Makron Bakıdakı səfiri nə üçün geri çağırdı?-Fransa bu addımı atmaqla, necə deyərlər, qabaqdangəlmişlik etdi
Makron Bakıdakı səfiri nə üçün geri çağırdı?-Fransa bu addımı atmaqla, necə deyərlər, qabaqdangəlmişlik etdi
18.04.2024 Bəybala Mirzəyev Tərəfindən

Fransua Mitteranın və ya Jak Şirakın dövründəki Beşinci Respublikadan fərqli olaraq, hazırkı Makron Fransası özünü adekvat dövlət kimi yox, sözün əsl mənasında həyasız kimi aparır.

Rəsmi Parisin heç bir xüsusi səbəb olmadan və heç bir diplomatik qalmaqal baş vermədiyi halda Azərbaycandakı səfirini geri çağırması da belə bir fransız həyasızlığının əyani nümunəsidir.

Əlbəttə, Fransa tərəfi bu addımını əsaslandırmaq üçün hansısa xəyali bir səbəb uydurub. Ancaq həmin “səbəb” cəfəngiyyatdan, iftiradan başqa bir şey deyil.

Belə ki, Fransa Xarici İşlər Nazirliyinin (XİN) rəsmi saytı olan diplomatie.gouv.fr-da (France Diplomatie) dərc olunan məlumatda bildirilir: “Son aylarda Azərbaycan tərəfindən ölkələrimiz arasında münasibətlərə xələl gətirən birtərəfli hərəkətlərin davam etməsi ilə əlaqədar Fransa Azərbaycandakı səfirini məsləhətləşmələr üçün geri çağırmaq qərarına gəlib. Respublika Prezidenti (Emmanuel Makron) bu gün səfirimizi bununla bağlı qəbul edib. O, Azərbaycanın hərəkətlərindən təəssüfləndiyini bildirib və Azərbaycan tərəfinin niyyətlərinə aydınlıq gətirməsini istəyib”.

Bir 1 nəfər şəkili ola bilər

Mən bu gün fransız mediasına göz gəzdirdim, bütün fransız KİV-i Fransa XİN-in bu rəsmi cəfəngiyyatını dərc edərək öz oxucularını, izləyicilərini aldatmaq yolunu tutub. Çünki əsl həqiqətdə son vaxtlar ölkələrimiz arasında münasibətlərə xələl gətirən tərəf Azərbaycan yox, Fransanın özüdür. Ona görə də bizim tam haqqımız vardı ki, Parisdəki səfirimizi geri çağıraq. Lakin Fransa tərəfi bu addımı atmaqla, necə deyərlər, qabaqdangəlmişlik etdi. Makron “qara məni basınca, mən qaranı basım” prinsipi ilə hərəkət edir. Bu, Fransa tərəfinin bizə qarşı növbəti demarşıdır. Məqsəd Azərbaycana qarşı növbəti təxribatçı addımları atmaq və Cənubi Qafqaza soxulmaq üçün daha əlverişli zəmin hazırlamaqdır.

Görünən budur ki, Fransa artıq rasional ağılla deyil, uzaq hədəfləri olan məkrli planlarla hərəkət edir.

Ancaq Fransanın bu demarşı cavabsız qalmayacaq. Və bizim də cavabımız kifayət qədər sərt olacaq. Çünki hazırkı məqamda ənənəvi diplomatiya metodları artıq işləmir.

P.S.

Yeri gəlmişkən, Fransanın geri çağrılan Azərbaycandakı xanım səfiri Ann Buayon bu ölkənin Ermənistandakı səfiri Olivye Dekkotinidən fərqli olaraq həddindən artıq passiv idi. Dekkotini açıq ermənipərəstlik edir və Ermənistana beynəlxalq dəstəyin artırılması üçün hər varianta əl atır. Ann Buayon isə Azərbaycanın haqlı mövqeyinin rəsmi Parisin diqqətinə çatdırılması üçün heç bir səy göstərmirdi. O, faktiki olaraq "müqqəva" diplomat rolunu oynayırdı.

Bəybala Mirzəyev

visiontv.az