Vaşinqtonun Yaxın Şərqdə münaqişənin daha da genişlənməsinin qarşısını almaq və Livanda diplomatik həll yolu axtarmaq səylərini davam etdirdiyi bir vaxt, ABŞ dövlət katibi Antoni Blinken cümə günü İsraili mülki əhalini qorumağa və onların "dəhşətli çarpaz atəşə" tutulmaması üçün tədbirlər görməyə çağırıb.
Bu, İsrailin Qəzza və Beyruta zərbələrinin çoxsaylı itkilərlə nəticələndiyi vaxta təsadüf edib. İsrail ordusu terrorçu əməliyyatçıları hədəf aldığını bildirib.
Blinken deyib ki, Livanın gələcəyi ilə bağlı qərarı hər hansı bir xarici ölkə deyil, Livan xalqı verməlidir.
"Aydındır ki, Livan xalqı dövlətin özünü təsdiq etməsində, ölkə və onun gələcəyi üçün məsuliyyət daşımasında çox böyük marağı var. Prezident kürsüsü iki ildir boşdur və Livan xalqı üçün dövlət başçısının olması çox vacib olardı. Lakin bununla bağlı başqa heç kim deyil, livanlıların özləri qərar verməlidir" - deyə, Blinken Laosun Vyantyan şəhərində mətbuat konfransı zamanı jurnalistlərə bildirib.
ABŞ rəsmiləri İsrailin Livana qurudan müdaxiləsini genişləndirdiyi bir vaxt HƏMAS və İranın dəstəklədiyi Hizbullah-ın terror hücumlarına qarşı özünü müdafiə etmək hüququna malik olduğunu bir daha təkrarlayıb.
Fələstinlilərin tibb rəsmilərinin bildirdiyinə görə, cümə axşamı İsrailin Qəzzada köçkünlərin sığındığı məktəbə endirdiyi hava zərbəsi nəticəsində azı 27 nəfər ölüb.
İsrail zərbənin məktəbin daxilinə yerləşdirilmiş komanda mərkəzindəki militantları hədəf aldığını bildirib.
İsrail son iki həftə ərzində hər gecə bombaladığı Beyrutun cənubundakı Hizbullah istehkamından uzaqda yerləşən, Livan paytaxtının mərkəzi hissəsindəki binaya zərbə endirib.
Livanın Səhiyyə Nazirliyi 22 nəfərin öldüyünü və 117 nəfərin yaralandığını bildirsə də, xilasetmə işlərin davam etdiyi üçün ölənlərin sayının artacağı gözlənilir.
visiontv.az