Karapetyan Petrosyana qoşulmur: Sarkisyanın partiyası seçkiyə getmir
08.04.2026

Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın "Ermənistan Milli Konqresi" (HAK) partiyası iyunda parlament seçkilərində təkbaşına iştirak edəcək. Partiya açıqlamanı aprelin 6-da yayıb. Bundan öncə milyarder Samvel Karapetyan qüvvələrini HAK ilə birləşdirməkdən imtina etmişdi.

Karapetyanın "Güclü Ermənistan" partiyasının seçkidə əsas müxalif rəqiblərindən biri olacağı gözlənilir. HAK ilin əvvəlində onunla açıq şəkildə əməkdaşlığa çalışıb. Oliqarx barəsində cinayət işi açılsa da, Ter-Petrosyan 7 iyun seçkilərində ona dəstək bildirib. Ancaq "Güclü Ermənistan" ötən həftə iki az tanınan müxalif partiya ilə seçki ittifaqı qurub.

HAK bəyanatında bildirib ki, Karapetyanın blokuna qoşulmaq üçün bütün zəruri səyləri göstərib.

"Maksimum çeviklik göstərdik, ittifaqın yaradılması üçün heç bir ilkin şərt irəli sürmədik. Bizdən asılı olmayan səbəblərə görə bu ittifaq baş tutmadı", – bəyanatda deyilir.

Əməkdaşlığa hazırdır

HAK parlament seçkilərinə ayrıca gedəcəyini, ancaq həm seçki dövründə, həm də sonra "Güclü Ermənistan" və digər müxalif qüvvələrlə əməkdaşlığa, parlamentdə koalisiya formalaşdırmağa, ölkəni "yaxınlaşan təhlükələrdən" xilas etməyə hazır olduğunu bildirib.

"Güclü Ermənistan"ın təmsilçiləri ötən həftə bildiriblər ki, Karapetyanın siyasi komandası digər müxalif qruplarla əməkdaşlığa hələ də açıqdır. Ancaq 2017-ci ildən parlamentdə təmsil olunmayan Ter-Petrosyanın partiyasından danışmayıblar.

Ter-Petrosyan 1991-ci ildə Ermənistanı müstəqilliyə aparıb, ölkənin ilk prezidenti olub. O, baş nazir Nikol Paşinyanın açıq tənqidçisidir. 2020-ci ildə Azərbaycanla müharibədə Ermənistanın məğlubiyyətindən sonra Paşinyanı "milləti məhv edən bəla" adlandırıb. 81-yaşlı keçmiş prezident Paşinyanın Erməni Apostol Kilsəsinin rəhbəri II Qaregini vəzifədən uzaqlaşdırmaq səylərini də dəfələrlə pisləyib.

Karapetyan ötən ilin iyununda Paşinyanı tənqid edəndən bir neçə saat sonra saxlanılıb, ona ittiham irəli sürülüb. Oliqarx dekabrın sonunda ev dustaqlığına buraxılıb.

"Bir neçə mandat bizi maraqlandırmır"

Bu arada digər keçmiş prezident Serj Sarkisyan bildirib ki, onun Respublika Partiyası (HHK) iyunun 7-də parlament seçkilərində iştirak etməyəcək və tərəfdarlarını digər müxalif qüvvələrə səs verməyə təşviq edəcək.

HHK qərarını aprelin 1-də elan edib. Sarkisyan ötən həftəsonu Yerevanda partiya qurultayında çıxışında parlamentdə təmsil olunma şanslarının az olduğunu etiraf edib: "Bizə hakimiyyət dəyişikliyi lazımdır. Bir neçə deputat mandatı əldə etmək perspektivi bizi maraqlandırmır".

Keçmiş prezident deyib ki, HHK ölkə vətəndaşlarını seçkilərə getməyə, "Ermənistanın hazırkı alçaldılmasına son qoyacaq, bu xəyanətkar və fəlakətli rejimi bitirəcək qüvvələri seçməyə inandıracaq".

AzadlıqRadiosunun erməni xidməti yazır ki, Sarkisyan konkret heç bir müxalif qüvvəni dəstəkləməyib, ancaq milyarder S.Karapetyanın "Güclü Ermənistan" blokunu əsas müxalif güc saydığını bildirib.

Respublika Partiyası sonuncu dəfə 2021-ci il seçkilərində iştirak edib, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanetsyanın rəhbərlik etdiyi müxalif partiya ilə ittifaq şəklində. "Pativ Unem" (Təzim edirəm) bloku o zaman 5.2 faiz səslə üçüncü yeri tutub. Vanetsyan bir il sonra blokun faktiki dağıldığını elan edib. Bu dəfə isə Sarkisyanın partiyası ilə digər əsas müxalif qüvvələrin heç biri əməkdaşlıq istəyini göstərməyib.

visiontv.az