Müharibə pulları ilə dəbdəbəli villalar
15.06.2026

Müharibə dövründə Ukraynanı sarsıdan böyük korrupsiya qalmaqalının iki əsas şübhəlisi öz maraqlarını və maliyyə axınlarını qorumaq üçün nüfuzlu bir deputatın imkanlarından yararlanmağı müzakirə edib. AzadlıqRadiosunun Ukrayna xidmətinin "Sxemlər" araşdırma layihəsi bu barədə aparılan telefon danışıqlarının səs yazılarını əldə edib.

Energetika sektorunu bürüyən bu qalmaqalın izləri prezident Volodimir Zelenskiyə yaxın çevrələrə qədər uzanır. "Midas əməliyyatı" kimi tanınan istintaq çərçivəsində Zelenskinin aparat rəhbəri olmuş Andriy Yermak həbs edilib və hazırda girov müqabilində azadlıqdadır. Prezidentin köhnə dostu və biznes tərəfdaşı Timur Mindiç isə ölkədən qaçıb.

"Mindiçqeyt" adı ilə də tanınan bu qalmaqal dövlətə məxsus "Enerqoatom" şirkətindən 112 milyon dolların mənimsənilməsi iddialarına əsaslanır. Podratçılardan yığılan rüşvətlər ("otkatlar") hesabına formalaşan bu vəsaitin bir hissəsi, əslində, Rusiyanın hava hücumlarından qorunmaq üçün enerji infrastrukturunun müdafiəsinə yönəldilməli idi. İddialara görə, siyasi elitanın tanınmış nümayəndələri Kiyev yaxınlığında tikilən dəbdəbəli villa layihələri vasitəsilə bu çirkli pulların 10 milyon dollardan çoxunu leqallaşdırıblar.

Sözügedən telefon danışıqlarından hazırda məhkəmədə sübut kimi istifadə olunur. İstintaqı Ukraynanın Milli Antikorrupsiya Bürosu (NABU) və İxtisaslaşmış Antikorrupsiya Prokurorluğu (SAPO) aparır. Bu araşdırmalar ötən ilin iyulunadək energetika naziri olmuş, daha sonra isə ədliyyə naziri vəzifəsinə keçmiş Qerman Qaluşşenkonun işdən uzaqlaşdırılması ilə nəticələnib. O, 2026-cı ilin fevralında Ukraynanı tərk etməyə çalışarkən sərhəddə saxlanılıb.

İqor Mironyuk Kiyevdə məhkəmə iclasında

İqor Mironyuk Kiyevdə məhkəmə iclasında

Qaluşşenko və onun müşaviri

Müstəntiqlər Qaluşşenkonun energetika naziri olduğu dövrdə mənimsəmə sxeminin mərkəzində dayandığını bildirirlər. Rüşvət yığımını isə onun həmin vaxt müşaviri işləmiş vəkil İqor Mironyukun idarə etdiyi qeyd olunur. Nağd pullar müntəzəm olaraq şübhəlilərin Kiyevdəki "gizli ofislər" şəbəkəsinə çatdırılırmış.

"Sxemlər" layihəsinin əldə etdiyi və iki müstəqil mənbənin təsdiqlədiyi stenoqramlarda Mironyuk və digər şübhəli – "Enerqoatom"un təhlükəsizlik direktorunun keçmiş müavini Dmitro Basov deputat Oleksiy Kuçerenkonun adını çəkirlər.

Müxalif "Batkivşina" partiyasından deputat olan Kuçerenko Ali Radanın Energetika komitəsinin birinci sədr müavinidir. O, 2024-2025-ci illərdə energetika sektorundakı korrupsiya iddialarını araşdırmaq üçün parlamentdə yaradılmış müvəqqəti istintaq komissiyasına rəhbərlik edib.

Oleksiy Kuçerenko

Oleksiy Kuçerenko

İstintaqçıların 2025-ci il iyulun 9-da qeydə aldığı söhbətdə Mironyuk və Basov sxem üçün təhlükə yaradan problemi həll etmək məqsədilə Kuçerenkonun köməyindən yararlanmağı götür-qoy edirlər. Sözügedən problem hökumətin 2025-ci ilin iyununda "Enerqoatom"a müharibə dövründə podratçılara ödənişləri gecikdirmək hüququ verən moratoriumu ləğv etməsi ilə bağlı idi.

İstintaqın versiyasına görə, şübhəlilər məhz bu qaydadan yararlanaraq podratçılardan ödənişlərin icrası qarşılığında "otkatlar" tələb ediblər. "Sxemlər"in əldə etdiyi stenoqramların birində Mironyukun "indi Kuçerenko ilə danışacağam" dediyi eşidilir. Burada məqsəd müvəqqəti istintaq komissiyasının hökumətin qərarını ləğv etməsinə və moratoriumun bərpasına nail olmaq olub. Basov da bu planı dəstəklədiyini bildirib.

