Gürcüstandan gələn ruhanilər Ağdam Cümə məscidində şükür namazı qılıb.
Visiontv.az APA-ya istinadən xəbər verir ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində səfərdə olan Gürcüstan azərbaycanlılarının ikinci qrupu Şuşa şəhərindən sonra Ağdam şəhərinə gəliblər.
Qonaqlar Ağdam şəhərində aparılan tikinti-quruculuq işlərinin şahidi olublar. Bundan sonra onlar Ağdam Cümə məscidini ziyarət ediblər. Səfər üzvlərinə məscid haqqında ətraflı məlumat verilib.
Gürcüstan müsəlmanlar idarəsinin rəhbəri Mirtağı Əsədov APA-ya müsahibəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməklə bütün dünya azərbaycanlılarının başını uca etdi fikrini dilə gətirib:
"Çox şükür Allaha ki, Azərbaycanı bütöv olaraq ziyarət eliyə bildik. Xankəndini də gördük. Burada olan tikintiləri gördük. Şuşada və Ağdamda məsçidlər erməni vandalları tərəfindən təhqir olunub. Mal heyvan saxlayıblar Allah evlərində. Allah evləri hər yerdə müqəddəsdir, hörmətlidir, dəyərlidir. Amma təəssüf ki, insanlıqdan nəsibini almayanlar, mədəniyyət düşmənləri Allah evlərini təhqir edərək burada donuz saxlayıblar. Şükür Allaha ki, bu gözəl torpaqlar azad edildi. Burada Allahın adı, peyğəmbərin adı, əhli-beytin adı səslənir - Azan səslənir... Allah bu torpaqlar uğrunda canını qurban verən şəhidlərimizə rəhmət eləsin. Allah bir də Azərbaycana çətin günlər yaşatmasın. Bu təkcə Azərbaycanda yaşayan xalqın yox, bütün dünyada yaşayan azərbaycanlıların baş ucalığıdır. İndi biz Ağdam Cümə məscidində şükür namazı qılacağıq".
Qeyd edək ki, Gürcüstan azərbaycanlıları Qarabağa səfərə gələn ikinci qrupun da səfəri başa çatıb. Onlar Ağdam şəhərini ziyarət etdikdən sonra Gürcüstana yola düşüblər. Üçüncü qrupun səfəri sabah baş tutacağı planlaşdırılır.