Hacı Şahin təhqir olunan məscidlərdən danışdı - "Sanki vəhşidirlər..."
07.11.2020

Ermənilər Azərbaycanın işğal olunmuş ərazilərindəki abidələri, məscidləri təhqir edirlər. Biz Birinci Qarabağ müharibəsi zamanı bunun şahidi olmuşduq. Hazırda işğaldan azad olunan ərazilərin görüntülərinə baxanda orada sanki vəhşilərin yaşaması haqda təəssürat yaranır.

Visiontv.az xəbər verir ki, bunu Axar.az-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndəsi, ilahiyyatçı Hacı Şahin deyib. O bildirib ki, heç bir dini, mənəvi dəyərlərə məhəl qoymayan Ermənistan rəhbərliyi növbəti dəfə çirkin mahiyyətini üzə çıxardı:

“Azərbaycana məxsus olan məscidlər, ziyarətgahlar, məzarlıqlar məhv edilib, tövlələrə çevrilib. Bu, bütövlükdə islam dünyasının dəyərlərinin təhqir edilməsidir, çünki bu abidələr islam mədəniyyətinin irsi sayılır.

Ümumiyyətlə, bəşəriyyətə məxsus olan mədəniyyət mənəviyyat inciləridir və bunlara qarşı təhqirlərin edilməsi insanlığa qarşı olan bir cinayətdir. Növbəti vandalizm aktıdır və hesab edirəm ki, buna beynəlxalq ictimaiyyət də kəskin münasibət bildirməlidir. Beynəlxalq təşkilatlar - UNESKO, İslam Əməkdaşlıq Təşkilatı və s. müvafiq qurumlar, təşkilatlar bu məsələyə öz kəskin münasibətini bildirməlidir.

Bu savaş həm də Azərbaycanla Ermənistan arasında olan fərqi ortaya çıxarır. Azərbaycan növbəti dəfə tolerant, çoxmədəniyyətli, kultural dövlət olduğunu sübut etdi. Azərbaycan ərazisində məscidlərlə yanaşı kilsələr, sinaqoqlar da dövlət tərəfindən qorunur. Ölkəmiz müsəlman dininə məxsus icmalarla yanaşı xristian və yəhudi icmalarına da dəstək göstərir. Azərbaycan tarixində din və məzhəb zəminində heç bir münaqişə olmayıb. Lakin Ermənistan monoetnik, tarixən etnik təmizləmə siyasəti həyata keçirən, digər dinlərə, millətlərə qarşı dözümsüz münasibətdə olan dövlətdir. Bunun növbəti təzahürünü işğaldan azad olunmuş ərazilərdə görürük. Hesab edirəm ki, bu həqiqətlər bütün dünyaya çatdırılmalıdır”.