Farslar və ruslar üçün əhali sayının strateji əhəmiyyəti
17.10.2024

Dövlət Statistika Komitəsi ölkə əhalisinin 2024-cü il sentyabr ayının 1-nə qədər olan sayını açıqlayıb. Hazırda Azərbaycanda 10 milyon 209 min 603 nəfərin yaşadığı bildirilir. Sosial-iqtisadi problemlərin mövcudluğuna və boşanmaların sayının artmasına baxmayaraq sayımız getdikcə artır. Çünki passionar və bərəkətli toplumuq.

Lakin sayımızın daha çox artmasına ehtiyac var. Bununçün əhali artımını təşviq edən, çoxuşaqlı ailələrin artmasını stimullaşdıran dövlət proqramları həyata keçirilməlidir. Qonşularımız da elə hazırda bu işlə məşğuldurlar. Söhbət İran və Rusiyadan gedir.

Rusiya-Ukrayna müharibəsindəki canlı itkilər Rusiyada ciddi demoqrafik təhdidlərin yaranmasına, gənc rusiyalıların sayının sürətlə azalmasına səbəb olub. Ona görə də Kreml rusların sayının artırılması yolları barədə düşünməyə başlayıb. Kreml ən müxtəlif variantları nəzərdən keçirir.

Belə ki, Rusiyada hətta uşağı olmayan ailələrin vergi ödəməsi də təklif olunur. Bu təkliflə çıxış edən Rusiya Dövlət Dumasının deputatları hesab edirlər ki, belə bir əlavə verginin tətbiq olunması hələ övladı olmayan rusiyalı gənc ailələri müsbət qərar qəbul etməyə - ən azı bir uşaq sahibi olmağa sövq edəcək.

Rusiya prezidenti Vladmir Putinin rus ailələrini çoxlu uşaq dünyaya gətirməyə çağırması Rusiyanın üzləşdiyi demoqrafik problemi çözəcəkmi ya yox, bunu isə zaman göstərəcək.

Bəs, farslar nəyə görə təcili çoxalmaq istəyir? Molla rejimi nə üçün sürətlə çoxalmağı hədəf seçib?

Səbəb və məqsəd nədir?

Məsələ burasındadır ki, hazırda İranda əhalinin qocalması problemi ortaya çıxıb. Bu da əhali sayının azalmasına rəvac verir. İranın ali dini rəhbəri Seyid Əli Xamənei ölkədə cəmiyyətin qocaldığı barədə xəbərdarlıq edərək gənclərin sayının artırılmasına ehtiyac olduğunu söyləyib.

Yeri gəlmişkən, məhz Xameneinin təkidləri əsasında 16 oktyabr 2021-ci ildə cəmiyyətin sayının çoxaldılması barədə qanun qəbul olunub. Xameneinin bu sahədəki tapışırıqlarının reallaşması üçün hətta azyaşlıların da evləndirilməsi barədə təbliğatlar aparılmağa başlanıb.

Ölkənin gənc əhaliyə ehtiyacı olduğunu bildirən Xamenei əlaqədar qurulara tapşırıq verib ki, cəmiyyətin gəncləşdirilməsi ilə bağlı məsələ diqqətdə saxlanılsın, bu istiqamətdəki maneələr aradan qaldırılsın və səhiyyə şəbəkəsinə nəzarət etməklə əhalinin artımına mane olanların (yəni ki, aborta şərait yaradanların) qarşısı alınsın.

Əhalinin say artımı (demoqrafik vəziyyət) hər bir ölkənin milli gücünün vacib kəmiyyət və keyfiyyət göstəricilərindən biri sayılır.

Əhali artımı milli təhlükəsizlik məsələsi və qlobal geosiyasi rəqabət amili olmaqla yanaşı, həm də bu və ya digər ölkənin regional güc mərkəzinə çevrilməsinə zəmin yaradır. İranın molla rejimi də məhz bu məqsədlə ölkə əhalisinin sayının yaxın illərdə ən azı 100 milyon nəfərə çatdırılmasını hədəf seçib.

Cənubi Qafqazda isə regional güc mərkəzi olmaq üstünlüyü Azərbaycana məxsusdur. Biz bir çox göstəricilərlə bərabər, əhali artımı üzrə də öndəyik. Lakin bu istiqamətdə görüləsi işlər də çoxdur. Abortların azaldılmasından tutmuş boşanmaların artımına rəvac verən səbəblərin aradan qaldırılmasına qədər bir çox məsələlər diqqətdə saxlanılmalıdır.

Bəybala Mirzəyev

visiontv.az