Olimpiya komitəsi trans-qadınların qadın yarışlarında iştirakını yasaqlayır
31.03.2026

Beynəlxalq Olimpiya Komitəsi (BOK) qadın yarışlarında iştirak edən idmançılar üçün yeni qaydalar dərc edib. 2028-ci il Los-Anceles Olimpiadasında qüvvəyə minəcək qaydalara görə, yalnız bioloji cinsi qadın olanlar qadın yarışlarına qatıla biləcəklər.

İdmançılar həyatları boyu bircə dəfə genetik testdən keçəcəklər.

Bu qaydalardan belə çıxır ki, transgender qadınlar qadın yarışlarında iştirak edə bilməyəcəklər.

BOK prezidenti Kirsti Koventri bu addımın elmə və ekspert dəlillərinə əsaslandığını deyib. Onun sözlərinə görə, bioloji kişilərin qadınlarla yanaşı yarışmasına icazə verilməsi ədalətsizlik olardı. Məhdudiyyət BOK-un himayəsi ilə keçirilən bütün yarışlara aiddir.

BOK bu qaydaların 2024-cü ilin sentyabrından 2026-cı ilin martınadək apardığı araşdırmanın nəticəsi olduğunu bildirir. 2025-ci ilin sentyabrında qurum işçi qrup yaradıb, 2021-ci ildən bəri elmi, tibbi və hüquqi məsələləri nəzərdən keçirib.

Son illər transgender idmançıların qadın yarışlarında iştirakı böyük mübahisələrə yol açıb. Bunun həm lehinə, həm də əleyhinə fikirlər səslənib.

ABŞ prezidenti Donald Tramp ikinci müddət prezidentliyə başlayanda ilk sərəncamlarından biri transgender qadınların qadın yarışlarında iştirakına icazə verən təşkilatlara federal maliyyələşməni kəsmək olub.

visiontv.az