Bloomberg: Hörmüz boğazında gəmiçilik tamamilə dayanıb
21.04.2026

Son 48 saat ərzində Hörmüz boğazından bir dənə də olsun gəmi keçməyib. Bu barədə Bloomberg agentliyi gəmi trafikinə dair məlumatlara istinadən xəbər yayıb.

Məlumata görə, bazar günü boğazdan heç bir gəminin keçidi qeydə alınmayıb. İranın xarici işlər naziri Abbas Əraqçının bir gün əvvəl boğazın açıq olduğunu elan etməsinə baxmayaraq, şənbə günü ən azı 13 tanker açıq dənizə çıxmaq cəhdindən imtina edərək geri dönüb və yenidən Fars körfəzinə qayıdıb.

Bildirilir ki, ABŞ İran limanlarına qarşı tətbiq etdiyi dəniz blokadasını aradan qaldırmaqdan imtina etdikdən sonra Tehran yenidən strateji su yolunu bağlamağa qərar verib.

Nəticədə Fars körfəzində böyük həcmdə xam neft və maye təbii qaz (LNG) daşımaları ilişib qalıb. Bu vəziyyət isə qlobal iqtisadiyyata təsir göstərən enerji böhranının uzanmasına səbəb olur.

visiontv.az