Azərbaycanda fəlsəfi və ictimai fikir tarixində əvəzsiz xidmətləri olan Firudin Köçərlini anım günüdür
Azərbaycanda fəlsəfi və ictimai fikir tarixində əvəzsiz xidmətləri olan Firudin Köçərlini anım günüdür
03.06.2023 MEDİA Tərəfindən

Firidun bəy Köçərli 1863-cü il yanvarın 26-da Azərbaycanın dilbər guşəsi Şuşa şəhərində anadan olub. Uşaqlığı qışda Əyricə kəndində, yayda Şuşada keçib. Atası Əhməd bəy şeirə-sənətə həvəs oyatmaq, fars dilini öyrətmək məqsədilə 1872-ci ildə onu Şuşada Mirzə Kərim Münşizadənin mədrəsəsinə qoyur. Firidun bəy dörd il bu mədrəsədə təhsil alır. Sonra rus dilinin cəmiyyətdə, xüsusilə də idarə işlərində daha böyük rol oynadığını və rus dilini bilən bəylərin çar məmurları yanında daha hörmətli olduğunu görən Əhməd bəy oğluna rusca təhsil vermək qərarına gəlir və Firidunu Şuşadakı rus məktəbinə qoyur.

Şuşadakı rus məktəbində oxuyarkən Qoridə yerləşən Zaqafqaziya Müəllimlər Seminariyasının müəllimi, tanınmış pedaqoq A.O.Çernyayevskinin müəllimlik peşəsinin şərəfli olması və Qori Müəllimlər Seminariyası haqqında söhbətləri gənc Firidunda bu seminariyada təhsil alıb müəllim olmaq şövqü oyadır. O, Şuşada rus məktəbini bitirib,1879-cu ildə atasının razılığı ilə Qoriyə gedir və imtahan verərək Qori Müəllimlər Seminariyasının Azərbaycan bölməsinin hazırlıq sinfinə qəbul edilir. Bu seminariya o zamankı Qafqazın ən mütərəqqi təhsil ocağı idi, tədris prosesində humanitar biliklərin və dillərin öyrənilməsinə ciddi fikir verilirdi. Hər bir şagird dərsdən kənar vaxtda oxuduğu əsərlərə dair xüsusi albom tərtib edirdi. Bu albomlarda Lomonosov, Puşkin, Qonçarov kimi sənətkarların tərcümeyi-halından müəyyən hissələr, Qoqol, Lermontov və Tolstoyun əsərlərindən ayrı-ayrı parçalar yazır, bu yolla onların dərslərdə qazandıqları biliklər daha da möhkəmləndirilirdi. Bütün bunlar gələcək müəllimlərin mədəni və hərtərəfli inkişaf etmiş mütəxəssislər kimi avamlığa və cəhalətə qarşı mübarizə ruhunda yetişməsinə təsir edirdi.Firidun bəy Köçərli Qori seminariyasında altı illik təhsilini başa vurduqdan sonra Azəri türklərinin qədim yaşayış məskənlərindən olan İrəvan şəhərindəki qimnaziyada pedaqoji fəaliyyətə başlayır. O, ana dili, şəriət və hüsnxətdən dərs deyir. Gənc müəllim şəhərin ədəbi-mədəni mühiti, xüsusilə də müxtəlif məktəblərin müəllimləri ilə tanış olur, onlarla pedaqoji təcrübə mübadiləsi aparır, onların işlədikləri məktəbə gedib dərslərində iştirak edir, bəzi müdərrisləri gimnaziyadakı təlim üsulları ilə tanış edir, onların iştirakı ilə özü də açıq dərslər deyirdi.1890-cı ildə Firidun bəy Köçərli müəllim Səfərəli bəy Vəlibəyovla birlikdə Krıma – Baxçasaraya gedib İsmayıl bəy Qaspıralı ilə görüşür. Onlar bir neçə gün İsmayıl bəyin evində qonaq qalır, İsmayıl bəydən və zövcəsindən yaxşılıq və nəvazişlər görürlər. İsmayıl bəy Qaspıralı qonaqlarını Krımın görməli yerləri, əyanları, yeni tipli məktəbləri, bu məktəblərdəki tədris üsulları ilə tanış edir. Gimnaziyada işləyərkən Firidun bəy Köçərli İrəvan ədəbi mühiti, xüsusilə məktəblərdə çalışan şairlərin yaradıcılığı ilə yaxından tanış olur, onların şeirlərini dinləyir, tərcümeyi-hallarını öyrənir. Bu dövrdə o, tərcüməçilik fəaliyyətinə başlayır, rus şairlərindən Puşkinin “Balıqçı ilə qızıl balığın nağılı” və Lermontovun “Üç xurma ağacı” şeirlərini Azərbaycan dilinə tərcümə edib, İrəvanda və Şuşada nəşr etdirir. Mühitdə öz bacarığı və savadı ilə dərin hörmət qazanan gənc Firidun ədəbi prosesi də böyük həvəslə izləyir, təzə çıxan kitabları oxuyub qiymətləndirir, klassik şairlər haqqında məlumat toplayır, biliyini zənginləşdirir.1895-ci ildə Firidun bəy Köçərli Qafqaz təhsil dairəsinin əmri ilə Qori Müəllimlər Seminariyasına keçirilir və bu vaxtdan Firidun bəyin elmi-pedaqoji və ədəbi-ictimai fəaliyyətinin yeni mərhələsi başlayır. Ədib seminariyanın qabaqcıl müəllim heyəti ilə sıx əlaqə saxlayır, oranın zəngin kitabxanasından faydalanmaqla bilik dairəsini genişləndirir, Tiflisdə və Bakıda çıxan “Kolxoz”, “Kaspi”, “Zakavkazye”, “Şərqi-rus” qəzetlərini izləyir, həmin mətbuat orqanlarında müxtəlif yazılarla çıxış edir.Firidun bəy Köçərli Qoriyə köçdükdən iki il sonra Qazax qəzasının Salahlı kəndindən olan Badisəba xanımla ailə qurur, ömrünün sonuna qədər bu mehriban xanımın qayğısı altında yaşayır. Həyat yoldaşından 18 yaş kiçik olmasına baxmayaraq, Badisəba xanım onunla məslək, əqidə dostluğu edib, Firidun bəyin sağlamlığı və rahat işləməsi üçün ailədə lazımi şərait yaratmaqdan, onun yazılarının üzünü köçürməkdən və qorumaqdan həzz alıb. Ədibin vəfatından sonra “Azərbaycan ədəbiyyatı” kitabını qoruyub saxlayan və 1925-ci ildə çap olunmaq üçün “Azərnəşr”ə təqdim edən də Badisəba xanım olub. 20 ildən artıq bir yerdə yaşayan bu ailəni övladsızlıq dərdi sıxsa da, onların bir-birinə olan sevgisini soyutmayıb, həm Firidun bəy, həm də Badisəba xanım şagirdlərə böyük məhəbbətlə, ata-ana sevgisi ilə yanaşaraq, onların təlim-tərbiyəsi, müasir vətəndaş kimi yetişməsi uğrunda yorulmadan çalışıb, bu yolda bütün enerjilərini sərf ediblər.1910-cu ilə qədər Qori seminariyasında müəllim işləyən Firidun bəy Köçərli həmin ilin əvvəllərində çox az müddətdə seminariyanın Azərbaycan şöbəsinin inspektoru vəzifəsini icra edib, 1917-ci il avqust ayının 17-də isə həmin şöbənin inspektoru vəzifəsinə təyin edilib. Fəqət bu zaman çarizmin süqutu ilə əlaqədar ölkədə hərcmərclik çoxalmış, Qori seminariyasının nüfuzu zəifləmişdi. Bəzən günlərlə dərs keçilmirdi. Acınacaqlı vəziyyətin yarandığını görən Firidun bəy Köçərli Azərbaycan Maarif Nazirliyindən icazə alıb, 1918-ci ilin sentyabr ayında Qori seminariyasının Azərbaycan bölməsinin ləvazimatını Qazaxa köçürür. O, ziyalıların köməyi ilə çox sayda şagird toplayır və 1918-ci il sentyabr ayının  17-də Qazaxda Azərbaycan Müəllimlər Seminariyasında ilk dərsin başlandığını xəbər verən zəngi çalır.Qazax seminariyasında direktor və pedaqoqika müəllimi vəzifəsində işləyən Firidun bəy Köçərli təkcə dərs demək, yaxud seminariyanı idarə etməklə kifayətlənməyib, əhalini maarifləndirmək üçün başqa işlərin də həyata keçirilməsinə nail olub, ADR-nin təhsil siyasətini həyata keçirmək, xalqı maarifləndirmək uğrunda yorulmaq bilmədən gecə-gündüz çalışıb. Fəqət Azərbaycan Xalq Cümhuriyyətinin süqutu, bir çox başqa xalqsevər ziyalılar kimi, Firidun bəyin də arzularını gözündə qoyur. 