Anna Skoroxod və Sergiy Naqornyak

Anna Skoroxod və Sergiy Naqornyak

Paralel araşdırmalar

Antikorrupsiya prokuroru məhkəmədə bildirib ki, Basov və Mironyuk eyni məqsədlə komissiyanın digər iki üzvünə – "Gələcək Uğrunda" partiyasından Anna Skoroxoda və Zelenskinin "Xalqın Xidmətçisi" partiyasından Sergiy Naqornyaka müraciət etməyi də nəzərdən keçiriblər. Hər iki deputat BBC-yə onlarla heç kimin əlaqə saxlamadığını deyib.

Kuçerenko "Sxemlər" layihəsinə ittihamları rədd edib. O qeyd edib ki, nə Mironyuk, nə də Basov onunla əlaqə saxlamayıb. Həmçinin "Enerqoatom" podratçılarına ödəniş moratoriumunun qoyulması məsələsi komissiyanın gündəliyində olmayıb. Deputat Basovu tanımadığını, Mironyuku isə Qaluşşenkonun nazirliyi dövründəki bir neçə işgüzar görüşdən xatırladığını bildirib.

Hazırda istintaq təcridxanasında saxlanılan Mironyuk və Basov vəkilləri vasitəsilə ünvanlanan sualları cavabsız qoyublar. Bununla belə, hər ikisi "Midas işi" üzrə irəli sürülən ittihamları rədd edir.

Kuçerenkonun rəhbərlik etdiyi komissiya 2025-ci il oktyabrın 30-da 320 səhifəlik hesabat təqdim edib. Həmin sənəddə "Enerqoatom"la bağlı heç bir korrupsiya iddiası yer almayıb. Bundan qısa müddət sonra NABU genişmiqyaslı reydlər keçirərək on milyonlarla dollarlıq korrupsiya sxeminin ifşa edildiyini açıqlayıb.

Kuçerenko NABU-nun "Midas işi" üzrə paralel olaraq apardığı istintaqı açıq şəkildə tənqid edib. Deputat bu araşdırmanın siyasi motiv daşıdığını və "ölkə rəhbərliyinə təzyiq göstərmək" məqsədi güddüyünü iddia edib.

Timur Mindiç və Oleksandr Tsukerman

Timur Mindiç və Oleksandr Tsukerman

Daşınmaz əmlak sövdələşməsi

"Sxemlər" layihəsi Kuçerenko ilə "Midas işi"nin əsas fiqurlarından biri – hazırda Ukraynanı tərk etmiş biznesmen və Timur Mindiçin tərəfdaşı Oleksandr Tsukerman arasında əlaqə aşkar edib. Notariat bazalarından əldə edilən müqavilə təsdiq edir ki, Kuçerenko 2016-cı ildə Kiyevin mərkəzində yerləşən 374 kvadratmetrlik mənzilini Tsukermanın həyat yoldaşı Olena Tsukermana satıb.

Daşınmaz əmlak ekspertləri "Sxemlər"ə bildiriblər ki, mənzil bazar qiymətindən iki dəfə ucuz satılıb. Sözügedən binada Tsukerman ailəsinə məxsus tibb klinikası da fəaliyyət göstərir. NABU-nun iddiasına görə, bu klinika "Midas işi" üzrə podratçılardan alınan nağd vəsaitlərin təhvil verildiyi əsas məkanlardan biri olub. Hazırda bu məqsədlə istifadə edildiyi iddia olunan mənzillər və ofislər istintaq çərçivəsində möhürlənib.

Kuçerenko "Sxemlər"ə O.Tsukermanı tanımadığını, onunla mənzilin satışı zamanı vasitəçilər üzərindən cəmi bir neçə dəfə danışdığını deyib. Mənzilin qiyməti ilə bağlı suala cavabında özünü "pis satıcı" adlandırıb. Sonradan göndərdiyi yazılı açıqlamada isə qiyməti keçmiş həyat yoldaşının təyin etdiyini bildirib.

"Sxemlər" Kuçerenkodan deputat və keçmiş istintaq komissiyasının sədri statusu ilə "Midas işi" üzrə bəzi şübhəlilərlə tanışlığı arasında maraq toqquşması görüb-görmədiyini soruşub. O, jurnalistlərin ünvanına təhqiramiz ifadələr işlədərək videomüsahibəni birtərəfli qaydada dayandırıb. Sonradan yazılı cavabında isə hər hansı bir maraq toqquşması görmədiyini bildirib.

visiontv.az