Gürcüstanın ABŞ-dakı səfiri TRIPP layihəsinin önəmindən danışıb
05.12.2025

Gürcüstanın ABŞ-dakı səfiri Tamar Taliaşvili Amerika-Gürcüstan Biznes Şurasının illik toplantısında iştirak edib.

Visiontv.az APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstanın ABŞ-dakı səfirliyindən bildirilib.

Səfir çıxışında ABŞ və Gürcüstan arasındakı münasibətlərin yenilənməsinin vacibliyini vurğulayıb. O, Gürcüstanın Orta Dəhlizin inkişafındakı roluna da toxunub və Gürcüstan hökumətinin bu rolun tam bərpa olunması üçün həyata keçirdiyi səmərəli səylərindən danışıb.

Diplomat ABŞ Prezidenti Donald Trampın sülh təşəbbüsünün əhəmiyyətini və regional əlaqələrin inkişafında TRIPP layihəsinin rolunu vurğulayıb. O, ABŞ Dövlət Departamentinin nümayəndəsi Conatan Aksonasın Gürcüstana səfərini və səfər çərçivəsində bu təşəbbüsün inkişafında Gürcüstanın rolunun qeyd olunduğunu da xatırladıb.

Tədbir iştirakçıları Gürcüstanın iqtisadi inkişaf dinamikasını müsbət qiymətləndiriblər, bank sektorunun dayanıqlılığı, xidmətlər sahəsində müsbət tendensiyaları və gömrük sisteminin effektivliyini qeyd ediblər. Orta Dəhlizin potensialı və Gürcüstanın onun inkişafındakı əsas roluna xüsusi diqqət yetirilib.