Mədəniyyətin olub-olmadığının əsas göstəricisi iqtisadiyyatdır
26.11.2026

Mədəniyyət təbiətdən ayrılmış insanın təbiətdən asılılığını aradan qaldırmaq üçün yaratdığı hər şeydir. Yəni mədəniyyət alternativ təbiətdir.

İqtisadiyyatı olmayan xalqın, ölkənin mədəniyyəti də yoxdur. Hər nə qədər folkloru, mənəvi-estetik irsi zəngin olsa da. Çünki mədəniyyət maddi və mənəvi olmaqla insanın yaratdığı hər şeyin cəmi olsa da, bu cəm öz daxilində iki əks cəbhəyə ayrılır. Maddi olan mənəvi olanı, mənəvi olan maddi olanı rədd edir. Hətta əsrlər boyunca mənəvi olan maddi olanı şeytan əməli kimi xarakterizə edib.

Mədəniyyətin təməli dildir. Dilin inkişafı birbaşa iqtisadiyyatdan asılıdır. Hətta 5000 il əvvələ aid ilk yazılı gil lövhələr də iqtisadi məzmunli idi və iqtisadiyyatı inkişaf etmiş şumer şəhər-dövlətlərində yaranmışdı.

Nədən peyğəmbərlər yalnız səhra xalqlarına göndərilib sualının cavabı da iqtisadi səbəblərlə bağlıdır. Səhra maddi yaradıcılıq üçün qıt coğrafiyadır. İstehsal üçün xammal yoxdur. Orada yaşayan insanlar ya köçməlidir, ya da maddi qıtlığın verdiyi əzab-əziyyəti mənəvi xoşbəxtlik bəxş edən utopik bir yaradıcılıqla basqılamalıdır. Peyğəmbərlər səhrada bu missiyanı icra edirdilər.

Bizim ən böyük qüsurumuz mədəniyyət dedikdə ağlımıza şeir, roman, opera, teatr, rəsm əsəri və s. mənəvi-estetik yaradıcılıq növlərini gətirməyimizdir. Halbuki mədəniyyətin gücü Mədəniyyət nazirliyində deyil, İqtisadiyyat nazirliyində görülən tədbirlərdən asılıdır. İqtisadiyyat qrip olanda mədəniyyəti artıq süni nəfəs aparatına qoşurlar.

Peyğəmbər nəslindən gəldiyini iddia edənlərin daha çox kənd mühitində peyda olmasının səbəbi də kəndin iqtisadi baxımdan zəif olmasıdır. Kasıb mühitlərdə mənəviyyat çarədir. Kasıb mərd deyil, sadəcə, mənəvi-psixoloji cəhətdən bərkdir, sərtdir. Sağ qalmaq üçün onun mənəvi bərklikdən başqa çarəsi yoxdur. Mərd sözü bu psixoloji-mənəvi bərkliyin məcazıdır.

Mənəviyyatın çarə olduğu hər yerdə mədəniyyət yoxdur. Mənəviyyat çarədirsə, o yaşamaq üçün deyil, ölməmək üçündür.

Aqşin Yenisey

visiontv.az