QARA QARAYEV VƏ CÖVDƏT HACIYEVİN “VƏTƏN” OPERASININ DRAMATURJİ XÜSUSİYYƏTLƏRİ-LEYLA CUMAYEVA
09.01.2019

Musiqilik baxımından tamlıq təşkil edən nömrələr və səhnələr ilə yanaşı “Vətən” operası fasiləsiz simfonik inkişafa malikdir. O, özünü mövzuların sırasında hərtərəfli halda göstərir. Operanın ideya məzmunun açılması və bilavasitə musiqi və tematik bağlılığı leytmotiv prinsipinə əsalanır. Q.Qarayev və C.Hacıyev müəyyən personaja arasıkəsilməyən qısa leytmotivlə yanaşı, daha genişlənmiş epizodik mövzulardan da istifadə etmişdir. Bütün bunlar operadakı əsas konfliktləri xeyir və şərin mübarizəsini əks etdirirlər. Xüsusilə qeyd etmək lazımdır ki, “Vətən” operası üzərində işləyən tanınmış musiqişünaslar L.Karagiçeva [1] və A.Tağızadə [2] operada yalnız bir leytmotivin- faşistlərin leytteması olduğunu qeyd etmişlər. Bu leytmotiv ilk dəfə birinci aktda 6 cı nömrədə komandir Sergeyevin ariyasında verilib.

Vision TV-musiqi sevər oxucularına növbəti məqaləni təqdim edir.

Keçən əsr Azərbaycan musiqi sənətinin əsas simalarından olan Qara Qarayev və Cövdət Hacıyev görkəmli bəstəkar, ictimai xadim, pedaqoq kimi tanınmış öz dəsti-xətti ilə seçilən sənətkarlardan olmuşlar. Hər iki bəstəkar öz yaradıcılığında daim böyük ideya əhəmiyyətli mövzuları əks etdirmişdir. Milli musiqi sənətimizin inkişafinda xüsusən də Azərbaycan musiqi mədəniyyətində simfoniya janrının banisi kimi tanınmışlar.  Hər iki bəstəkar P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında D.Şostakoviçin sinfində təhsil almışlar. Həmin dövrdə, yəni 1941-ci ildə Q.Qarayev və C.Hacıyev “Ayna” opersını yazmağa başlayırlar. Operanın süjet xəttini “Azərbaycan kəndinin kolxozçularının həyatı” təşkil edir. Librettonun müəllifi E.Məmmədxanlı və İ.İdayətzadə idi.  Onu da qeyd etmək lazımdır ki, “Ayna” operası Mədəniyyət Nazirliyinin istəyi ilə yazılmağa başlamışdır.  Operanın birinci aktı yazılmağa başlamışdır ki, Böyük Vətən Müharibəsi başladı və bu zaman Opera və Balet Teatrının keçmiş direktoru İ.İdayətzadə gənc bəstəkarlara məsləhət gördü ki, “Ayna” operasının librettosunu müharibə mövzusu ilə əlaqaləndirsinlər. Beləliklə, “Vətən” operası yazılmağa başladı (librettonun müəllifi İ.İdayətzadə, nəzm hissənin müəllifi M.Rahimdir).

“Vətən” operası böyük səhnə ilə başlayır. Kolxozçular cəbhədən qayıdanları qarşılamağa hazırlaşırlar. Eldar, Diyar və Səlim  qonaqların şərəfinə təriflər söyləyir və onları alqışlayırlar. Onlar cəbhədən qayıdanlar arasında olan Aslanı tərifləyirlər, bircə Mərdan bütün baş verən bu hadisələrə biganədir, yoldaşları onu camaata qoşulmağa, xeyirli bir iş görməyə səsləyirlər. O, amma bütün bunlara, baş  verən hadisələrə əhəmiyyət vermir. Mərdanın belə biganə olmasının səbəbi rəqibi Aslana olan paxıllığından irəli gəlir.  Çünki onun rəqibi Aslan cəbhədə igidlik göstərib və vətənə qayıdıb, bu isə Mərdanda Aslana qarşı paxıllıq hislərinin yaranmasına səbəb olur, dünən qapılarda nökər olan Aslanı hamı sevir, hamı onun qoçaqlığından danışır. Mərdanın sevdiyi qız – Dilbər də Aslanı alqışlayır. Dilbər də igidlərlə bərabər cəbhəyə-döyüş meydanına şəfqət bacısı kimi getməyə hazırlaşır, bunu esidən Mərdan daha da qəzəblənir və Dilbərin Aslanı sevib –sevmədiyini soruşur, Dilbər isə cavabında bildirir ki, Aslanı hamı, bütün el-oba sevir.

