Prezident Əliyevin diplomatik, hərbi uğurları - qərəzli təhrif cəhdləri və tarixdən 6 nümunə
Prezident Əliyevin diplomatik, hərbi uğurları - qərəzli təhrif cəhdləri və tarixdən 6 nümunə
29.09.2023 İbrahim Məmmədov Tərəfindən

Azərbaycanın öz torpaqlarını azad etməsini Rusiyanın N.Paşinyan hakimiyyətinə təzyiqi kimi qiymətləndirmək tarixi hadisələrə yanlış, şəxsi prizmadan baxmağın təzahürlərindəndir. Əgər Rusiya ilə Ermənistan arasındakı siyasi ziddiyyətlər Azərbaycanın xeyrinə istifadə olunubsa, bu siyasətçinin situasiyanı doğru qiymətləndirməsi, yüksək manevr qabiliyyəti və siyasi istedadının göstəricisidir. Məsələn, Otto Fon Bismarkı siyasi manevrlərin, rəqibləri neytrallaşdırmağın, rəqib düşərgədəki ziddiyyətlərdən yararlanmağın böyük ustası adlandırırlar. İndi, Bismarkın “Şimali Alman İttifaqı” yaradılması və Prussiya-Fransa müharibəsi ərəfəsindəki siyasi manevrlərini fərqli dövr, fərqli coğrafiya, fərqli kontekst və miqyasda Prezident İlham Əliyev tətbiq edib və nəticə maksimumdur.

1-ci nümunə: ABŞ-ın Müstəqillik müharibəsi


Qayıdaq Azərbaycanın böyük qələbəsində Rusiya-Ermənistan ziddiyyətlərinin roluna, Azərbaycan xalqının və Ali Baş komandanın rolunun qərəzli şəkildə təhrif edilməsi, kiçildilməsi kimi uğursuz cəhdlərə.
Bu yanaşma ilə demək olar ki, Amerikada müstəqillik müharibəsi Fransa, İspaniya və Niderlandın Britaniyaya təzyiqinin nəticəsində mümkün oldu və indi ABŞ-ın Müstəqilliyi kimi qeyd edilən bu hadisə sən demə 16-cı Lüdovikin 3-cü Georq üzərində qələbəsi imiş və bu, qlobal əhəmiyyətli tarixi hadisədə Corc Vaşinqtonun heç bir xidməti yox imiş?
Xüsusilə də, bu məntiqlə Fransanın Amerikaya hədiyyə etdiyi Azadlıq heykəli fonunda ABŞ-ın müstəqillik uğrunda savaşı Fransanın hesabına yazıla və Vaşinqtonun Parisdən asılılığının rəmzi sayıla bilərmiş?
Halbuki, bu, tarix boyu müşahidə olunan geosiyasi maraqların gah toqquşması, gah üst-üstə düşməsi və yaxud da bəzən dövlətlərin zorən və ya marağına uyğun neytral qalması kimi situasiyalarla izah olunmalıdır.
Bütün dövrlərdə tarixi hadisələr ərəfəsində müttəfiqlər və rəqiblər düşərgəsi formalaşdırılması o qədər təbiidir ki, ciddi intellektual dairələrdə mübahisələndirilmir.
Prezident İlham Əliyev İkinci Qarabağ müharibəsi ərəfəsindən bu günədək müxtəlif güc mərkəzlərinin bəzilərini neytrallaşdırdı, bəzi güclər arasındakı ziddiyyətlərin mahiyyətini və miqyasını doğru qiymətləndirərək onlardan milli maraqlar üçün zərgər incəliyi ilə istifadə etdi, zərbə məqamını düzgün seçdi.

2-ci nümunə: Amerikada vətəndaş müharibəsi və Rusiya

Başqa bir misal: Amerikada Şimallılarla-Cənubluların vətəndaş müharibəsində (1861-1865) Rusiyada təhkimçiliyi ləğv etmiş İkinci Aleksandr quldarlığın əleyhinə olan Avraam Linkolnun mövqeyini müdafiə edirdi. Fransa isə əksinə, Şimalın əleyhinə savaşa girməyə hazır olsa da məcburən neytral qalmışdı. Hətta İvan Turçaninov (amerikalılar Turçin adlandırırdı) adlı rus polkovniki isə şimallıların ordusunda briqada generalı idi. İndi demək olarmı ki, Amerikada quldarlığı Rusiyanın maraqları, çar İkinci Aleksandr ləğv edib və Avraam Linkolnun heç bir xidməti yoxdur?

3-cü nümunə: Avstriya-Prussiya müharibəsi və Rusiya

Daha bir misal: Otto Fon Bismark Avstriya ilə Rusiyanın Balkanlardakı rəqabətindən istifadə edərək Avstriya ilə müharibədən qalib çıxdı və Avstriyanın nəzarətində olan torpaqları Prussiyaya birləşdirərərək “Şimali Alman İttifaqı”nı yaratdı. Bu Bismarkın Rusiyanın maraqlarına xidməti, Rusiyanın Avstriyanı cəzalandırması, yoxsa Almaniya tarixinin qızıl səhifəsi idi?

