Müharibə cinayəti: Gəncə!
Müharibə cinayəti: Gəncə!
11.10.2021 Jalə Mütəllimova Tərəfindən

Ermənistanın beş hücuma məruz qoyduğu tarixi şəhər…

Azərbaycanda tarixən də, müstəqiliyin otuz ilində də xarici güclərin törətmək istədiyi siyasi dəyişikliklərin qorxu maşını üç böyük şəhərdən start götürüb, Bakı, Sumqayıt, Gəncə…

…Bakıda iyirmi yanvar qırğını…
…Sumqayıtda təşkil “erməni qətilləri”…
…Gəncədə radikal dindar qiyamı…

Bu ən son tarixin ən yaddaqalan üç epizodu da bu fikri təsdiqləyər yəqin ki. Hələ də qaranlıqları araşdırılmaqdadır. Bu mənada 44 günlük ikinci VƏTƏN SAVAŞINDA da bəzi gözləntilər var idi. Yəqin elə bu üzdən hələ ötən ilin 27 sentyabrı gəlməmiş, dövlət qurumlarının Azərbaycanda terror xəbərdarlıqları rəsmi şəkildə açıqlanırdı. Ancaq kimsə gözləmirdi ki, bu terror dediyimiz elə böyük masştabda planlanıb ki,  terror olmaqla yanaşı, həm də MÜHARİBƏ CİNAYƏTİDİR! Özü də nəinki Azərbaycan, hətta dünya hərb tarixinə düşəcək bir müharibə cinayəti…

Birinci hücum

Oкtyabrın 4-ü 2020-ci il  OTR-21 TOÇKA ballistiк raкetindən Gəncəyə ilk hava hücumu. şəhəri birinci dəfə vuruldu.  Ermənistanın məsuliyyət daşıdığı halda daşnaq dövləti, ittihamları rədd etdi.  Hücum məsuliyyətini rəsmi olaraq Qondarma Dağlıq Qarabağ Respublikası rəsmiləri öz üzərinə götürdü. Onlar hədəfin mülкi insanlar yox, şəhərdə olan hərbi təyinatlı binalar, habelə Gəncə Beynəlxalq Aeroportu olduğu bildirdilər. Halbuki Gəncədə hərbi təyinatlı binaların olduğuna dair rəsmi məlumat yoxdur.   Covid-19-səbəbindən, hava limanı tam fəaliyyətsiz idi. Bunu Ruiya mediası da təsdiqlədi.

Hücum nəticəsində bir nəfər mülki şəxs şəhid oldu, otuz nəfər  yaralandı.

İkinci hücum

Oкtyabrın beşində Gəncəyə, Azərbaycanın ikinci başkəndinə, növbəti raket hücumu reallaşdı.  Ermənistan ərazisindən atılan raket Gəncənin "Grand Qafqaz" Ticarət Kompleksinə düşdü, üç mülki şəxs müxtəlif dərəcəli xəsarətlər alıb.

Üçüncü hücum

Oкtyabrın səkkizində Gəncəyə  növbəti  hücum oldu. Bu gecə terrorunda ölən və yaralananlar olmasa da, evlərə,  nəqliyyat vasitələrinə ciddi ziyan dəydi.

Dördüncü hücum

On bir oktyabrda razılaşdırılmış  atəşkəsə rəğmən düşmən vəhşilik ənənəsinə sadiqi di.

Erməni Silahlı Qüvvələri bu dəfə  Gəncəni SKAD ballistik raketlərindən atəşə tutdu.

Raket mülki vətəndaşların yaşadığı əraziyə düşərək qırx dör günlük müharibənin növbəti faciəsini yaşatdı Azərbaycana. İnsanlar yaşayan nəhəng binanın partladılması nəticəsində ölən və xəsarət alanlar var idi. Qısa müddətdə axtarış-xilasetmə işləri həyata keçirildi. Erməni terroru nəticəsində otuz bir mənzil tamamilə dağıdılıb. Hadisə yerində və onun yaxınlığındakı obyektlərə və avtomobillərə küllü miqdarda zərər dəyib. Ümumilikdə 205 nəfərin yaşadığı 95 mənzil yaşamaq üçün yararsız vəziyyətə gətirilmişdi.  On nəfər şəhid oldu, qırx nəfər ağır bədən xəsarəti aldı dördüncü Gəncə terrorunda.  Həlak olan mülki şəxslər arasında qadınlar və uşaqlar da var idi.

