Füzulidə yeni hərbi obyektlər istifadəyə verilib
Videonu Aç
18.01.2022

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, azad edilmiş ərazilərdə xidmət edən hərbi qulluqçuların döyüş hazırlığının yüksəldilməsi və sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilir.

Müdafiə Nazirliyindən Visiontv.az-a verilən məlumata görə, Müdafiə nazirinin müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi general-leytenant Nizam Osmanov Füzuli rayonunda yeni inşa edilən modul tipli infrastrukturun açılışında olub.

Məruzə olunub ki, döyüş mövqelərində inşa edilən modul tipli yerləşmə məntəqələrində şəxsi heyətin bütün zəruri ehtiyacları qarşılanıb. Bu məntəqələrdə silah otağı, yeməkxana, mətbəx, ərzaq və əşya anbarları, hamam-sanitar qovşağı, eləcə də istilik sobaları ilə təchiz edilmiş yataqxana mövcuddur.

Ərazinin fasiləsiz elektrik enerjisi ilə təmin olunması məqsədilə generatorlar quraşdırılıb. Bundan əlavə, burada avtomobil parkı, hərbi qulluqçuların asudə vaxtlarının səmərəli təşkili üçün idman şəhərciyi, mini futbol meydançası salınıb. Bölmənin ərazisində abadlıq işləri aparılıb, müxtəlif növ ağaclar əkilib.

General-leytenant N. Osmanov şəxsi heyətin döyüş və maddi-texniki təminatı ilə maraqlanıb, xidmətlərində uğurlar arzulayıb. Nazir müavini, həmçinin müdafiə nazirinin aidiyyəti üzrə müvafiq tapşırıqlarını şəxsi heyətə çatdırıb, xidmətdə fərqlənən bir qrup hərbi qulluqçuya qiymətli hədiyyələr təqdim edib.

Sonda nazir müavini Müdafiə Nazirliyinin mərkəzi ərzaq anbarının bölgələrdə yerləşən bölməsində yeni inşa olunan qərargah binasının açılışında iştirak edib. Burada hərbi qulluqçular üçün yaradılan şəraitlə, eyni zamanda, ərzaq məhsullarının anbara qəbulu, saxlanılması və qoşunlara paylanılması prosesi ilə yaxından tanış olub.