Gunaz TV-nin məlumatına görə: Azərbaycan İnsan Haqları Cəmiyyəti – ƏRK bildirib ki, Təbrizli 25 yaşlı güney azərbaycanlı gənc Aydin Milan təxminən 20 gün əvvəl təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və o vaxtdan bəri onun vəziyyəti və saxlanıldığı yer barədə heç bir məlumat yoxdur.
ƏRK-in bu vətəndaşın yaxınlarından əldə etdiyi məlumata əsasən, o, daha əvvəl də etiraz aksiyaları zamanı saxlanılmışdı. Lakin son saxlanmada, təxminən üç həftə keçməsinə baxmayaraq, yalnız iki qısa telefon əlaqəsi qura bilib və bundan sonra ailəsi ilə hər cür əlaqəsi kəsilib.
Gəncin ailəsi onun taleyindən ciddi narahatlıq ifadə edərək bildirib ki, müxtəlif qurumlara etdikləri müraciətlər nəticəsiz qalıb və heç bir rəsmi qurum onun vəziyyəti ilə bağlı məlumat vermir.
Bu vətəndaşın taleyi ilə bağlı davam edən qeyri-müəyyənlik, vəkilə çıxışın və ailə ilə əlaqənin olmaması narahatlıqları daha da artırır və hüquq müdafiəçilərinin fikrincə, bu hal özbaşına saxlanma və zorla yoxa çıxarma kimi qiymətləndirilə bilər.
visiontv.az