“Siyasi partiyalar haqqında” yeni qanunun tələbinə əsasən ölkədə mövcud olan siyasi partiyaların təkrar qeydiyyata alınması prosesində gəlişmə hiss olunur.
Son iki gündə Ədliyyə Nazirliyi bir sıra partiyaları (Ağ Partiya, Vətəndaş Həmrəyliyi Partiyası, Ümid Partiyası, Milli İstiqlal Partiyası, Haqq və Ədalət Partiyası və s.) qeydiyyata alıb.
Yəqin ki, qarşıdakı günlərdə Sərdar Cəlaloğlunun, Qüdrət Həsənquliyevin, Fazil Mustafanın, Əli Kərimlinin, İlqar Məmmədovun, Pənah Hüseynin, Arif Hacılının və digərlərinin rəhbərlik etdiyi partiyalar da təkrar qeydiyyata alınacaq.
Bunu partiyaların "yenidən doğuluşu" kimi qiymətləndirənlər də var. Bəs bu doğuluşdan (təkrar qeydiyyatdan) sonra sözügedən partiyaların fəaliyyətində hansısa köklü dəyişikliklər, yeniliklər baş verəcəkmi?
Bu suala birmənalı və konkret cavab vermək də olar, verməmək də olar.
Böyük ehtimalla, elə də ciddi dəyişikliklər müşahidə olunmayacaq. Əksər partiyalar elə təkrar qeydiyyatdan öncəki dönəmdə olduğu kimi yenə də qaldıqları yerdən yollarına davam edəcəklər.
Siyasi mühitimizdə yenilənmənin baş verməsi üçün əslində bu partiyaların hamısını birləşdirib, böyük və vahid bir partiya yaratmaq olardı. Bununla da yeni partiyada həm ciddi daxili siyasi rəqabət mühiti yaranardı. Həm də ölkədə ikipartiyalı sistem üçün real zəmin formalaşardı. YAP ilə yeni partiya arasında rəqabətli siyasi münasibətlər oturuşardı.
Çünki son 30 ilin təcrübəsi göstərdi ki, çoxpartiyalılıq əksər postsovet ölkələri kimi Azərbaycan üçün də əlverişli, effektiv deyil. Bunun səbəbləri barədə isə saatlarla müzakirələr aparmaq mümkündür.
Bəybala Mirzəyev
Visiontv.az