Bu opera  gənc bəstəkarların  ilk operası olmasına baxmayaraq onlar  Azərbaycan musiqisində  zəruri olan yeni janr –realist musiqi dramı  yaratmışlar.  Bəstəkarlar hər ikisi  eyni dərəcədə  hadisələrin  həyəcanlı olmasına  çalışmışlar. Bu isə  operanın kompazisiyasının  özünəməxsusluğu, orijinallığıdır.

Operadakı  hərtərəfli səhnələr, musiqili-dramatik dialoqlar və tamamlanmamış  mahnıvarlilyə əsaslanan  ariaza nömrələri, rəqs səhnəsi  ahənglik təşkil edir.

Operanın birinci aktının sonunda  final xorundan əvvəl  rəqs səhnəsi verilmişdir.  Bu rəqs “Yallı”  rəqsi ruhunda yazılıb.  Sanki insanları birliyə,  həmrəyliyə səsləyən  çağırış ruhlu bir rəqsdir.  Operada yeganə rəqs  nömrəsidir.  Sol minor tonallığında, 2/2 ritmində yazılmışdır.

Operadakı bütün səhnələrə  bəstakarlar quruluş və  bütövlük vermişlər  onlardan çoxu  simmetrik olub tez-tez istifadə olunan  repriza formasında, bəziləri böyük olmayan koda ilə bitərək musiqi materialının inkişafını tamamlayır.

Musiqilik baxımından  tamlıq təşkil edən nömrələr və səhnələr ilə yanaşı  “Vətən” operası  fasiləsiz simfonik  inkişafa malikdir.  O, özünü  mövzuların sırasında  hərtərəfli halda göstərir.  Operanın ideya  məzmunun açılması  və bilavasitə  musiqi və tematik bağlılığı  leytmotiv prinsipinə əsalanır.  Q.Qarayev və C.Hacıyev  müəyyən personaja  arasıkəsilməyən qısa leytmotivlə yanaşı, daha genişlənmiş  epizodik mövzulardan da istifadə etmişdir.  Bütün bunlar  operadakı əsas  konfliktləri  xeyir və şərin mübarizəsini  əks etdirirlər.  Xüsusilə qeyd etmək lazımdır ki,  “Vətən” operası üzərində  işləyən  tanınmış musiqişünaslar  L.Karagiçeva  və A.Tağızadə  operada  yalnız bir leytmotivin- faşistlərin leytteması  olduğunu qeyd etmişlər. Bu leytmotiv ilk dəfə  birinci aktda  6 cı nömrədə  komandir  Sergeyevin ariyasında verilib.

Opera üzərində dərin təhlil apararkən isə  musiqi materialının  əsasında  belə qənaətə gəlmək  olur ki, əsərdə müəyyən  tematik komplekslər qoyulmuşdur. İnkişaf prosesində onlar  qarşı-qarşıya qoyularaq  dəyişikliyə məruz qalır, bir-birini əvəz edir.  Həmçinin qeyd etmək lazımdır ki, verilmiş təsdiq özünü əsərin partiturasının təhlilində olduğu kimi,  bəstəkarların öz  dəstixətti ilə yazdıqları  partituranın kənarında  izah olunur.

