İranın Ermənistandakı səfiri Mehdi Sobhanidən növbəti sərsəm iddia: “Qarabağdakı erməni əsgərləri İsrail silahları ilə öldürülüb”
İranın Ermənistandakı səfiri Mehdi Sobhanidən növbəti sərsəm iddia: “Qarabağdakı erməni əsgərləri İsrail silahları ilə öldürülüb”
17.04.2024 Elxan Şahinoğlu Tərəfindən

İran rəsmiləri, millət vəkilləri və diplomatları İsraillə mübarizədə Azərbaycanın adını hallandırmaqdan yorulmurlar. Azərbaycan bu qarşıdumada tərəf olmasa da, bizi hədəf göstərməyə çalışırlar.

Əvvəlcə İranın deputatlarından biri İsrailin Azərbaycandakı səfirliyini hədəf seçiməyi etməyi təklif etdi, indi də İranın Ermənistandakı səfiri Mehdi Sobhani İsraili Cənubi Qafqazda "qeyri-sabitliyin" əsas mənbələrindən biri olduğunu iddia edərək “Qarabağdakı erməni əsgərləri İsrail silahları ilə öldürülüb” ifadəsini səsləndirib.

Birincisi, İsrailin Azərbaycanla yanaşı həmin Ermənistanla da diplomatik münasibətləri var və Ermənistan Azərbaycandan xeyli əvvəl İsraildə səfirliyini açıb. İkincisi, iranlı diplomat bilməmiş deyil ki, Azərbaycan silahı bu illərdə yalnız İsraildən almayıb, işğalçıları Rusiya və Türkiyə istehsalı olan silahlarla da neytrallaşdırmışıq. Səfir Azərbaycan ordusunda İsrail silahlarını qabartmaqla ermənilərin İsrailə qarşı nifrətinin artmasına çalışır. İranın xarici işlər naziri çox deyir ki, ölkəsi Azərbaycanla münasibətləri normallaşdırmaq istəyir. Belə olan halda bir zəhmət Ermənistana təyin etdiyi səfirinə səsləndirdiyi açıqlamalara diqqət yetirməsini tövsiyyə etsin. Ancaq İranın Ermənistandakı səfiri birinci dəfə deyil ki, Azərbaycanın ünvanına xoşagəlməz açıqlamalar səsləndirir və o bu zaman özünü rahat hiss edirsə, demək Tehranın təlimatlarını yerinə yetirir.

Elxan Şahinoğlu

visiontv.az