Əli Əsədov Türkiyənin Vitse-prezidenti ilə İranın Azərbaycana dron hücumlarını müzakirə edib
06.03.2026

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə Türkiyə Respublikasının Vitse-prezidenti Cevdet Yılmaz arasında telefon danışığı olub.

Bu barədə  Nazirlər Kabinetinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, telefon danışığı əsnasında İran İslam Respublikası tərəfindən martın 5-də  Azərbaycan Respublikasına qarşı dron hücumları ilə bağlı kəskin etiraz bildirilib, bu hücumların beynəlxalq hüququn norma və prinsiplərinə zidd olduğu vurğulanıb.

Ə.Əsədov bildirib ki, ölkəmizə qarşı dron hücumları nəticəsində Naxçıvan Beynəlxalq Hava Limanı, məktəb və digər istiqamətlər İran tərəfindən atəşə məruz qalıb, bir neçə mülki şəxs xəsarət alıb, hava limanının terminal binasına ziyan dəyib.

Hadisədən sonra Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edərək dərhal  Azərbaycan xalqına dəstəyini ifadə etməsinin iki ölkə arasında mövcud olan sarsılmaz qardaşlıq və həmrəyliyin bariz təzahürü olduğu vurğulanıb.

Ə.Əsədov yaranmış vəziyyətlə bağlı Naxçıvan istiqamətində həyata keçirilən aviareyslərin təhlükəsizliyini təmin etmək məqsədilə uçuşların müvəqqəti olaraq İğdır hava limanına təşkil olunması ilə bağlı göstərilən operativ dəstəyə görə qardaş Türkiyə tərəfinə təşəkkür edib.

Telefon danışığı zamanı həmçinin mövcud vəziyyətdən irəli gələrək gündəlikdə duran aktual məsələlər müzakirə olunub.

visiontv.az