Böyük Orta Doğuda və onun Cənubi Qafqaz hissəsində müharibə anonsu
Böyük Orta Doğuda və onun Cənubi Qafqaz hissəsində müharibə anonsu
29.06.2022 Ərəstun Oruclu Tərəfindən

Azərbaycan-Ermənistan sərhəddində və Qarabağın Rusiya "sülhməramlı" qüvvələrinin nəzarətində olan dağlıq hissəsində son günlər baş verənlər yeni müharibənin anonsuna bənzəyir. Məsələyə təkcə 2 ölkə arasında deyil, bütövlükdə Yaxın Şərq (daha dəqiq desək, Böyük Orta Doğu) bölgəsində baş verən hadisələr prizmasından baxdıqda bu, daha narahatedici görünür.

İran-israil münasibətlərinin daha da gərginləşməsi fonunda Tel-Əviviv Irana rəqib olan körfəz ölkələri ilə hərbi əməkdaşlığının intensivliyi də bunu deməyə əsas verir.

Bəs yeni regional müharibə ehtimalı nə dərəcədə yüksəkdir və bu, baş verərsə bütövlükdə bölgənin gələcəyi üçün nələri vəd edir?

Öncə müharibə təhlükəsini doğura biləcək mümkün səbəblərə nəzər salaq.

Burda ilk növbədə iki amil nəzərə alınmalıdır: enerji və logistika (nəqliyyat-kommunikasiya). Rusiyanın Ukraynaya hərbi təcavüzü nəticəsində Moskvanın Avropa bazarına enerji daşıyıcıları ixracının qarşısına çıxan maneələr AB ölkələrinin alternativ enerji mənbələri axtarışını aktuallaşdır.

Rusiya enerji daşıyıcılarına alternativ kimi isə Yaxın Şərq (Fars körfəzi) və Xəzəryanı bölgə ölkələrinin enerji ehtiyatları nəzərdən keçirilir. Bu mənada G7 sammitinin ardınca vəziyyətin gərginləşməsi təsadüfi görünməməlidir, belə ki, G7 ölkələrindən yalnız biri - Kanada enerji daşıyıcılarına olan tələbatı öz daxili resursları hesabına təmin etmək iqtidarındadır.

Deməli, Rusiya enerji daşıyıcılarının idxalının azaldılması da alternativ neft və qaz mənbələrinə tələbatı artırmaqdadır. Rusiya üçün belə dinamika sosial-iqtisadi, alternativ mənbələrə malik olan ölkələr üçün isə hərbi-siyasi təlatümlər riskinin artması deməkdir.

İkincilər üçün risklər daha çoxdur, çünki ortada enerji daşıyıcılarının Avropa bazarına ixracı üçün zəruri olan daşımalar da ayrıca bir risk doğuran faktordur. Buraya Şərq-Qərb (Çin-Avropa) daşımalarını da əlavə etdikdə rənglər bir qədər də tündləşə bilər. Amma Böyük Orta Doğuda müharibə təhlükəsi yaradan amillər təkcə bunlarla məhdudlaşmır.

İranın nüvə proqramı ətrafında davam edən gərginlik, İran-Ərəbistan yarımadası ölkələri münasibətlərindəki hərarət, son zamanlar daha da dərinləşən Suriya böhranı, Tel-Əvivlə Tehran arasında qızışan "kölgə müharibəsi" bölgənin hərbi-siyasi mənzərəsini bir qədər də mürəkkəbləşdirir.

Sadalananların geosiyasi düzənin dəyişməsinin aktiv fazasında baş verməsi şübhəsiz ki, müharibə risklərini daha da artırır. Bəs müharibə təhlükəsi nə dərəcədə reladır? Bu sualın cavabı mümkün savaşın tərəflər üçün hansı çıxarların (nəticələrin) ola biləcəyinin hesablanmasından keçir.

ABŞ həm daxili, həm də xarici siyasəti üçün indiki həssas mərhələdə maksimal dərəcədə müharibələrdən qaçmaqda maraqlı olmalıdır. Vaşinqton üçün bu gün Rusiya-Ukrayna savaşından ikincinin qalib çıxması daha önəmlidir, nəinki yeni müharibə ocağının alovlanması.

Yaxın Şərqin müharibəyə cəlb olunması isə dolayısı ilə də olsa ABŞ-ın iqtisadi vəziyyətinə neqativ təsir göstərə və hakimiyyətdə olan demokratların payızda Konqresə keçiriləcək aralıq seçkilərdə məğlubiyyətini təmin etmiş olardı.

Digər tərəfdən isə Rusiyanın Yaxın Şərqdə ikinci konfliktə cəlb olunması Moskvanın Ukraynada məğlub olmasına daha etibarlı zəmin yaradardı. Amma burda da bir məsələ var ki, Yaxın Şərqdə istənilən savaş ABŞ-ın da ona birbaşa cəlb olunması deməkdir.

Görünür, buna görə də Bayden administrasiyası İsrail-ərəb koalisiyasına dəstək verməkdənsə daha çox İranla nüvə danışıqlarının yenilənməsinə diqqət ayırır. Bu, həm də Tehranın Moskva ilə münasibətlərinin formatının dəyişməsi demək olardı.

