Ən müasir imkanlara malik "Şahdağ" Turizm Mərkəzi insanlara yüksək xidmət edir
Ən müasir imkanlara malik "Şahdağ" Turizm Mərkəzi insanlara yüksək xidmət edir
30.06.2023 MEDİA Tərəfindən

İyunun 29-da “Şahdağ” Turizm Mərkəzinə yay mövsümünün başlanması ilə əlaqədar olaraq kütləvi informasiya vasitələrinin nümayəndələri üçün iki günlük mediatur təşkil edilib.

Visiontv.az xəbər verir ki, mediaturun məqsədi “Şahdağ“ Turizm Mərkəzinin yay turizminin inkişafı istiqamətində həyata keçirdiyi işlər, turistlərə göstəriləcək xidmətlər, eləcə də təqdim olunacaq turizm məhsulları və əyləncələr haqqında ictimaiyyəti məlumatlandırmaqdır.

Mediatur çərçivəsində KİV nümayəndələri üçün turizm mərkəzinin fəaliyyəti və potensialı ilə bağlı təqdimat keçirilib. Təqdimatda çıxış edən “Şahdağ” Turizm Mərkəzinin sədri Rüstəm Nəcəfov media nümayəndələrinə kompleksdə aparılan yenidənqurma və infrastruktur işləri, mərkəz ərazisində yerləşən hotellər və digər turizm obyektlərinin fəaliyyəti, qonaqlara təklif olunan yay əyləncə növləri, tədbirlər və gələcək planlar haqqında ətraflı məlumat verib.

Sədr hazırda qarşıya qoyulan əsas hədəfin mərkəzin təkcə qış turizmi baxımından deyil, ilin bütün fəsillərində fəaliyyət göstərən turizm mərkəzi kimi tanıdılması, eləcə də yerli və əcnəbi ziyarətçilərin sayının artırılması, müştəri məmnunluğunun yüksəldilməsi, həmçinin ölkədaxili və xarici tanıtım kampaniyalarının aparılması olduğunu diqqətə çatdırıb.

Rüstəm Nəcəfov Turizm Mərkəzinin ölkə xaricində geniş tanıtımı üçün bir sıra beynəlxalq sərgilərdə aktiv təşviqat işlərinin aparıldığını qeyd edib. Daha sonra media nümayəndələrinin maraq doğuran sualları cavablandırılıb.

Tədbirdə iştirak edən Visiomtv.az saytının əməkdaşı Bünyamin Bünyadzadənin  "Şahdağ" Turizm Mərkəzinin rəhbəri Rüstəm Nəcəfov sözügedən mərkəzin xarici turizm təcrübəsinin öyrənilməsi və gələcək yerli və xüsusi resurslar hesabına tibbi turizm üçün də imkanların yaradılması ilə bağlı suallarına cavab verib. Rüstəm Nəcəfov bildirib ki, sağlamlıq turizmi ilə bağlı bir neçə planları var. Hazırda Birləşmiş Ərəb Əmirliyinin yaşayan bir həkimin təklifi ilə turistlərin istirahətlə birgə sağlamlıq məsələləri, xüsusən nisbətən ağır çəkidən əziyyət çəkənlərin və digər bu kateqoriyadan olan şəxslərin sağlamlıq turizmindən yararlanması üçün işlərin getdiyini bildirdi. Eyni zamanda xüsusi müasir sauna -  hamam xidmətləri də nəzərdə tutulur.

Mediatur çərçivəsində KİV nümayəndələri turizm mərkəzində qonaqlara təklif olunan kanat yollarından, atraksionlardan və müxtəlif yay əyləncələrindən istifadə ediblər.

Bünyamin Bünyadzadə