İctimai fikirdə belə bir yanlış təsəvvür yayılıb ki, guya fəlsəfə ilə din bir-birinə ziddir
İctimai fikirdə belə bir yanlış təsəvvür yayılıb ki, guya fəlsəfə ilə din bir-birinə ziddir
02.05.2023 Səlahəddin Xəlilov Tərəfindən

Hətta özünə "filosof" titulu qazanmaq üçün bəziləri ateist və inkarçı mövqeyinə keçirlər; əslində bütün "yaradıcılıqları" elə dini aşağılamaqdan ibarət olur. Təəssüf ki, çağdaş mühitimizdə bunun üçün bir zəmin var.

Əslində isə fəlsəfə ateizmlə bir araya sığmır. Həmişə hər yerdə bütün böyük filosoflar idealist olublar və vəhdət ideyasına, kosmik nizama-ağla, universal ədalətə, Tövhidə, Allaha inanıblar. Hətta sovet dövründə materialist və ateist kimi qələmə verilənlər də. Əlbəttə, bir fərq nəzərə alınmalıdır ki, mən din deyəndə mollabaşlığı və ya dini mərasimçiliyi nəzərdə tutmuram.

Əsas şərt kimi Haqqa, Həqiqətə, Ədalətə, Xeyirə, Gözəlliyə və zirvədə bunların vəhdətinə - Tövhid ideyasına qatılmağı vurğulayıram. Bu yanaşma həm də fəlsəfi idealizmə aparır; çünki ideya bir olur, təzahürlər minbir. İdeya mükəmməl olur, maddi təcəssümlər qüsurlu və s.
Şüurun aşağı səviyyəsində "ateist" və "dindar" - eyni nifrət bezinin qıraqlarıdır. ‬‪Şüurun üst səviyyəsində isə sadəcə vəhdət və sevgi var. Burda dinlər arasında qarşıdurma da yox olur. Bu səviyyəyə qalxan yol isə fəlsəfədən keçir. Aristotel nahaq yerə demirdi ki, nadanlar ancaq fərqi görür, aqillər isə eyniyyəti.‬‬‬‬

İslam dünyası...

Gəminin gövdəsində çatlar yarananda içinə su dolur...

"Müxtəlif səfalət və ehtirasların parça-parça böldüyü, xəstə bir vücudu andıran İslam dünyası ən bədbəxt dövrlərindən birini yaşayır və hər İslam məmləkətində ruhlar bir-birindən ayrılmış, bir-birilərinə saldırırlar. Hər il yüzminlərlə ziyarətçi ilə dolan Kəbənin ətrafında ruh birliyi və bərabərliyi meydana gəlmir. Bunun səbəbi nə siyasi, nə iqtisadi, nə elmi, nə də fikridir. Bu halın səbəbi İslamın təməli və Quranın özü olan əxlaqın kaybedilmiş olmasıdır." - Nurəddin Topçu. Bu fikir indi deyil, düz yarım əsr əvvəl söylənib. Çatlar isə getdikcə dərinləşir. Yarım əsr bir müdrikin ömrüdü - amma biz hələ də ideya-fəlsəfi təməli möhkəmlətmək əvəzinə, siyasətlə, iqtisadi inkişafla, Qərbi təqlid etməklə və ya İslam adına bəsit, uyduruk "təlimlərlə", ilahiyyat teoriləri ilə, təriqətlçiliklə, gülünc fətvalarla sağala biləcəyimizi düşünürük...

Retro

 Sovet dövründə tələbələrdən də materialist və ateist olmaq tələb edilirdi. Və tələbələr də fəlsəfə dərslərində özünü materialist kimi qələmə verməyə çalışırdılar. Mən isə onlara deyirdim ki, zəhmət çəkməyin, canfəşanlıq etməyin. Siz lap əksini də söyləsəniz, mən sizin məhz materialist olduğunuzu düşünürəm. Çünki adi şüuru, bəsit şüuru, hətta empirik elmi düşüncəni özbaşına buraxsan, o ancaq materialist olmaq üçün yetərlidir. İdealist olmaq üçün isə dərinə getmək, xüsusi məktəb keçmək, fəlsəfi təfəkkürə yiyələnmək lazımdır.Quranın bizə dönə-dönə tövsiyə etdiyi "aklını kullan" ideyası, nəhayət ki, bərpa olunmalıdır. Aklın isə həm təməlində, həm zirvəsində fəlsəfi fikir dayanır. Bütün qalan fikir və fəaliyyət formaları bu iki qütbün arasındadır.

professor Səlahəddin Xəlilov 

visiontv.az