Məşhur futbolçu və arvadının əl-ayaqlarını bağlayıb evlərini soydular
21.07.2023

Fransanın PSJ klubunun qapıçısı Canluici Donnarumma faciəvi hadisə ilə üzləşib.

Visiontv.az xarici mətbuata istinadən xəbər verir ki, 24 yaşlı italiyalı qapıçı və həyat yoldaşı Alessia Elefante evləri qarət edilən zaman böyük dəhşət yaşayıb.

Belə ki, ötən gecə Canluici Donnarummanın evinə soxulan oğrular italyan qapıçı ilə həyat yoldaşını bağladıqdan sonra evi qarət ediblər.

Hadisə Parisin məşhur futbolçuların üstünlük verdiyi dəbdəbəli bölgələrindən birində baş tutub. Donnarumma və xanımını bağlayan soyğunçular gecə yarısı evə girərək evi döyüş meydanına çeviriblər. Hadisədən sonra qiymətli əşyaları götürən talançılar qaçaraq izlərini gizlətməyə çalışıblar.

Məlumata görə, böyük travma alan cütlük gecə saat 03:20 radələrində otelə sığınmağı bacarıb. Otel işçilərinin köməyi ilə Donnarumma və ailəsi xəstəxanaya aparılıb.

Cinayəti törədənlərin təxminən 500 min avro dəyərində quldurluq etdiyi güman olunur.

BAKU.WS