Ermənistanın bütün nəfəs yolları kəsilməlidir
Ermənistanın bütün nəfəs yolları kəsilməlidir
08.10.2023 Elçin Mirzəbəyli Tərəfindən

“Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu” 2022-ci il martın 11-də imzalanıb.

Sözügedən Memorandum Azərbaycan Prezidentinin 5 aprel 2022-ci il tarixli Fərmani ilə təsduqlənib və hüquqi-normativ akt statusu daşıyır. Bu o deməkdir ki, Zəngəzur iqtisadi rayonunda keçirilən təməlqoyma mərasimi birdən-birə ortaya çıxan məsələ deyil və əsası 1 il 7 ay öncə qoyulub. 

Memorandum çərçivəsində Araz çayı üzərində iki dörd hərəkət zolaqlı  avtomobil körpüsünün tikilməsi nəzərdə tutulmuşdu... 

Həmçinin, razılaşmaya görə tərəflər öz ərazilərində gündə 500 ədəd giriş və 500 ədəd çıxış olmaqla, ən azı 1000 ədəd yük nəqliyyatı parkını (ixrac, idxal və tranzit malları) qəbul edə biləcək dövlət sərhədindən buraxılış məntəqəsinin tikilməsi barədə öhdəlik götürüblər. 

Təməlqoyma mərasimindən sonra rəsmilərin verdiyi açıqlamalardan isə bəlli olur ki, körpülər, daha öncə memorandumda qeyd olunduğu kimi 4 deyil, 7 zolaqlı olacaq. Körpülər üzərindən isə hər gün 1100 yük və minik avtomobilinin, 30 avtobus və 15 min şəxsin keçməsi nəzərdə tutulub. Diqqət çəkən məqamlardan biri də, eyni ərazidə dəmir yolu körpüsünün inşasının planlaşdırılmasıdır. Ola bilsin ki, gələcəkdə bu proses daha da genişləndirilsin və bütün kommunikasiya növlərini əhatə etsin. Nə isə... Yaşayarıq, görərik.

Rəsmi Tehranın son 3 ildə sərgilədiyi davranışlardan belə anlaşılır ki, İran bölgədə ərazisindən yan keçən kommunikasiyaların əleyhinədir. Bunun üçün də əlindən gələni edir. Bunun da şübhəsiz rəsmi Tehrana görə, açıqlanan və açıqlanmayan müxtəlif səbəbləri var. Zəngəzur dəhlizi ilə bağlı Tehranın “qarın ağrısı”, zatən bəllidir. İran iddia edir ki, dəhliz İranla Ermənistan arasındakı əlaqəni kəsə, həmçinin NATO-nun nəzarətinə keçə bilər. 10 noyabr bəyanatının tələblərinə görə, dəhlizin təhlükəsizliyinə Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) sərhəd xidməti məsuliyyət daşımalıdır. Belə olduğu təqdirdə İran rəsmilərinin NATO haqqında ehtimallarının haradan qaynaqlandığı sualı çıxr ortalığa. Bəllidir ki, Tehranın “NATO” barədə iddiaları Türkiyəyə ünvanlanıb və İran narahatdır ki, Rusiyanın mövqelərinin zəifləyəcəyi təqdirdə, yaxud gələcəkdə Ankara ilə Moskva arasındakı konkret zaman kəsiyinin reallıqların uyğun olaraq, əldə olunacaq razılaşma əsasında dəhliz tamamilə Azərbaycan və Türkiyənin nəzarətinə keçə və Türkiyənin İranın iştirakı olmadan Xəzər dənizinə, oradan da Orta Asiyaya ən qısa yolla çıxışı təmin edilə bilər.
İranın yersiz və əsassız əndişələrdən birinin səbəbi isə, çox güman ki, Şimal-Cənub dəhlizi, daha doğrusu dəhlizin Qərb marşrutunun perspektivi ilə bağldır. 

Qeyd edim ki, "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi haqqında razılaşma Rusiya, İran və Hindistan arasında 12 sentyabr 2000-ci ildə Sankt-Peterburq şəhərində bağlanıb və 21 may 2002-ci il tarixindən qüvvəyə minib. Azərbaycan "Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi haqqında" sazişə 2005-ci ildə qoşulub. Sənədin ilk dəfə hansı ölkələrin iştirakı ilə imzalanmasını diqqət mərkəzinə gətirməkdə məqsədim, prosesdə dominant rol oynayan ölkələrin, hazırda özünü büruzə verən iddiaları ilə bağlıdır. Bu baxımdan, hesab edirəm ki, Hindistanın Ermənistanı silahlandırması ilə bağlı oynalınan hərbi-siyasi farsın ssenari müəlliflərindən biri də Tehrandır və bu düşünülmüş təxribatın da məqsədi Zəngəzur dəhlizi layihəsinin həyata keçirilməsinə manə yaratmaq, Azərbaycana təzyiq göstərməkdir. Hindistanın, müasir müdafiə sənayesindən illərlə geridə qalmış hərbi texnikasının İran ərazisindən keçirilərək Ermənistana gətirilməsi isə bu təzyiqin açıq şəkildə ifadə olunmasıdır. 

İndisə keçək məsələnin Zəngəzur dəhlizi ilə bağlı hissəsinə... Azərbaycan “Zəngəzur dəhlizi” planından əl çəkəcəkmi? Əlbəttə ki, yox! Zəngəzur dəhlizi mütləq gerçəkləşəcək və bu dəhliz layihəsi reallaşanadək Ermənistanla heç bir kommunikasiya açılmayacaq və açılmamalıdır da. Hətta Bakı ilə İrəvan arasında sülh müqaviləsi imzalansa da, Zəngəzur dəhlizinin gerçəkləşməyəcəyi təqdirdə Ermənistanla iqtisadi və diplomatik əlaqələrin qurulacağı inandırıcı görünmür. Eyni yanaşma Azərbaycanla bərabər Türkiyə üçün də keçərlidir. Qənaətimə görə, Bakı və Ankara Ermənistanın “dalan ölkə” statusunu möhkəmləndirmək üçün Gürcüstanla və İranla fəal şəkildə işləməlidirlər. Ermənistanın bütün nəfəs yolları kəsilməlidir. Hətta çətin görünsə də, hava məkanlarının Ermənistanın üzünə qapanması istiqamətində səylər göstərilməsini zəruri sayıram. Avtomobil və dəmir yolları, eləcə də dəniz limanları haqqında da daha ciddi şəkildə düşünmək lazım olduğu qənaətindəyəm. Qonşu ölkələrin bəzilərində dəniz limanlarının özəl sektora aid olduğunu, qanunvericiliyin xarici səhmdarlara maneə yaratmadığını da nəzərə almaq olar…

Elçin Mirzəbəyli

Visiontv.az