“Vətən” operasının  klavir variantının təhlili zamanı, müəlliflərin  bəzi qeyd əlyazmalarına  nəzərən  operada digər leytmotivlərin  də olduğunu  görürük.  Operanın əsas qıhrımanlarından olan  Aslanın leytmotivləri,  Mərdanın leytmotivləri, Eldarın leytmotivləri  buna misal ola bilər.

 Operanın əsas qəhrəmanı olan Aslanın üç  leytmotivi mövcuddur . Birinci leytmotiv birinci aktda giriş hissədə səslənir. İnstrumental bir formada verilmişdir. Bu leytmotiv  bir daha birinci aktda 8 ci nömrədə Aslanın ariyası və xor  sıhnısində keçir. Bu leytmotiv vokal partiyada səslənmişdir. Bu səhnədə Aslan Ana yurda, Vətənə olan sədaqətindən, məhəbbətindən bəhs edir. Elə Aslan obrazı ilə ilə ilk dəfə bu səhnədə tanış oluruq və həmçinin o, Vətənə sadiq döyüşçü olduğuna and içir.

Aslanın ikinci leytmotivi birinci leytmotiv kimi birinci aktda –giriş hissədə instrumental şəkildə səslənir.  8 ci nömrədə Aslanın ariyası və xor səhnəsində bu leytmotiv vokalın ifasında səslənir. Bu leytmotivlər “Vətən” operasının baş qəhrəmanı olan Aslanı xarakterizə edən iki əsas leytmotivdir.

Aslanın üçüncü leytmotivi  16 ci nömrədə  verilmişdir.  Bu leytmotiv  birinci  aktda  Aslanın  ariyası  və xor  səhəsində  verilmişdir.  Hər  iki səhnədə  leytmotivlər  vokalın  partiyasında  keçir.  Baş  qəhrəmanın  qəhrəmanlığından,  cəsarətindən,  dönməzliyindən xəbər verir.

Operanın digər qəhrəmanlarından biri də Mərdandır.  Mərdan obrazını təhlil edərkən biz onun inkişafda olan bir obraz olduğunu  görürük. Operanın əvvəlində o, paxıl, aciz bir obraz kimi verildiyi halda,  sonda  ikinci aktdan başlayaraq onun xarakterində  müsbət xüsusiyyətlər yaranır.

Mərdan obrazının xarakteristikasına baxdıqda onun da leytintonasiyasının  olduğunu görürük.  Aslan  kimi onun da leytintonasiyası ilk dəfə  birinci aktda giriş  bölməsində  səslənir. Bu leytintonasiya  bir daha birinci aktda 8 ci nömrədə Aslanın ariyası və  xor səhnəsində verilir.  Bu leytmotiv dramaturji ziddiyyət rolunu oynayır.  Belə ki,  Mərdan Aslanı özünə rəqib hesab edir.  Bu leytmotivin  dramaturji xüsusiyyəti  həm də ondan ibarətdir ki,  Mərdan və Aslanın taleləri bir-biri ilə bağlıdır. Mərdanın  ikinci leytmotivi dördüncü aktda  verilən əzab leytmotividir.  Mərdan əzab  leytmotivində  Aslan paxıllıq  etdiyini açıq şəkildə yoldaşlarına  bildirir.

Əsas qəhramanların  leytmotivlərindən başqa döyüşçü Eldarın da leytmotivi var.  Onun leytmotivi ilk dəfə girişdə səslənir.  Daha sonra isə Mərdanın ariyasında verilmişdir.  Eldar Mərdana məsləhət verir ki, sən da cammata qoşul, xeyirli, faydalı bir işlər gör.

“Vətən” operasında Dilbərin  leytmotivi yoxdur.  Lakin onun bütün ariyalarını birionci aktda  4 cü nömrədə  Dilbər və rəfiqələrinin səhnəsi, birinci aktda 13 cü nömrədə  Dilbərin ariyası,  üçüncü akt 1 ci nömrədə  giriş və Dilbərin ariyasını başlanğıc  dönməsi yuxarı gedən üç not təşkil edir.