Beşinci hücum

Oktyabrın on yeddisində erməni silahlı qüvvələri Gəncədə növbəti raket hücumu terroru reallaşdırdılar. Bu dəfə də “SKAT”  ballistik raketləri ilə atış edildi.  Şəhərdə üç güclü partlayış baş verdi. Rusiyann “RİA Novosti” agentliyinin məlumatına görə  ballistik raketlər əhalinin sıx yaşadığı əraziyə düşüb.  Bu terrorda da xeyli sayda müxtəlif yaşayış evləri və digər tikililər ziyan çəkdi.  "Dojd" kanalının müxbiri Vasili Polonski raketlərin düşdüyü yerlərin yaxınlığında heç bir hərbi, o cümlədən hər hansısa vacib obyektlərin olmadığını bildirdi. Deməli hədəf düşünülmüş şəkildə mülki adamlar idi. Bu xalq arasında xof yaratmaq cəhdindən başqa bir şey deyildi.

Beşince terror nəticəsində  iyirmi ev tamamən dağıdılıb. Xeyli sayda mülki şəxs dağıntılar altında qalıb.  Ermənistanın büyün inkarlarına rəğmən məhz onun törətdiyi bu terror aktlarının sonuncusu nəticəsində onbeş nəfər şəhid oldu, əlli beş nəfər  yaralandı.

***
Qırx dörd gündə, Bakı, Sumqayıt, Tərtər, Bərdə, Zərdab, Mingəçevir də daxil demək olar ki, ölkənin dinc sakinləri yaşayan bütün bölgələri raket hücumuna məruz qaldı.  Bu arada mülki əhainin yaşadığı şəhərlərə Ermənistanın hava hücumuna məruz qalmasını   BMT, Avropa İttifaqı və Türkiyədə pislədi. İlk ikisi ancaq pislədi. Söyləmədi ki, bu azərbaycanlılara qarşı deyil, dünyana, bəşəriyyətə, insanlığa qarşı CİNAYƏTDİR, MÜHARİBƏ CİNAYƏTİ!  Dillənmədilər ki, bir araşdırıcı qrup yaradaq, sizə yardımçı olaq.  Çünki bu gəlirli şantaj işi deyil.  Onların təbirincə desək sərfəli  “insan haqlarının pozulması” , “siyasi məhbus” məsələsi deyil.  Heç “qadın məsələsini siyasi edən” hadisə də deyil.  Bu Azərbaycanın güclü, tam, bütöv olmasını əngəlləmək. Xalqı dövlətin arxasından geri çəkmək üçün müasir dildə, silahlarla barmaq silkələmək cəhdi idi ki, bu məsələdə xalqın ən aşağıda olan sıravisinin də güzəşt etmək niyyətində, zehniyyətində deyil. Hətta bir ailədə atanın oğula, ananın qıza edəcəyi güzəşt də deyil QARABAĞ. QARABAĞ hamının, hər bir azərbaycanlının, hər bir türkün namus, şərəf və şəxsiyyət məsələsidir.

Bu günlərdə Prezident Admnistrasiyasının rəsmilərinin iştirakı və təşkilatçılığı ilə bir qrup QHT rəhbəri ilə Gəncədə olduq. Biri var dizüstə o xəbərləri öz evindən, ekran başından izləyib, şəkillərdən görəsən. Bir də var o hadisənin baş verdiyi yerdə olasan oranı  ziyarət edəsən.  Elə biləsən ki, hadisə indicə baş verib, sən də olayların tam oratsındasan. Orada qalan əşyalarla toxunasan baxasan, o dağıntıların arasında gəzinəsən. Bir duyğu var, elə asta addım atırsan, qorxursan bir şəhidin ruhu inciyər. Düyirsən bəlkə torpaq altında şəhid olanların hansınınsa əzası qalıb. Və bir də düşünürsən ki, sən baş veerənləri olay kimi yaşaya bilmirsən, atlada bilmirsən, amma kimsə bu faciəni düz evinin içində yaşayıb. Bu cinayəti dünyanın gözü qarşısında ermənilər və havadarları törədib Azərbaycan qarşı.

Yeri gəlmişkən, Gəncə olayları ilə bağlı QHT rəhbərli adından dünyanın bir sıra böyük və insan haqları ilə məşğul olan qurumlarına müraciət göndərilməsi qərara alındı. Eyni zamanda bu müraciəti Azərbaycanda insan haqlarının müdafiəsi, qadın, uşaq hüquqları ilə bağlı fəaliyyət göstərən QHT-lər fərdi şəkildə də beynəlxalq qurumlara ünvanlayacaq. Beləcə Azərbaycanda media sektorunun ardıyca,dövlət həm də QHT sektorunda təmizlik, yenilik işlərinə start vermiş təsiri bağışlayır.

Gəncədə törədilən terrora, müharibə cinayətlərinə gəlincə, məsələyə münasibət bildirən PA yetkilisi Vüsal Quliyev, hələ qarşıda çox işlərin görüləcəyinə bildirdi. Dedi ki, bu məsələlərin ictimailəşməsi, ölkənin informasiya savaşı işinə faydalar vermək üçün dövlət gərəkən bütün addımları atmağa davam edir. QHT sektorunun bu məsələdə işinin gücləndirilməsində bir məqsəd də məhz budur.

