Millət vəkillərinin Azərbaycana qarşı əsassız ittihamları bitmək bilmir
21.10.2026

İran parlamentinin üzvü Əlirza Novin Azərbaycanın məktəbli geyimi qaydalarını tənqid edərək, hicablı şagirdlərin təhsil hüququnun məhdudlaşdırıldığını iddia edib.

O, bu məsələni dini simvolların aradan qaldırılması cəhdi kimi qələmə verib və digər müsəlman ölkələrini Azərbaycana qarşı mövqe bildirməyə çağırıb.

Novin iddia edib ki, əhalisinin əksəriyyətinin müsəlman olduğu Azərbaycanda hicablı şagirdlərin təhsil almasına maneə yaradılması qəbuledilməzdir. O, habelə, ölkədə media məzmunu və ictimai tədbirlər vasitəsilə İslam qaydalarına uyğun olmayan geyimlərin təşviq olunduğunu irəli sürüb.

Boşboğaz millət vəkili daha sonra Azərbaycan Prezidenti İlham Əliyevin İsraillə münasibətlərini tənqid edib, Bakını Qəzza və İranla bağlı hadisələrə münasibətinə görə ittiham edib. Novin Türkiyənin də Azərbaycanın İsraillə əlaqələrinə reaksiya verəcəyini iddia edib və Bakının siyasətinin regionda mənfi nəticələr doğura biləcəyini söyləyib.

İranda qadınların məcburi hicaba qarşı etirazları və bu etirazların ağır nəticələri olduğu halda, Azərbaycan barədə dini azadlıq dərsi keçmək ikili standart sualını doğurur. Novinə elə gəlir ki, Bakıya hədə-qorxu gəlməklə siyasi güc nümayiş etdirir. Halbuki başqa ölkənin prezidentinə qarşı fikirlər səsləndirmək deputatlıq fəaliyyəti deyil, boşboğazlıqdır.

visiontv.az