Qeyd etmək lazımdır ki,  operada olan əsas personajların  xarakteristikası  bəstəkarlar tərəfindən  tamamlanmış,  bitmiş epizod formaları –ariyalar,  mahnılar, ansambl vasitəsilə verilmişdir.  Bununla belə ariya bəstəkarlarda “mərkəzləşmiş” an olub  hər hansı personajın  həyatında  onun hərtərəfli  musiqi  portretinin yaranmasına  kömək edir.  Nümunə olaraq,  Mərdanın birinci və  dördüncü pərdədəki  ariyalarını göstərmək olar.

 Hər iki bəstəkarın əsaslı qələbəsi ondan ibarətdir ki,  qəhrəmanların daxili aləmləri və hərəkətləri əsərin dramatik xəttində  birbaşa olaraq əsərin yekununu təşkil edir, operanın əsas qəhrəmanlıq istiqamətini  müəyyən edir.

“Vətən” operası özünün hər bir hissəsi ilə  eyni əhəmiyyətə malik əsərdir.  Yüksək bədii və böyük hissetmə  qüvvəsinə malik  epizodlarla yanaşı,  musiqi parçaları da verilmişdir.  Bununla əlaqədar qeydetmək lazımdır ki, operanın Üverturası yoxdur.

Bu opera yazıldığı dövrdə  Böyük Vətən müharibəsi  mövzusu  o zamanki opera sənətində az əks olunurdu.  Həmçinin Azərbaycanda bu opera  Vətən müharibəsi epopeyasını canlandıran və Azərbaycan  dilində yazılmış  ilk çoxpərdəli opera idi.  Əlbəttəki bu opera nöqsansız deyil. Operanın müsbət tərəfləri kimi onun mənfi tərəfləri də eyni dərəcədə təhlil olunmalıdır.

Operanın yarısını təşkil edən üç şəkil –altı səhnədən ibarət olub müsbət obrazların açılmasına  həsr olunaraq operanın musiqi hərəkətinin  dinamizmini az ifadə edir.

Silahlı toqquşmalar zamanı  mənfi  qüvvələrin  təsviri qeyri-adi, qroteks  musiqi metodu ilə verilmişdir.  Faşistlərin  mövzusu  ənənəvi faşist  obrazlarına  xarakterik-artırılmış kvarta intonasiyalı  intonasiyalı punktirli, marşsayağı ritmə əssaslanıb, orkestrdə mis nəfəsli alətlərin  boğuq səsləri, fleyta-pikkolanın, skripkaların qışqırıcı,  çığırgan səslənməsi ilə təsvir olunmuşdur.  Faşistlərin  qrotesk  xarakteristikasına və döyüş epizodlarının  daxili mürəkkəbləşməsinə istinad edən inqilabçıların  iddialarına baxmayaraq, bu üsullar heç də formal  tendensiyalarla bağlı deyil.

Həmçinin operada dramaturji səhnələrlə yanaşı  genişlənmiş xor səhnələri ilə yanaşı, operanın  qəhrəmanlarını tərif edən  və ya səhnədəki hadisələri  şərh edən  xor epizodlarından da istifadə olunmuşdur.

Müəlliflər “Vətən” operasında  klassik opera ənələrinə  istinad edir,  bu da özünü daha çox  Azərbaycan xalq nəğmələrinə məxsus elementlərin  ardıcıl inkişafında göstərir ki,  bu da nəticədə operanın musiqi tərzini müəyyən etmişdir.

Bu opera  tamaşaçısı tərəfindən  isti qarşılanmış və  yüksək qiymətləndirilmişdir.  “Vətən” operasının yaranması Azərbaycan musiqi teatrı tarixində mühüm hadisə olmuşdur.  Q.Qarayev və C.Hacıyevin “Vətən” operasından gələn ənənəni F.Əmirov “Sevil”, V.Adıgözəlov “Natavan”, F.Əlizadə “İntizar” operalarında davam etmişlər.

 

 

 

Müəllif:Azərbaycan Milli Konservatoriyasının dissertantı:Leyla Cumayeva

Vision TV-Fərqanə Əliyeva