Təbrizdə Ağqoyunluların tarixi irsi Həsən Şah Meydanı acınacaqlı vəziyyətdədir
30.04.2024

Ağqoyunluların dövründən qalan Sabibabad Meydanı və ya Həsən Şah Meydanı tarixi abidələr kolleksiyası bu gün Təbrizdə çox bərbad vəziyyətdədir.

Rəsmi İRNA xəbər agentliyində qeyd olunan məlumata görə, Həsən Şah Meydanı və bu tarixi binalar kompleksi 700 il əvvəl Ağqoyunluların dövründə tikilib və keçən əsrdə dağıdılmadan əvvəl İsfahandakı Nəqş-i Cahan Meydanından təxminən iki dəfə böyük olub.

Həsən Şah Meydanı və ətrafındakı binalar son yüz ildə zamanla dağıdılıb, İsfahanda bu kompleksə uyğunlaşdırılaraq tikildiyi deyilən Nəqş-i Cahan Meydanı hələ də ayaqdadır. Hazırda Təbrizdə Həsən Şah kompleksinin tarixi abidələrinin yalnız kiçik bir hissəsi qalıb. Bu günümüzə gəlib çatan binalar isə dağılmış və baxımsız vəziyyətdədir.

Bu meydan və ona aid tikililər, o cümlədən məscidlər, saraylar, mədrəsələr, hamamlar və bazarlar 400 il ərzində Qaraqoyunlu, Ağqoyunlu, Səfəvi və Qacarlar ​kimi türk sülalələrinin hakimiyyəti dövründə tikilmiş, bəzən isə daşqınlar və zəlzələlər nəticəsində xəsarət alsa da, bərpa edilmişdi.

Həsən Şah Meydanı kompleksinin Mədrəsəsi

Həsən Şah Meydanı kompleksinin Mədrəsəsi

Tarixi sənədlər göstərir ki, bu tarixi kompleks ikinci Pəhləvi dövrünün ortalarına qədər öz quruluşunu qoruyub saxlamışdır. Bununla əlaqədar 1956-cı ildə Təbriz şəhərindən çəkilmiş aeroşəkillər əsasında dərc edilmiş elmi araşdırmalar göstərir ki, bu tarixi kompleksinin quruluşu qorunurdu. Lakin 1966-cı ildə Mədəni-2 və Şimali Darayi küçəsinin tikintisi ilə Sahibüləmr məscidinin həyəti və mədrəsə bir-birindən ayrılmış, şimal tərəfində olan Məhdiyyə Sarayı isə dağıdılmışdır. Həmçinin həmin dövrdə, ikinci Pəhləvi dövründə, Təbrizin bu görkəmli tarixi irsinin meydanının daxili məkanında bir neçə dükan tikilməklə bu yer meyvə-tərəvəz satış bazarına ayrılıb.

Təbrizin 160 min kvadratmetr sahəsi olan Həsən Şah Meydanı kompleksi Pəhləvi və İslam Respublikası rejimləri tərəfindən qorunub saxlanılsa və ya hətta ciddi şəkildə bərpa işləri aparılsaydı, bu gün bu tarixi irs köhnə Təbrizin zəngin keçmişini nümayiş etdirə bilərdi.

Təxminən iki il əvvəl bu tarixi kompleksdə Mədəni İrs İdarəsi tərəfindən bərpa işlərinə başlanması ilə bağlı İran mediasında bəzi xəbərlər dərc edilmişdi, lakin bu tədbir maliyyə çatışmazlığı səbəbindən ciddi problemlərlə üzləşir və bərpa prosesi çox ləng gedir. Belə ki, sosial şəbəkələrdə bəzi tənqidçilər, bu bərpa işlərinin çox aşağı sürətini bir növ məhvetmə forması hesab edir.

Ötən ilin aprelində Şərqi Azərbaycan Mədəni İrs İdarəsinin müavini Vəhid Nəvadad İRNA xəbər agentliyinə demişdi ki, bu tarixi irsin bərpası üçün cəmi 550 milyon tümən ayrılıb və bu kredit "çox yetərsizdir."

visiontv.az