Hərçənd İran diplomatiyasının ortaya belə gözləntilərin tam əksini qoya biləcəyi də istisna olunmamalıdır.

Rusiya bir tərəfdən "ikinci cəbhənin" açılmasında maraqlı olmasa da, digər tərəfdən isə Yaxın Şərqə çıxış əldə etməlidir. Buna nail ola bilməmək Moskva üçün həm geosiyasi məğlubiyyət, həm də onun neft-qaz siyasətinin uğursuzluğu demək olardı.

Çünki bu halda Rusiya həm alternativ enerji daşıyıcılarının Avropa bazarına çıxarılmasının qarşısını ala bilmir, həm də geosiyasi əhəmiyyətli "Şimal-Cənub" və "Şərq-Qərb" nəqliyyat-kommunikasiya dəhlizlərinə təsir imkanına malik olmur.

Xüsusilə Şimal-Cənub dəhlizinin işləməsi Moskva üçün həyati əhəmiyyət kəsb edir, amma digər tərəfdən də "ikinci cəbhədə" savaşa cəlb olunmaq hər iki istiqamətdə məğlubiyyətlə nəticələnə bilər.

İran indiki mərhələdə cənub cinahında savaşda maraqlı deyil, çünki mövcud şəraitdə Tehrana öz nüvə proqramını başa çatdırmaq lazımdır ki, sonrakı mərhələlərdə öz mövqeyini daha təsirli "arqumentlə" (nüvə silahı) əsaslandıra bilsin, amma onun bölgədəki rəqibləri olan Ərəbistan yarımadası olkələri, Türkiyə və İsrail də bunun nə demək olduğunu yaxşı anlayırlar.

Ankara-Tehran əlaqələrində çoxvektorlu xarici siyasət strategiyası üstünlük təşkil etsə də, son zamanlar ikitərəfli münasibətlərdə ciddi ziddiyyətlərin olması da nəzərdən qaçmır. Xüsusilə də Suriyada və Cənubi Qafqazda bu ziddiyyətlər özünü getdikcə daha qabarıq şəkildə göstərməkdədir.

Tehranın maraqları hər iki bölgədə daha çox Moskva ilə üst-üstə düşür. Amma deyildiyi kimi indiki mərhələdə nə İran, nə də Türkiyə hərbi qarşıdurmada maraqlı deyil.

Tehran üçün indi əsas vəzifə Türkiyənin Cənubi Qafqazda artmaqda olan təsirini əngəlləməkdir.

Əks halda onun üçün strateji əhəmiyyət kəsb edən İran-Rusiya nəqliyyat-kommunikasiya əlaqələri Bakı-Ankara cütlüyünün nəzarətinə keçir ki, bu da İranın Yaxın Şərqdəki mövqelərinə də təsirsiz ötüşməyəcək.

İsrail və onun yeni ərəb müttəfiqləri İranın nüvə proqramının ən azı ləngiməsində maraqlı olsalar da onların hətta koalisiya şəklində də Tehrana qarşı savaşda qalib gəlmək şansları minimaldır. Çünki söhbət real savaşdan getdikdə birincilərin texnoloji baxımdan və havada üstün olmaları kifayət etmir.

Quruda hərbi əməliyyatlarda isə Tehranın üstünlüyü danılmazdır. Deməli, birincilər ən yaxşı halda İranın nüvə obyektlərinə və onun Suriyada yaratmış olduğu hərbi infrastruktura hava zərbələri endirməklə kifayətlənə bilərlər, amma bu halda da Tehranın adekvat reaksiyasının olmayacağını düşünmək sadəlövhlük olardı.

Xüsusilə də İranın İsrailin və onun yeni ərəb müttəfiqlərinin çevrəsində yaratdığı "proxy" imkanlarından istifadə etməyəcəyi inandırıcı görünmür. Bu da həmin ölkələr üçün ağır nəticələr verə bilər. Xüsusilə də yenidən növbədənkənar seçkiyə getməyə hazırlaşan və bu səbəbdən də dayanıqlı hökumətə malik olmayan İsrail üçün.

Dünya gücləri arasında bölgədə savaşın baş verməsində ən az maraqlı olan isə şübhəsiz ki, Çindir. Görünür, buna görə də Pekin "aktiv gözləmə" mövqeyi tutaraq hələlik zaman-zaman əsasən ABŞ-a və NATO-ya ünvanlanan sərt bəyanatlarla kifayətlənməyə üstünlük verir.

Amma bütün sadalanın "hə" və "yox"lara rəğmən Böyük Orta Doğuda artan gərginliyin hərbi müstəviyə keçmək ehtimalı istisna deyil. Xüsusilə də onun Cənubi Qafqaz hissəsində.

Bu mənada Azərbaycan-Ermənistan sülh danışıqları fonunda sərt ritorikanın və İrəvanın (Moskva ilə birlikdə) atdığı təhrikçi addımlar Cənubi Qafqazda hərbi qarşıdurmanın yenidən aktuallaşmasına gətirib çıxara bilər.

Bu da prosesə bölgədə geosiyasi maraqları olan ölkələrin cəlb olunması ilə nəticələnərsə deməli, bölgə yenidən və bu dəfə daha geniş miqyasda hərbi əməliyyatlar meydanına çevrilə bilər.

politoloq Ərəstun Oruclu

visiontv.az