Bu kitablar erməni ideologiyasının ən dürüst ifadəsidir. Hikmət Hacıyevin ərəb media forumunda dedikləri məhz bu məsələnin fəlsəfəsini açıqladı.
Azərbaycanda akkreditə olunmuş xarici diplomatik korpus nümayəndələrinin Qarabağ səfərində baş verən bir epizod bütün Ermənistanın yalan maşınını ifşa etdi. Ağdərə rayonunda, Qafqaz Albaniyasının dini və mədəni mərkəzi olan Gəncəsər Monastır Kompleksində Prezidentin köməkçisi Hikmət Hacıyev diplomatların gözü qarşısında ermənilərin qədim kitab sərgisi kimi qoyduğu kitabları götürüb vərəqlədi. Məlum oldu ki, kitablarda cəmi bir səhifədə mətn və rəsm var, qalan 300 səhifə boşdur. Bu 30 saniyəlik səhnədən sonra İrəvanda isterika başladı. Erməni mediası, revanşist deputatlar, kilsə hamısı bir ağızdan Azərbaycana hücuma keçdi. Niyə? Çünki boş kitablar təkcə kağız parçası deyildi. O, 30 illik dövlət ideologiyasının boş olduğunu göstərdi. Gəncəsər “dağ başındakı monastır” deməkdir. 1216-38-ci illərdə alban knyazı Həsən Cəlal tərəfindən tikilib. Bu, erməni kilsəsi deyil. Bu, Qafqaz Albaniyasının müstəqil kilsəsinin mərkəzidir. Divarındakı yazı erməni əlifbası ilə yazılsa da, mətndə alban knyaz özünü “Albaniya hökmdarı” adlandırıb. Ermənilərin Qarabağa iddiası isə bu tezis üzərində qurulmuşdu. “Qarabağda olan hər bir kilsə erməni kilsəsidirsə, deməli torpaq da erməninindir”. Gəncəsər monastrı isə bu tezisi dağıdır. Ona görə Ermənistan işğal dövründə Gəncəsər monastrını xüsusi olaraq saxtalaşdırmağa çalışdı. Xaçların üzərinə yeni xaçlar həkk etdi, alban yazılarını sildi, yanına saxta qədim kitablar qoydu ki, gələn əcnəbiyə desin ki, bax, bu erməni mədəniyyətidir. Hikmət Hacıyevin diplomatlar qarşısında o kitabları vərəqləməsi 30 illik saxtakarlıq fabrikinin qapısını açmaq idi. Əslində bu, ilk dəfə deyil. Erməni təbliğatının klassik metodu “boş kitab” metodudur. Ermənilər fikirləşirdi ki, Gəncəsərdəki kitabların içinin boş olduğunu heç kim yoxlamayacaq. Necə ki heç kim 30 il Ağdam məscidində donuz saxlanıldığını yoxlamadı, necə ki, heç kim Füzulidə qəbiristanlıqların dağıdıldığını görmədi. İndi isə Azərbaycan diplomatları gətirir, göstərir və deyir ki, gəlin, öz gözünüzlə baxın. Bəs bu fakt Ermənistanda niyə isterik hay-küy yaradıb. Azərbaycan 2020-ci ildən sonra Qarabağda 1000-dən çox abidəni inventarlaşdırıb. Gəncəsərdəki boş kitablar, Xudavəngdə divarlara yazılan saxta erməni yazıları, Ağdamda dağıdılan məscidlər və sair, hamısı UNESCO-ya təqdim olunacaq dosye üçün sübutdur. Ermənistan bilir ki, sabah Haaqada mədəni irsin məhv edilməsinə görə mühakimə olunanda bu boş kitablar sübut kimi ortaya qoyulacaq. Ona görə də hücum edirlər. Revanşist media yazır ki, Azərbaycan erməni irsini saxtalaşdırır. Halbuki Hikmət Hacıyev sadəcə kitabı açıb göstərib. Kitabın özü boşdur. Ermənistan 30 il dünyaya yalan ixrac etdi ki, Qarabağda erməni kilsələri var və azərbaycanlılar gəlib onları dağıdacaq. Azərbaycan isə indi diplomatları gətirib deyir ki, gəlin, baxın, biz dağıtmırıq, biz bərpa edirik. Amma həm də görün ki, işğal dövründə ermənilər burada nələr ediblər. Hansı saxtakarlıqlar, vandalizm aktları törədiblər. Bu, Azərbaycanın yeni strategiyasıdır. Fransaya “səyahət xəbərdarlığı” ilə yox, faktla cavab vermək. Erməni lobbisinə qəzet məqaləsi ilə yox, Gəncəsərdəki boş kitabla cavab vermək. Xarici diplomat öz gözü ilə görəndə ki, kitab boşdur, o, artıq İrəvanın dırnaqarası qədim mədəniyyət nağılına inanmayacaq. Hikmət Hacıyev ərəb media forumunda dediyi fikirlə də məhz bu məsələnin fəlsəfəsini açıqladı. Sitat: “Qafqaz Albaniyasının qədim dövləti və onun zəngin xristian irsi olub. Azərbaycan əsrlər boyu multikulturalizm və dini birgəyaşayış ənənələrini qorumağa sadiq qalıb. Ermənistanın işğalı illərində isə Azərbaycanın dini və mədəni irsinə qarşı genişmiqyaslı dağıntılar həyata keçirilib.” Sitatın sonu. Bu cümlə İrəvanı dəli edən cümlədir. Çünki birincisi, Azərbaycan alban irsinə sahib çıxır. Əgər alban irsi Azərbaycanın irsidirsə, erməni iddiası burda bitir. Azərbaycan deyir ki, bu torpaqda xristianlıq olub, amma o xristianlıq erməni yox, alban xristianlığı olub və onun varisi mənəm. Mən Udi qardaşlarımın kilsəsini qoruyuram. Bu, tolerantlıq modelidir. Ermənistan isə deyir ki, xristian yalnız erməni ola bilər. Bu, isə irqçi modeldir. Nəticə olaraq deyim ki, Gəncəsərdəki boş kitablar erməni ideologiyasinin ən dürüst ifadəsidir. 30 il ərzində Ermənistan Qarabağda dövlət qurduğunu deyirdi, amma dövlətin içi boş çıxdı. Mədəniyyət qoruduğunu deyirdi, amma qoruduğu mədəniyyətin kitabı boş idi. Tarix yazdığını deyirdi, amma tarixin içi başqasının tarixindən oğurlanmışdı. Hikmət Hacıyevin etdiyi sadəcə bir kitabı vərəqləmək deyildi. O, 30 illik yalanın üz qabığını açıb içinin boş olduğunu göstərdi. İndi ermənilərin isterikaya düşməsi təbiidir. Çünki boş olduğu ortaya çıxan təkcə kitablar deyil, o kitablar üzərində qurulan bütün “Böyük Ermənistan” mifidir.
Şöhrət El-Dəniz
visiontv.az