, dəyirmi masalar, qəzet məqalələri və. s. vasitələrlə uyğun hədəfə çatmaq üçün töhfələr verilsin. Qeyd edim ki, Müzəffər Ali Baş Komandanımız, Prezidentimiz İlham Əliyevin, Vitse prezidentimiz, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın diqqət və sayğısı, xüsusi səyləri nəticəsində yuxarıda adıçəkilən istiqamətlər üzrə Azərbaycanın əldə etdiyi nailiyyətləri danılmazdır. Belə ki, 2000-ci ildə İçərişəhər Qız Qalası və Şirvanşahlar Sarayı ilə birlikdə, 2007-ci ildə isə Qobustan Dövlət Tarixi-Bədii Qoruğu UNESCO-nun Dünya İrsi siyahısına daxil edilib. Təqdirəlayiq haldır ki, hazırda digər tarixi yerlərimiz və abidələrimizin də bu mötəbər siyahıya daxil edilməsi istiqamətində əməli işlər aparılır. Amma təəssüflər olsun ki, yağı düşmən tərəfindən zaman -zaman darmadağın edilərək yer üzündən tamamilə silinmiş çoxlu sayda tarixi memarlıq abidələrimiz var. Həm Qarabağımızda, həm Qərbi  Azərbaycanda bu acı taleni yaşayan yüzlərlə abidələrimiz, tarixi yerlərimiz də bir növ soyqırıma məruz qaldı. Hələ birinci Qarabağ müharibəsinə kimi bölqədə 706 tarixi və mədəniyyət abidəsi olub. Bu abidələrdən 11-i beynəlxalq, 240-ı dövlət, 455-i yerli əhəmiyyət daşıyıb. Digər tərəfdən Qarabağın, həmçinin Ermənistanla sərhəd olan Qazaxın 7 kəndinin və Naxçıvanın Kərki kəndinin işğal olunması nəticəsində 100 mindən çox artefaktın saxlandığı 22 muzey, 4,6 milyon kitabdan ibarət 927 kitabxana, 85 musiqi məktəbi, 4 teatr, 2 konsert zalı, 4 incəsənət qalereyası və 808 istirahət məkanı məhv edilib. İkinci Qarabağ müharibəsi zamanı isə 400-ə yaxın abidə məhv edilib. Qərbi  Azərbaycanının vaxtilə azərbaycanlılara məxsus olmuş tarixi memarlıq abidələrinə, yer adlarına qarşı vandalizmin, tarixdən silmənin əsası isə Türkmənçay müqaviləsi zamamından başlayaraq ötən əsrin əvvəllərinə qədər davam elədi. Ermənilərin torpaqlarımıza köçürülməsiylə başlanan prosesin başlanğıcında yer adlarımızın dəyişdirilərək (703 yaşayış məskənimizin adı) buradakı tarixi izlərimiz silinirdisə sonralar 310-dan çox memarllq abidələri sayılan məsçidlərimiz, neçə- neçə karvansaraylar, imarətlər, məqbərələr, qəbirüstü abidələr, qəbiristanlıqlar yer üzündən silinmişdir. Şərq memarlıq inciləri kimi tanınan "Sərdar" sarayı, Abbas Mirzə (Sərdar) məscidi, İrəvan qalası, Dəmirbulaq məscidi,  Hacı Cəfər məscidi,  Novruzəli bəy məscidi,  Rəcəb paşa məscidi, Şükürbəyli məscidi,  Urud abidələri, onun tacı sayılan iki qoç heykəli, daha sonra 1988-ci ildən başlayaraq saysız hesabsız qəbiristanlıq,  Aşıq Ələsgərin qəbirüstü abidəsi tamamilə yer üzündən vəhşicəsinə nankor qonşularımız tərəfindən zaman -zaman silindi. Hazırda  Ermənistanda yalnız iki abidə, üzərində kifayət qədər dəyişikliklər edilərək Fars məscidi adlandırılan Göy məscid, "Türkmən abidəsi" adlandırılan Əmir Səəd məqbərəsi sağdır. Bir də Sərdar məscidinin bir divarının yalnız kiçik parçası saxlanılır. 1400  yaşlı  Ağudi qəbirüstü abidəmizi isə ermənilər qədim erməni abidəsi adlandırırlar... İş ondadır ki, ölkəmizin müvafiq qurumları dəfələrlə bu faktlara görə yuxarıda adıçəkilən və digər qurumlara dəfələrlə müraciət etsələr də bir müsbət nəticə əldə edilməməkdədir. Yırtıcı xislətli vardanyana Nobel sülh mükafatı vermək istəyən zehniyyətin mədəni irsimimizə, tariximizə yönəlik bu cür davranışları artıq məndə təəccüb doğurmur... Bizə isə bu abidələri qəlbimizdə birdəfəlik yaşadaraq hərdən onları əsərlərimizə də köçürmək qalır. Nə yaxşı ki, yuxarıda adıçəkilən abidələrimizin ruhuna sığınaraq dünyada hələlik yeganə olan "Sərdar" sandıq ocağı yarada bilmişik. İndi burada həm də Qərbi  Azərbaycanın tarixi memarlıq abidələrinin ruhunu yaşadan əsərlər var olmaqdadır.  Gün o gün olsun ki, bu abidələri yenidən öz yarandıqları torpaqlarda inşa edib yaşadaq.

Tətbiqi Sənət Nümunələrinin Qorunmasına və Təbliğinə Yardım İctimai Birliyi

visiontv.az