İran niyə daha çox BƏƏ-ni vurur?
Birləşmiş Ərəb Əmirliklərinin rəsmiləri bildiriblər ki, regional qarşıdurmaların başlanmasından bəri İranın raket və pilotsuz aparat hücumlarının ən böyük hissəsi bu ölkənin ərazisinə yönəlib. Statistikaya görə, İranın BƏƏ-yə endirdiyi zərbələrin sayı hətta İsrailə edilən hücumlardan da çoxdur.
Regional media və müdafiə mənbələrinin yaydığı məlumatlara əsasən, Birləşmiş Ərəb Əmirlikləri açıqlayıb ki, Yaxın Şərqdə davam edən qarşıdurmalar zamanı İranın raket və pilotsuz aparat hücumlarının ən böyük payı məhz bu ölkəyə yönəlib.
Bir neçə gün əvvəl yayımlanan ilkin statistikaya görə, İranın region ölkələrinə ümumilikdə təxminən 2981 hücum həyata keçirdiyi bildirilirdi. Həmin vaxt BƏƏ 42.8٪ pay və 1276-dan çox hücumla siyahının ilk sırasında yer almışdı.
Eyni statistikaya əsasən, İsrail təxminən 20.1٪ və 600-ə yaxın hücumla ikinci yerdə idi. Ondan sonra Küveyt 16.8٪ və təxminən 500 hücumla növbəti sırada qərarlaşmışdı. Bəhreyn və Səudiyyə Ərəbistanı isə müvafiq olaraq 6.6٪ və 5.4٪ paya sahib idi.
Lakin 12 mart tarixində yayılan yeni məlumatlar göstərir ki, son günlər BƏƏ-yə yönələn hücumların sayı ciddi şəkildə artıb. Yenilənmiş statistikaya görə, bu ölkəyə indiyədək ballistik raketlər, qanadlı raketlər və pilotsuz aparatlarla ümumilikdə təxminən 1797 hücum həyata keçirilib.
Bu hücumlar arasında təxminən 268 ballistik raket, 15 qanadlı raket və 1514-dən çox pilotsuz uçuş aparatı olduğu bildirilib.
Məlumatlara görə, son 3 gün ərzində də yeni hücum dalğaları qeydə alınıb və bu hücumlara onlarla raket və yüzlərlə pilotsuz aparat daxil olub. Eyni zamanda regional media Dubay səmasında hava hücumundan müdafiə sistemlərinin raket və dronları məhv etməsi nəticəsində partlayış səslərinin eşidildiyini xəbər verib.
Yeni qiymətləndirmələrə əsasən, İranın region ölkələrinə ümumilikdə həyata keçirdiyi hücumların sayı artıq 3500–4000 raket və pilotsuz aparatı keçib.
Hücumların intensivliyinə baxmayaraq, müdafiə mənbələri bildirir ki, zərbələrin 90٪-dən çoxu hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib. BƏƏ-də indiyədək 6 nəfərin öldüyü və 131 nəfərin yaralandığı bildirilir. Yaralananların əksəriyyətinin pilotsuz aparatların qalıqları və ya qəlpələr nəticəsində xəsarət aldığı qeyd olunur.
Hərbi ekspertlərin fikrincə, İranın hücumlarının əsas hədəfi Fars körfəzi ölkələrində yerləşən ABŞ hərbi bazaları olub. Məhz bu səbəbdən Birləşmiş Ərəb Əmirlikləri regionda ən çox hücuma məruz qalan ölkə kimi göstərilir.
visiontv.az