MÜHARİBƏ CİNAYƏTİ

Öncə onu qeyd edim ki, Gəncə ermənilərin Azərbaycanda törətdiyi yeganə müharibə cinayəti deyil. Bu tarixən də olub. Və ən vacib məqamlardan biri. Qırx dörd günlük VƏTƏN müharibəsində  Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini, o cümlədən “Silahlı münaqişələr zamanı mülki şəxslərin müdafiəsinə dair” 1949-cü il tarixli Cenevrə Konvensiyasının tələblərini kobud şəkildə pozub. Dinc əhaliyə qarşı cinayət-terror törədib. Bir neçə tarixi faktı xatırlamaqda fayda olar yəqin...

-1918-ci ilin martında , Novruz bayramı günlərində  azərbaycanlılara qarşı törədilən qətliam;
-1920-ci ildə erməni terrorçular, Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları,  Fətəli Xan Xoyski və Həsən bəy Ağayevi qətlə yetirib;
- ASALA başda olmaqla,  ermənilərin, JCAG, NAR kimi  ekstremist qrupları  indi erməniləri himayə edə  Fransa da daxil, İsveçrə,

İtaliya, ABŞ, Livan, Türkiyə, İran və Böyük Britaniyada türk rəsmilərinə qarşı hücumlar təşkil edib, 30-dan artıq türk diplomatını qətlə yetirib.

-1980-ci illərdə Ermənistanın Azərbaycanın Qarabağ bölgəsinə qarşı qanunsuz və əsassız ərazi iddialarının ortaya çıxardı və ölkə ərazisinin iyirmi faizi otuz ilə yaxın işğal altında saxlanıldı.

-1980-ci illərin ikinci yarısı erməni terrorçuları Azərbaycanın dinc insanlar yaşayan ərazilərində  sərnişin avtobuslarının və metro qatarlarının partlayışları ilə müşahidə olunan terror aktları reallaşdırdılar. 1980-ci illərin sonu - 1990-cı illərin əvvəllərində törədilən bu terror aktları zamanı 2000-dən çox dinc sakin həyatını itirib.

Buna qədərsə 1905-ci il cinayətləri var idi. Üstəlik ermənilərin eyni ilədə Bakı Quberniyası və İstanbulda törətdikləri cinayətlər də qanlı tarixi hadisələrdən sayılır.

Azərbaycan tarixinin ən böyük faciələrindən biri də Zəngəzurun parçalanması dönəminə təsadüf edir. Əhalinin böyük hissəsinin Qarabağ və Naxçıvana dağıdılmasından sonra, nəticə yetərli olmadığı üçün iyirmidən çox  kəndi rəsmi dövlət xəritəsindən siliblər erməni terrorçuları və Rusiya İmperiyasının silahlılar. Bu kimi faktlar sonsuzdur. Yəni bütün tarixi dönəmlərdə hədəf bir olub Qafqazlarda Azərbaycan adlı dövləti tamamilə məhv etmək. Yer üzündən silmək. İndi bir mətləbə toxunacağam. O mətləbə ki, hərdən hamımız bir məmur özbaşınalığı görəndə dilə gətiririk, Allah səbrimizi, dözümümüzü, abrımızı kəssin. Bütün tarixi olaylar göstərir ki, milləti, xalqı və dövləti bu üç amil xilas edib. Dözüm, inam, abır və səbir. Bu bəlkə də Cənubi Qafqazın ANASININ Azərbaycanın genetik kodudur. Tarix min illərdir məhz bu göstəricilərlə yazır. İnamı, əzmi, dözümü, səbri qırılmır MİLLƏTİN. Niyəsə sadəcə belə demək gəldi içimdən, tanrı səbrini, abrını, dözüm və əzmini heç əksiltməsin MİLLƏT. Dövlət başçısının da etiraf etdiyi kimi, XALQIN dəstəyi olmasaydı bu savaş nə baş verməzdi, nə də bu böyük qələbə olmazdı. İndi qalır o ki, ölkədə əl-ələ verib yeni üslubda bir dövlət qura bilsin insanlar. Haqq-ədalət itməsin, haqqı olan haqsız duruma düşməsin, hər kəs dayandığı yeri haqq eləmiş olsun və bu dövlətin mövcudiyyətinə zərrəcə xələl gətirən varlıqlar, məxluqlar ən ağır şəkildə cəzalandırılsın. Çünki indən belə dözüm, əzm və səbir təkcə milli genetik kod olmamalı, həm də dövlət siyasətinin tərkib hissəsinə çevrilməlidir. Yoxsa bizi nə dövlət, nə tarix, nə xalq bağışlayar.

Beləcə, şəhidlərinə rəhmət, qalanlarına can sağlığı AZƏRBAYCAN!
Başın sağ olsun!

Jalə Mütəllimova

Visiontv.az