İran-Azərbaycan münasibətlərinin normallaşmasına hansısa üçüncü dövlət mane olmur, mane olanlar İranın içindədir
16.10.2024

İran Prezidenti Məsud Pezeşkian Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayevlə Tehrandakı görüşündə maraqlı fikirlər səsləndirib. Birincisi, Pezeşkian deyib ki, Azərbaycan qədər İrana yaxın olan ikinci ölkə yoxdur.

“Azərbaycanla bizi ortaq tarix, mədəniyyət birləşdirir və biz Azərbaycanla daha yaxın olmalıyıq” deyən İran Prezidenti Azərbaycanla daha böyük işlər görməyin vacibliyini vurğulayıb. Buna baxmayaraq, Məsud Pezeşkian İran rəsmilərinin “ənənəsini” pozmayaraq “düşmənlərin bizim münasibətlərə mane olmasına əsla imkan verməməliyik” fikrini səsləndirməyi də unutmayıb. İki ölkə arasında münasibətlərin normallaşmasına hansısa üçüncü dövlət mane olmur, mane olanlar İranın içindədir. Bunu Məsud Pezeşkian da bilməmiş deyil. Təsadüfi deyil ki, İran Prezidentinin sonrakı cümləsi bunun etirafıdır: “Biz Azərbaycanla olan bəzi anlaşılmazlıqları və problemləri anlayırıq və dərk edirik. Hesab edirəm ki, burada bizim də bəzi səhvlərimiz olub”. Önəmli olan Pezeşkianın Azərbaycana qarşı yanlış siyasət yürüdənləri bu yoldan çəkindirməkdir. İran Prezidentinin bunu bacarıb-bacarmayacağını yaxın aylarda görəcəyik.

Elxan Şahinoğlu

visiontv.az