Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahimli barəsində qətimkan tədbiri seçilməsi
ilə bağlı qərardan verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Visiontv.az APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə qərar qəbul edilib.
Apellyasiya şikayəti təmin edilməyib, həbs qətimkan tədbirinin seçilməsi barədə qərar qüvvədə saxlanılıb.
Qeyd edək ki, Səbail rayon Məhkəməsinin qərarı ilə M. İbrahimli barəsində 2 ay 15 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
Ona Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə və ya onu zorla saxlamağa, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham irəli sürülüb.
Xatırladaq ki, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahimli barələrində aparılan araşdırma çərçivəsində DTX-də dindiriliblər.
Onların evində axtarış aparıldıqdan sonra DTX-yə aparılıblar.
Əli Kərimlinin və Məmməd İbrahimin evindəki axtarış və dindirilmə Ramiz Mehdiyevin DTX-da istintaq olunan cinayət işi ilə əlaqədardır.
Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.