Azərbaycanda vahid məktəb geyimi iranlı mollaları hələ də narahat edir
21.10.2026

İranın dini-elmi hövzələrinin rəhbəri Əlirza Ərafi Azərbaycanda vahid məktəbli forması qaydalarını tənqid edib və ölkə rəsmilərini şagird və müəllimlərin dini inanclarına hörmətlə yanaşmağa çağırıb.

Din xadimi yaydığı müraciətdə hicabı İslamda dini öhdəlik və müsəlman qadınların dini kimliyinin ifadəsi kimi təqdim edib. O bildirib ki, heç bir müsəlman ölkəsinin qadın və qızları hicab taxmaq hüququndan məhrum etməyə haqqı yoxdur.

Hökumət mollası Azərbaycanın əhalisinin əksəriyyətinin müsəlman olduğunu əsas gətirərək, ölkə rəsmilərindən hicablı şagird və müəllimlərin dini tələblərini nəzərə almağı istəyib.

İranın dini rəhbərliyinin nümayəndələri Azərbaycan məktəblərindəki geyim qaydalarına münasibət bildirməkdən yorulmurlar. Başqa ölkənin qadınlarına hicabın vacibliyini izah etmək asandır, amma qadınların öz geyimləri barədə sərbəst seçim etmək istəyinə münasibətdə eyni prinsipiallığı göstərmək daha çətin görünür.

visiontv.az