Qafqazdakı Alban xalqlarının daxili müstəqilliyinə 705-çi ildə ərəblər son qoydular. Tabe olmağı xoşlamayan Alban tayfalarına 40 ildən çox davamlı işgəncələrdən sonra da müxtəlif yerlərdəki pərakəndə etiraz dalğaları və üsyanlar heç cür səngimədi.
Nisbətən inkişaf etmiş bölgə olan Beyləqanda 748-776-cı illər arasında daha da güclənən üsyanlar ərəb xilafətinin, xüsusən xəlifə Möminin əsəblərini tarıma çəkirdi. 778-808 ci illərdəki (Babəkədək) üsyan hadisələrində xürrəmi döyüş dəstələri daha fəal idilər. (Tarix yazan ərəblər özlərinə böyük düşmən saydıqları xürəmilər haqqında elə nifrətlə, böhtanla dolu səlnamələr yazmışlar ki, bizim bəzi “tarixşunaslar” da onların peşinə düşüb, bu ənənəni saxlayırlar. Həmin dövrdə Alban ərazisində 52 işarəli əlifbanın olmasına baxmayaraq, bu əlifba ilə yazılmış bütün yazı və sənət nümunələrini ərəblər sonuncusunadək məhv eləyib, ancaq ərəb əlifbasından istifadəyə icazə verdilər.)
Bəzz qalası ərazisinin feodalı Sührək oğlu Cavidan bir dəfə qış vaxtı Zəncandan ticarətdən qayıdarkən Bilalabad kəndi yaxınlığında borana düşür. Onları görən gənc Həsən (Babək) bu dəstəni evə dəvət edir. Gecəki söhbətdə bu boylu-buxunlu, düşüncələri ilə də mübarizlik mücəssəməsi olan, xüsusən də xürrəmilik və ərəb zülmlərinə qarşı ağıllı fikirlər yürüdən Həsən, Cavidanın çox xoşuna gəlir. Səhər Cavidan Həsəni Bəzz qalasına aparmağa razılıq alıb, özüylə aparır. Cavidanın qonşu feodal Əbu İmranla ədavəti olduğundan tez-tez aralarında dava düşürdü. Həmin vaxt bu əraziləri ərəbləşdirmək üçün bölgəyə xeyli ərəb köçürülmüşdü. (Ərəblər Suriya, İraq, Misir və Afrikanın şimalını ərəbləşdirə bilsələr də, İran ərazisini, Qafqazı və Orta Asiyanı türklərin basqısı sayəsində ərəbləşdirə bilmədilər. Amma, onların dövründən qalan kənd adları Aran bölgəsində hələ də qalmaqdadır.) 816-cı ildə Əbu İmranla olan növbəti davada ağır yaralanan Cavidan Bəzz qalasına gətirilir, arvadına öləcəyini bildirir və vəsiyyətini söyləyir ki, onun ruhu artıq Həsənə keçir, xürrəmilərin rəhbəri məndən sonra Həsən seçilsin. Beləliklə, Həsən bu feodal qəbiləsinin və xürrəmilərin rəhbəri olur. İgidliyi və başqa xürrəmi dəstələrini də öz ətrafında birləşdirmək qabiliyyətinə görə, ona Babək adı verirlər. (“Babək” - qədim sak tayfalarında rəhbərə, baş kahinə verilən ad idi.)
Babək (798-838) ərəblər üzərində ən böyük və beşinci qələbəsini 829-cu ilin iyununda qazandı. Onun qorxusundan Alban ərazilərinə köçürülmüş ərəblər qaçıb İraq və Suriya ərazilərində məskunlaşdılar. 22 illik mübarizəsində Babəkin qoşunları 230 mindən çox ərəb əsgərlərini və Əbu Həmid, Züreyk əl-Əzb adlı məşhur sərkərdələrini məhv elədi. Nəhayət, 833-cü ildə xəlifə Məmunun ölümüylə, onun yerinə gələn qardaşı Mötəsin Babəkin üzərinə ən mahir sərkərdə kimi ad çıxarmış Afşin adlı türkü göndərir. Qoşun hissələrinin böyük çoxluğu da türklərdən təşkil edilir. Ürəyi rahatlıq tapmayan Mötəsin Afşinin dalınca təzədən 9 minlik türklərdən ibarət qoşunu yola salır. Beləliklə, Babəkin ilk ağır məğlubiyyəti 833-cü ilin 25 dekabrında olur. Babəklə Afşinin mübarizəsi 2 il yarımdan çox çəkir. Afşin Bəzz qalasına gedən ərzaq yollarını bağlamağa nail olur. Nəhayət, Babək özündən sonra ən bacarığlı sərkərdə olan türk Tarxana qaladan çıxıb, dağın arxasından keçərək düşmənə arxadan zərbə endirməyi əmr edir. Afşin isə hər yerə gözətçilərini nizamla düzmüşdü. Tarxanın dəstəsi pusquya düşür, qəhrəmancasına vürüşsalar da, türk Tarxan türk Afşin tərəfindən məhv edilir. 837-ci ilin 26 avqustundakı döyüş isə sonuncu oldu, ərəblər Bəzz qalasına girdilər, hamını qılıncdan keçirdilər. Babək isə bir neçə yaxınıyla taçir paltarında qaladan uzaqlaşa bilmişdi. Bu, Afşini çox pərt elədi və hər tərəfə Babəki tapmaq üçün çaparlar göndərildi. Babək isə Bizans imperiyasına, dəfələrlə məktublaşdığı imperator Feofilə sığınacağını düşünürdü. Aclıq və yorgunluq Babəki və yanındakıları – anasını, qardaşı Abdullanı, arvadı Kəldaniyəni və qoruyucuları əldən salmışdı. Yolda ona çattırılan Afşindən və Babəkin öz oğlundan tabe olacağı halda, xəlifə onu bağışlayacağı haqda məktubu Babək nifrətlə qarşıladı. Nəhayət, yolüstü Şəki vilayətinin (indiki Sisyan rayonunun Şəki kəndinin) hakimi, Babəkin köhnə tanışı Səhl Sumbatın yanına gəldilər. Səhl Sumbat Babəki o andaca tanıdı, kömək edəcəyini söz verərək, qonaq elədi və onları ərəblərə satdı. (Bəzi mənbələrdə Səhl Sumbatın erməni olduğu bildirilir. Amma bu, mümkün olan bir iş deyil, həmin zamanlarda bu ərazilərdə 1 nəfər də olsun hayın izi-tozu olmayıb.) Ələ keçən Babək və yaxınları, xilafətin o vaxtkı paytaxtı Samirə şəhərinə doğru aparılır. Nəhayət, 4 yanvar 838-ci ildə Samirəyə gətirilən Babək və yaxınlarına Bahar bayramınadək işgəncələr verildi.Müxtəlif yerlərdə olan doğmaları və yaxınları tapılıb buraya gətirildi. 14 mart 838-ci ildə yaxınlarının və şəhər camaatının gözü qarşısında Babəkin bədəni şaqqalandı. Sonra, 23 doğması və yaxını edam etdildi. Babəkin bədən hissələri, dərs olsun deyə, xilafətin müxtəlif ərazilərinə göndərildi. Ərəblərin xeyrinə öz missiyasını uğurla yerinə yetirən Afşin də, bir müddət sonra, qazamata salınaraq, ac qalmaq cəzasıyla öldürüldü!
Mahir Bayram
visiontv.az