Paşinyan Armen Qriqoryanı Qərbin maraqlarına görə işdən çıxardığına dair iddialara cavab verib
26.11.2026

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin keçmiş Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanı Avropa İttifaqına üzvlük prosesi ilə bağlı mövqeyinə görə tənqid edib.

Paşinyan bu barədə brifinqdə jurnalistlərin suallarını cavablandırarkən danışıb.

Baş nazir bildirib ki, Armen Qriqoryan  Aİ-yə üzvlük prosesinin tələsik aparıldığını düşünürdüsə, müvafiq qanun layihəsi qəbul edilən zaman vəzifəsindən istefa verməli idi.

“Əgər  Armen Qriqoryanın belə prinsipial mövqeyi var idisə, o, Aİ-yə üzvlüklə bağlı qanun layihəsi qəbul edildikdən sonra istefa verməli və bununla da öz etirazını bildirməli idi”, - Paşinyan deyib.

O, həmçinin Qriqoryanın vəzifədən ayrılmasından sonra ona başqa iş təklif etdiyini, lakin onun bu təklifi qəbul etmədiyini xatırladıb.

Qeyd edək ki, Armen Qriqoryan noyabrın 11-də dərc olunan məqaləsində Ermənistanın  Aİ-yə üzvlük perspektivini real hesab etmədiyini bildirib. O, Avropa inteqrasiyası istiqamətində atılan addımların ölkənin Rusiyadan asılılığını azaltmaq əvəzinə, daha da dərinləşdirə biləcəyi barədə xəbərdarlıq edib. Bundan başqa, “Hraparak” qəzetinin məlumatına görə, Ermənistan Təhlükəsizlik Şurasının sabiq katibi  Armen Qriqoryan hesab edir ki, Paşinyan Qərbin maraqlarına görə onu işdən çıxarıb.

visiontv.az