İkinci çeçen müharibəsi Rus-çeçen münaqişəsinin bir hissəsi olaraq 26 avqust 1999-cu il tarixində ekstremist qruplaşmaların fəaliyyətinin məhdudlaşdırılması məqsədilə Çeçenistan və Şimali Qafqazın sərhəd bölgələrində Rusiya Federasiyası tərəfindən başladılmış hərbi əməliyyatlardır. Müharibənin aktiv fazası döyüşlərin başladığı tarixdən 2000-ci ilin may ayına qədər davam edib. 1994-cü ilin dekabrından 1996-cı ilin avqust ayına qədər davam etmiş Birinci Çeçenistan müharibəsinin davamı oldu.
1 oktyabrda Rusiya qoşunları Çeçenistan ərazisinə daxil olub.Müharibə Çeçen İçkeriya Respublikasının de fakto müstəqilliyini itirməsi və Rusiyanın ərazi bütövlüyünün təmin olunması ilə başa çatıb. Döyüş əməliyyatları çərçivəsində Rusiya Ordusu və rus yönümlü çeçen qüvvələri separatçı çeçenlərlə açıq döyüşlərə girmiş, 1999-cu ilin sonlarından 2000-ci ilə qədər olan müddətdə paytaxt Qroznı şəhəri tam mühasirəyə alınıb.
Bəzi çeçen separatçıları Rusiya ərazisində mülki əhaliyə qarşı hücumlar həyata keçirmişdir. Beynəxalq müşahidələrə əsasən bu cür hücumlar nəticəsində həm Rusiya, həm də çeçenlər tərəfindən insan hüquqlarının pozulması aktları qeydə alınmışdır. 2000-ci ilin mayında rusların Çeçenistanda hakimiyyəti ələ keçirməsinə baxmayaraq, çeçenlər Şimali Qafqazın başqa bölgələrində müqaviməti davam etdirirdilər.
Əməliyyatların hərbi fazası 2002-ci ilin aprelində başa çatmışdır. Bu tarixdən etibarən quru əməliyyatlarının koordinasiyası Federal Təhlükəsizlik Xidmətinə, 2003-cü ilin yayından etibarən isə Daxili Qoşunlara keçib. 2009-cu ildə Rusiya hökuməti çeçenlərə qarşı geniş miqyaslı hücum əməliyyatının başa çatdığını açıqlamışdır. Müharibə zamanı ən çox zərər çəkmiş ərazilərdən biri olan Qroznı şəhərində yenidənqurma işləri başlamışdır. Aktiv döyüş əməliyyatlarının başa çatmasına baxmayaraq, Şimali Qafqazda nadir hallarda tərəflər arasında kiçik miqyaslı toqquşmalar baş verir.
Bu münaqişə nəticəsində ölənlərin sayı hələ də bəlli deyil. Qeyri-rəsmi rəqəmlərə görə, münaqişə nəticəsində əksəriyyəti mülki vətəndaşlar olmaqla 25,000-50,000 nəfər arası insan həyatını itirmişdir. Rusiya tərəfinin itkiləri isə rəsmi rəqəmlərə görə 5,200 nəfər olduğu halda, qeyri-rəsmi statistikaya əsasən təqribən 11,000 nəfər hesablanıb.
Bünyamin Bünyadzadə
Visiontv.az