"Ermənisayağı" idiotizm
"Ermənisayağı" idiotizm
27.12.2023 Elçin Mirzəbəyli Tərəfindən

Təxminən 2 həftə öncə Ermənistanın baş nazirinin Avrasiya İqtisadi İttifaqına üzv ölkələrin dövlət və hökumət başçılarının Moskvada keçiriləcək zirvə görüşünə “qaçaraq” yaxud “uçaraq” gedəcəyini demişdim və gözlədiyim kimi də oldu. Nikol Paşinyan Moskvaya getməyə məcbur oldu, çünki başqa seçimi də qalmamışdı.

Aİİ-yə və Gömrük İttifaqına üzvlük Ermənistan üçün, sözün əsl mənasında həyati əhəmiyyət kəsb edir. Aİİ, təkrar ixracdan asılı olan Ermənistan iqtisadiyyatı üçün “ayaq üstə dayanmağın”, mövcudluğun yeganə yoludur.

Faktlara diqqət yetirək:

“Luys” Fondunun araşdırmalarına görə, 2022-ci ildə Ermənistan iqtisadiyyatının ən azı 24,8%-ni (təxminən 1,3 milyard dollar) təkrar ixrac təşkil edib. Əgər təkrar ixrac olmasaydı, ixracın artım tempi 2 dəfədən aşağı ola bilərdi. Fondun araşdırmaları nəticəsində hazırlanan hesabatda qeyd olunur ki, ötən il Rusiya Federasiyasına ixracın payı əhəmiyyətli dərəcədə artıb və 17,1%-dən 45,0% -ə çatıb. Təkcə 2022-ci ilin yanvar ayında Rusiyaya təkrar ixrac olunan minik avtomobillərinin sayı, nə az, nə çox, 800 mindən bir qədər artıqdır. “Forbes”in yazdığına görə, Ermənistan hökuməti ölkə iqtisadiyyatının “böyüdüyünü” önə çəkmək üçün, təkrar ixrac olunan məhsulları, bütün arayış və hesabatlarında “ixrac” kimi göstərir. Halbuki Ermənistanda avtomobil sənayesinin olmadığı hər kəsə bəllidir.

Başqa bir məqama diqqət çəkək: 2023-cü ilin doqquz ayında Ermənistanla Avropa İttifaqı arasında ticarət dövriyyəsi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 40%, ABŞ ilə isə 2 dəfə artıb. Fantastik göstəricilərdir, deyilmi? Əgər söhbət tarixdən, yaxud siyasətdən getsəydi, o zaman ermənilərin mif və əfsanə uydurmaqla bağlı “məharətləri”ni nəzərə alıb, bütün bunların üzərindən sükutla keçmək olardı. Amma iqtisadiyyatda rəqəmlər danışır... Ermənistanın qlobal iqtisadiyyatın pereferiyası olduğunu nəzərə alsaq, bütün bunları, yalnız iztehza ilə qarşılamaq mümkündür.

Əgər Ermənistan Avrasiya İqtisadi İttifaqının üzvü olmasaydı, şübhəsiz ki, bu “fenomenal” nəticələr də olmayacaqdı.

Vəziyyətin paradoksallığı, həm də ondan ibarətdir ki, Ermənistan Qərbə yaxınlaşdıqca, sanksiyalardan yayınmağın monitorinqi baxımından Qərbin İrəvana təzyiq göstərməsi də bir o qədər çətinləşir. Nə edəcəklər? Bəlkə Ermənistana qarşı sanksiyalar paketi qəbul etmək fikrinə düşəcəklər? Nəinki beynəlxalq hüququn norma və prinsiplərinə, hətta özlərinin elan etdikləri “dəyərlər”ə münasibətdə belə ikili standartlardan çıxış edən Qərb ölkələrindən belə bir addımı gözləmək, ən azı sadəlöhvlük olardı.

Moskvaya qaçaraq gedən Nikolun isə, sanki “ikinci nəfəsi” açılıb. Sınıq-salxaq nitqi ilə Zirvə görüşünün iştirakçılarına Avrasiya İqtisadi İttifaqının yaranma səbəblərindən və prinsiplərindən danışır. Paşinyanın iddiasına görə, Aİİ-nin siyasi, xüsusilə də geosiyasi gündəmi olmamalıdır. Bunu, məhz geosiyasi qarşıdurma kontekstində, Rusiyanın sanksiyalardan yayınması zərurətindən faydalanaraq, təkrar ixrac yolu ilə iqtisadiyyatını tamamilə çökməkdən qoruyan Ermənsitanın baş naziri deyir... Və görüş iştirakçılarından biri də bu, alayarımçıq siyasətçiyə xatırlatmır ki, onun dünyanın küncündəki ölkəsinin mövcudluğunu təmin edən əsas amil, məhz geosiyasi proseslər müstəvisindən Ermənistanın “offşor zonası” kimi varlığına olan ehtiyacdır...

Amma Aİİ üzvü olan ölkələrlə İran arasında dekabrın 25-də, Sankt-Peterburqda imzalanan Azad Ticarət Sazişi növbəti zirvə görüşündə Paşinyanın ənənəvi ritorikasına qayıdış üçün müəyyən əsaslar da yarada bilər.

Sazişdə məhsul çeşidinin demək olar ki, 90%-i üçün idxal gömrük rüsumlarının aradan qaldırılması nəzərdə tutulub. Bu isə o deməkdir ki, Ermənistan, artıq əvvəlki kimi təkrar ixrac hesabına böyük vəsaitlər qazana bilməyəcək. Ermənistanın, daha çox İrandan gələn məhsulların təkrar ixracından qazandığını nəzərə alsaq, mənzərə qismən də olsa göz önündə açılır. Amma Nikolun komandasının “nikbin” üzvləri sazişin ölkələrinin tranzit imkanlarını artıracağından danışırlar. Hətta bunun üçün xəritəyə gözucu nəzər salmaq da istəmirlər. Məsələn, həmin o... Vaan Kerobyan deyir ki, “İranı Avrasiya İqtisadi İttifaqına üzv ölkələrlə birləşdirən yeganə quru yolu Ermənsitandan keçir”...

Necə keçir? Haradan keçir? Bax, bu suallar barəsində Kerobyan düşünməyə və xəritəyə baxmağa vaxt tapmayıb. Məsələ burasındadır ki, Ermənistanla həmsərhəd ölkələrin heç biri Aİİ-nın üzvü deyil. Belə...

Çox həyasız məxluqdurlar, vallah. Qüsura baxmayın, bütün bunların siyasi dillə izahını vermək mümkün olmadı. Bunu da “ermənisayağı idiotizm” adlandıraq....

Elçin Mirzəbəyli

visiontv.az