İranlı 'Qremmi' laureatı Hacıpur dövlət icazəsi ilə albom buraxır
04.12.2025

İranlı "Qremmi" mükafatı laureatı Şervin Hacıpur dövlətin icazəsi ilə debüt albomunu çıxacağını açıqlayıb. Bəzi tərəfdarları onun bu addımını tənqid ediblər. Hacıpur "Qadın, Həyat, Azadlıq" etirazlarının himninə çevrilmiş hit mahnının müəllifidir.

27 yaşlı müğənni-bəstəkara "Beraye" (Üçün) mahnısına görə həbs cəzası kəsilmiş, daha sonra əfv edilmişdi. Bu mahnı 2022-ci ildə İranın ruhani hakimiyyətinə qarşı misilsiz etirazlara həsr olunmuşdu.

Hacıpur X platformasında yazıb ki, "Vaqei" (Gerçək) adlı albomu dekabrın sonunda çıxacaq, hakimiyyət ona rəsmi şəkildə yazmaq və İslam Respublikasında qanuni şəkildə yayımlamaq üçün lisenziya verib.

Sosial şəbəkələrdə bəziləri bu xəbəri "xəyanət" adlandırıb. İki həftə öncə Hacıpur hakimiyyəti onu idman zallarına və konsertlərə buraxmamaqda, ev kirayələməsini əngəlləməkdə, təməl hüquqlardan məhrum etməkdə suçlayırdı.

Tənqidçilər sual edirlər ki, belə açıq tənqidindən sonra niyə hökumətin icazəsi ilə albom çıxarır. Albomun yayımını Arad Mədəniyyət və İncəsənət İnstitutu gerçəkləşdirir. Bu qurum İranda musiqi lisenziyalarının alınması, konsertlərin təşkili üzrə ixtisaslaşıb.

Hacıpur lisenziya almaq üçün "hakimiyyətə satılmaq" iddialarını rədd edib, albom çıxarmaq qərarını müdafiə edib.

"Üç il işsiz, fəaliyyətdən məhrum qaldıqdan sonra, nəhayət, albomumu buraxa bildim. Bu, xalqımızın ümumi maraqlarına necə zidd ola bilər? İrandan getmək istəmirəm, işləmək istəyirəm", – o, dekabrın 2-də X platformasında yazıb.

Tənqid edənlər, dəstəkləyənlər

Amma yazdıqları tənqidləri soyuda bilməyib.

Həmkarı Siavaş Kamkar X-də Hacıpura yazıb ki, "İranda qalmağın heç kimə lütf deyil". Kamkar qeyd edib ki, Hacıpur qadın olsa idi, ona solo albom üçün heç vaxt lisenziya verilməzdi. 1979-cu il İslam İnqilabından bəri İranda qadınların ictimai şəkildə solo oxuması qadağandır.

Amma Hacıpuru müdafiə edənlər də tapılıb. Tehranda yaşayan, aktivizminə görə işləməyi yasaqlanan sənədli film rejissoru, qadın hüquqları fəalı Müjqan İlanlu kimi. Onun fikrincə, tanınmış sənətçilərdən hakimiyyətə meydan oxumaq gözləntisi anlaşılandır. Amma əlavə edir ki, Hacıpur kimi yaradıcılığına görə hakimiyyətin təzyiqini hiss etmiş, ümidverici bir sənətçidən eyni standartlar tələb olunmamalıdır: "Hacıpura İrandan çıxmasını, necə hərəkət etməsini deyənlər öncə özlərinə sual verməlidirlər ki, [Qadın, Həyat, Azadlıq] hərəkatı üçün nə ediblər, hansı bədəli ödəyiblər?".

İranda siyasi, hakimiyyəti tənqid edən mahnılar yasaqlanır, yaxud sərt məhdudlaşdırılır. Rep və rok kimi Qərb təsirli janrlar da o cümlədən. Qanunu pozan musiqiçilər həbs edilir, fəaliyyətləri yasaqlanır. Amma risklər sənətçiləri mahnılarını "SoundCloud" və "Spotify" kimi platformalarda yayımlamaqdan çəkindirmir.

Hacıpurun məşhurlaşması

Hacıpur 2022-ci ildə, hicab qanununu pozduğu iddia edilən gənc qadın Məhsa Əmininin polis nəzarətində ölümü ilə başlanan etirazlar zamanı tanınıb.

Onun mahnısı iranlıların etiraz səbəblərini izah edən tvitlərdən toplanmışdı. Mahnı etiraz hərəkatının qeyri-rəsmi himninə çevrilib, 2023-cü ildə "Sosial dəyişiklik üçün ən yaxşı mahnı" nominasiyasında "Qremmi" mükafatı qazanıb.

Hakimiyyət etirazlara sərt repressiya ilə cavab verib, onlarla musiqiçi, incəsənət xadimi, fəal həbs olunub.

Mahnı yayılandan az sonra Hacıpur həbs edildi, ona 3 il 8 ay həbs cəzası kəsildi. Amma 2024-cü ilin sentyabrında əfv olunub. Sənətçilər onun buraxılması tələbi ilə kampaniya başlatmışdılar.

Keçən il Hacıpur ölkədə məhkəmə və təhlükəsizlik məhdudiyyətlərini tənqid edən "Əşğal" (Zibil) mahnısını buraxıb. Mahnı sosial şəbəkələrdə hitə çevrilib, təkcə "Instagram"da 24 saat ərzində 1.5 milyon bəyənmə və 30 milyon baxış toplayıb.

İran mediası Hacıpurun debüt albomu üçün güclü ilkin satış rəqəmlərinin olduğunu bildirir.

visiontv.az