Milad Balisini: İranda türkcə yazıb-oxuyanların sayı artdıqca, senzura siyasəti də daha sistemli hal alır
16.10.2024

Son vaxtlar İranın Mədəniyyət və İslami İrşad Nazirliyinin türkcə kitablara tətbiq etdiyi senzuraya qarşı etirazlar olduqca artıb. İranın Şərqi Azərbaycan vilayətindən Amerikanın Səsinə danışan araşdırmaçı və yazar Milad Balisini hesab edir ki, İranda türk dilində yazan və oxuyan insanların sayının artması ilə birlikdə türkcə əsərlərə qarşı senzura siyasəti də daha sistemli bir hal alır.

Urmiyədəki “Yaz” nəşriyyatının direktoru Bəhram Əsədi avqust ayında ötən iki il ərzində nəşriyyatın çapa hazırladığı kitablara tətbiq edilən senzura nümunələrini açıqlayıb. Əsədi məktubunda xüsusilə İbrahim Rəisi dönəmini türkcə kitab nəşrinin ən bərbad dönəmi kimi qiymətləndirib.

Milad Balisininin sözlərinə görə, “İranda türkcə kitabların senzurası ilə biz əvvəldən qarşı-qarşıyayıq. Ancaq, son zamanlarda basqı artdıqca və bu basqını yazarlar və naşirlər ortaya qoyduqca, biz bunu daha çox görməyə başladıq. Biz keçmişdən bəri baxsaq, bizim həm türkcə muxatəblərimiz (oxuyucu) artır, həm də yazarlarımız. Nə qədər ki, bizdə türkcə oxumağa və yazıb yaratmağa şövq və həvəs artır, o qədər də qarşı tərəfdə, hakimiyyət tərəfində bunun senzurası məsələ olur və senzuranı daha sistemli hala gətirməyə çalışırlar... türkcənin oxuyanları və yazarları artır. Türkcədə məzmun istehsalı artır. O əsasda sistemli senzura da getdikcə çoxalır.” 

Balisini basqılar artdıqca türkcə kitablara qarşı senzura nümunələrinin də daha çox ortaya qoyulduğunu deyir. Mədəni fəalın sözlərinə görə, senzura nümunələri türkcə kitablardakı kəlmələr, məfhumlar, tarix anlayışı, məzmun və diskurs daxil olmaqla bir çox kateqoriyaya şamil olur.

“Örnək vermək istəsək, türkcənin adından tutun başqa mövzulara qədər bunlar islah edilməsini istəyir. Məsələn uşaq kitabı üçün yazmışdı ki, dilin adını dəyişin, türkcə yazmayın, bu dilin adına Azərbaycan, azəri yazın. Bundan əlavə kəlmələrə ilişirlər. Deyirlər, bu Türkiyə türkcəsidir, bu Qafqaz türkcəsidir, bunu qaldırın, yerinə bunu, qoyun onu qoyun, və ya müstələh (ümumiləşdirilmiş) olan qarşılığından istifadə edin. İndi bu müstələh olan qarşılıq nədir, bunu da kimsə bilmir. Bu nümunələrdən bol-bol var,” Balisini bildirib.

Bəhram Əsədinin yayımladığı açıq məktuba əsasən, çapa hazırlanmış bəzi kitablar üçün mədəniyyət nazirliyinin müəyyənləşdiyi açıqlamaların əlavə edilməsi tələb olunub. O cümlədən, bir uşaq kitabı üçün göndərilən düzəliş bildirişində yazılıb ki, “bu kitabın uşaqlar üçün hazırlandığını nəzərdə tutaraq, tarixi və mədəni həqiqətlərin açıqlanması üçün önsöz qismində yazılmalıdır ki, türkcə Azərbaycanın doğma dili deyil. Azərbaycanın doğma dili İrani dillərdən olan azəri dilidir və türkcə təqribən son 4-5 əsrdə Azərbaycanın dominant dili olub.” Bir şeir toplusundan isə “Azərbaycan” adlı şeirin kitabdan çıxarılması istənilib.

Milad Balisinin dediklərinə görə, İranda türkcə kitablara senzura tətbiq edilməsinin bir məqsədi də müxtəlif bölgələrdə vahid türkcə yazı dilinin formalaşmasını önkəməkdir. “Məsələn Zəncanda və Zəncandan aşağıdakı bölgələrdən olan türklər ‘tükənmək’ kəlməsini işlədirlər. Ancaq, Zəncandan yuxarı, Təbrizdə, Urmiyədə, Ərdəbildə və o çevrələrdə bu kəlmə unudulub... Əgər məsələn Zəncanda və Həmədanda olan kəlmə yazılsa və gəlib Təbriz, Urmiyə və Ərdəbildə istifadə olunsa, unudulan kəlmələr yenidən gündəmə gələr və digər bölgələrdəki türklərin bir daha dilinə düşər. Bu da geniş bir çevrədə vahid bir türkcənin formalaşmasına yol açar. Amma, buna icazə vermirlər, Türkiyə və Azərbaycan Cümhuriyyətindəki dil qurumlarının yaratdığı kəlmələrdən istifadə etməsək belə. Halbuki, bizim Türkiyə və Azərbaycandakı kəlmələrdən də yararlanmamız gərəkir,” Milad Balisini əlavə edib.

visiontv.az