4-cü nümunə: Fransa-Prussiya müharibəsi və Rusiya

Dahi Bismarkdan bir misal. Dəmir kansler Fransa ilə müharibə zamanı Rusiyanı neytrallaşdıra bildi və qələbədən dərhal sonra Rusiyanın Qara dənizdə donanma saxlamasına qoyulmuş qadağanın aradan qaldırılmasına dair sənədi başqa Avropa ölkələri ilə birlikdə imzaladı. Bu Bismarkın 1871-ci il Fransa-Prussiya müharibəsində Rusiyanın neytral qalmasına görə təşəkkürü idi. Halbuki, Prussiyanın Avstriyaya və Fransaya qalib gəlməsi nəticəsində güclənməsi Rusiyanın geosiyasi maraqlarına o qədər də uyğun deyildi. Amma, Bismarkın hücum üçün seçdiyi şərtlər və zaman kontekstində, onun Rusiyaya münasibətdə apardığı əməkdaşlıq siyasəti nəticəsində neytral qalırdı. Yoxsa, bəlkə deyəsiniz ki, Bismark Rusiyaya xidmət edirmiş? Qətiyyən bu fikrə düşməyin. Növbəti tarixi fakt bu iddianızı alt-üst edəcək. Rusiyaya Qara dənizdə donanma saxlanmasına icazə verildiyi 1871-ci ildən 4 il sonra, 1875-ci ildə Prussiya Berlin traktatını imzalamış və nəticədə Rusiyaya aid olan bir çox ərazilər Osmanlının nəzarətinə keçmiş, bu hadisə Rusiyanı qəzəbləndirmişdi.

5-cü nümunə: İstiqlal savaşı və Atatürk-Lenin münasibətləri

Dahi Atatürk Qərblə müstəqillik uğrunda savaşında Leninlə müttəfiqliyə getmək zorunda qalmış və rasional-praqmatik siyasi qərarlar qəbul etmiş, nəticədə müasir Türkiyənin təməlini qoymuşdu. Lenin Atatürkə müxtəlif yardımlar da göstərmişdi. Bu, Atatürkün İstiqlal savaşını Leninin və bolşevizmin Qərbə təzyiqinin nəticəsinə çevirir, Atatürkün lider olaraq rolunu azaldırmı? Əlbəttə, yox!!!

6-cı nümunə: İkinci Dünya müharibəsi və Çörçil-Ruzvelt-Stalin müttəfiqliyi

İkinci Dünya müharibəsi zamanı kommunistlərin ağlına gəlməzdi ki, kommunist Stalini burjuaziyanın təmsilçiləri olan Çörçil və Ruzveltlə əməkdaşlıqda, Avropalı və amerikalılar isə Çörçili və Ruzvelti Stalinlə müttəfiqlikdə ittiham edərək qələbəni başqasının adına yazsınlar. Konkret bir hadisə ətrafında hər ölkənin öz marağı ola və aktiv tərəf neytral tərəfin neytrallığından yararlana bilər.Vəssalam!
Tarix belə misallarla doludur, hamısı sadalanmaz və ehtiyac da yoxdur. Bütün dünyanın xəbərdar olduğu bu 5 tarixi hadisə də kifayətdir.

Paralellər

Yeri gəlmişkən, siyasi xarakterlər və tərz olaraq O.Bismarkla İ.Əliyev arasında çox saylı paralellər tapmaq mümkündür. Məsələn, ümumiləşdirsək hər iki liderin davranışında hərbdə qətiyyətlilik, diplomatiyada çeviklik, manevrlik əlamətləri aparıcı faktorlardır. Hərbi qələbədən eyforiyaya qapılmayıb zamanında dayanmaq, danışıqlara getmək, lazım gəldikdə yenidən qətiyyətli zərbə endirmək, yenidən danışıqlarda beynəlxalq hüquqa uyğun konstruktiv mövqe tutmaq, qlobal sülhə və ticarətə töhfə verən təşəbbüslərlə çıxış etməklə dünyanın rəğbətini qazanmaq. (Bu barədə daha geniş və daha əsaslandırılmış şəkildə növbəti yazıda)

Sadəcə, Azərbaycan təqribən 30 il ərazində həm Rusiya, həm İran, həm də Qərblə siyasətini doğru, rasional qura bildi, Türkiyə ilə “bir millət iki dövlət” konsepsiyasını addım-addım inkişaf etdirdi və “hücum saatı”nı gözlədi. 2023-cü ildə isə 30 il ərzində aparılan siyasətin ZƏFƏR nöqtəsini qoydu.

İbrahim Məmmədov
Tarix üzrə fəlsəfə doktoru, əməkdar jurnalist

musavat.com