Beynəlxalq Miqrasiya Təşkilatının Kəhriz Tədqiqat və İnformasiya Mərkəzi fəaliyyətə başlayır
06.12.2019

Beynəlxalq Miqrasiya Təşkilatı və Azərbaycan Dövlət Aqrar Universitetinin Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda kəhriz su sistemlərinin bərpası vasitəsilə məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə kənd yerlərinin kompleks inkişafı” layihəsi çərçivəsində yaratdıqları Kəhriz Tədqiqat və İnformasiya Mərkəzinin fəaliyyətə başlayır.

Visiontv.az-ın Beynəlxalq Miqrasiya Təşkilatından əldə etdiyi məlumata görə, mərkəzin açılış mərasimi 2019-cu il dekabr ayının 6-da saat 14: 00-da Azərbaycan Dövlət Aqrar Universitetində keçiriləcək. Tədbirdə Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri Vladimir Qyorqiyev və ADAU rektoru İbrahim Cəfərov, Gəncə şəhər icra hakimiyyəti, Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin nümayəndələri və s. qonaqlar iştirak edəcəklər.

Kəhriz Tədqiqat və İnformasiya Mərkəzi kəhriz sistemləri haqqında məlumatların toplanması, tədqiqatların aparılması, kəhrizlər haqqında məlumatların, bilik və təcrübələrin paylaşılması üçün unikal ixtisaslaşmış Mərkəz olacaq. Bu tərəfdaşlıq çərçivəsində ADAU-nun müəllimləri kəhriz mühəndisliyi üzrə təlimçi kurslarında iştirak etmiş və onların Naxçıvana 3 günlük işgüzar səfəri təşkil olunmuşdur. Tədqiqat səfəri onlara kəhriz su təchizatı sistemi haqqında biliklərini artırmaq və Naxçıvanda kəhrizlərin bərpa və onlara texniki qulluğun ən yaxşı təcrübələrini öyrənmələrini təmin etmək məqsədi daşıyırdı. Bundan əlavə, layihə çərçivəsində BMqT ilə birgə tədris planını hazırlaması nəzərdə tutulur. Bu tədris planı müvafiq mütəxəsisslərin hazırlanmasında istifadə ediləcək.  

BMqT-inin Koreyanın Beynəlxalq Əməkdaşlıq üzrə Agentliyinin (KOICA) maliyyə dəstəyi ilə həyata keçirdiyi “Azərbaycanda kəhriz su sistemlərinin bərpası vasitəsilə məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə kənd yerlərinin kompleks inkişafı” layihəsi çərçivəsində məcburi köçkünlərində sıx məskunlaşdığı Ağdam, Ağcabədi, Bərdə, Fuzuli, Gəncə, Qazax, Goranboy və Göygöl rayonlarının ərazisində 40-a yaxın kəhrizin bərpası nəzərdə tutulur.