1920-ci il aprel çevrilişindən az sonra may ayının əvvəllərində Firidun bəy Köçərli Qazax İnqilab Komitəsi tərəfindən həbs edilib Gəncə Fövqəladə Komissiyasının sərəncamına göndərilir. Burada onu müsavatçı olduğuna görə “əksinqilabçı” və “millətçi” damğası vuraraq günahlandırırlar. Guya Azərbaycan Xalq Cümhuriyyəti dövründə Firidun bəy Köçərli ona verilən səlahiyyətlərdən istifadə edib xalqı aldatmış, yoxsul kəndlilərin torpaqlarını şallaq gücünə mənimsəmiş, bu yerlərdə milli nifaq törətmişdi. İttihamların hamısını rədd etməsinə baxmayaraq, Gəncə Fövqəladə Komissiyası Firidun bəyi ölüm cəzasına məhkum edir və günahsız ədib 1920-ci il iyun ayının 5-də güllələnərək qətlə yetirilir...XIX əsrin sonları, XX əsrin əvvəllərində yazıb-yaradan ziyalıların əksəriyyəti kimi Firidun bəy Köçərli də ictimai fəaliyyət meydanına M.F.Axundzadə və H.B.Zərdabinin maarifçilik ideyalarının, onların başlatdıqları işin davamçısı kimi çıxmışdı. O, eyni zamanda həm məktəbdə çalışır, gənclərə bilik öyrədir, həm də məişətdə gördüyü mədəni geriliyə, cəhalətə qarşı çıxır, camaatı mənəvi azadlığa, müasir təhsilə, əxlaqi saflığa, imana çağırırdı.Azəri türklərinin mənəvi mədəniyyətinin, ədəbi-elmi fikrinin inkişaf tarixində Firidun bəy Köçərli üç fəaliyyət sahəsi ilə tanınır: o, millətin maariflənməsi üçün bütün süurlu həyatını və enerjisini sərf edən yorulmaz müəllim, yaşadığı dövrün ictimai problemlərinə fəal münasibət bildirən həssas yazıçı-publisist, nəhayət, istedadlı ədəbiyyatşünas-alimdir. Bu fəaliyyət sahələrinin hər üçündə Firidun bəy bənzərsiz ədəbi şəxsiyyətdir. Bəs Firidun bəy Köçərlinin hansı fəaliyyət sahəsi daha üstündür? Heç şübhəsiz, müəllimliyi! Bəli, Firidun bəy Qori Müəllimlər Seminariyasını bitirdikdən sonra bütün ömrünü müəllimlik işinə həsr edib. Onun pedaqoji baxışlarının əsas prinsipi xəlqilik idi. Təlimin mərkəzində isə ana dilinin öyrənilməsi dayanırdı. Firidun bəy Köçərli yazırdı: “Bir millətin malını, dövlətini və hətta vətənini əlindən alsan, ölüb-itməz, amma dilini alsan, yox olar və ondan bir nişanə qalmaz. Ana dili millətin mənəvi diriliyidir. Ananın südü bədənin mayəsi olduğu kimi, ananın dili də ruhun qidasıdır. Hər kəs öz anasını və vətənini sevdiyi kimi, ana dilini də sevməlidir. Onu əziz və möhtərəm tutmaq hər kəsin borcudur.”

Firidun bəy Köçərli ana dilinin aşiqi idi. Onun 1913-cü ildə qələmə aldığı “Ana dili” məqaləsi o dövr üçün çox böyük əhəmiyyət kəsb etdi. Bir sıra qələm sahibləri müxtəlif jurnallarda qəliz bir dildə yazılan məqalələr dərc etdirərək Azərbaycan dilini korlayırdılar. Həmin vaxt Firidun bəy belə mətbuata qarşı amansız mübarizə aparırdı.Ensiklopedik biliyə malik görkəmli pedaqoq-alim Firidun bəy Köçərlinin fəaliyyət istiqamətlərinin hər biri ayrıca tədqiqatın predmetidir. Onun pedaqoji və ədəbiyyatşünaslıq sahələrində fədakar, yorulmaz fəaliyyəti, publisistik irsi Azərbaycanın elmi-mədəni inkişafında mühüm iz qoyub.

Firidun bəy Köçərli müəllimliklə eyni vaxtda tərcüməçiliklə də məşğul olub. İrəvan gimnaziyasında çalışarkən o, qədim yunan filosofu Sokratın “Təlimati-Sokrat” kitabını, rus şairləri A.S.Puşkin və M.Y.Lermontovun şeirlərini azərbaycan dilinə, M.F.Axundzadənin “Aldanmış kəvakib” povestini rus dilinə çevirərək nəşr etdirib. Ədibin publisistik və tənqidçilik fəaliyyəti də İrəvan gimnaziyasında müəllimlik etdiyi dövrdən başlanır. İrəvan gimnaziyasında çalışarkən o, Azərbaycan-türk ədəbiyyatına dair müxtəlif nümunələr, əlyazma nüsxələrini və bir çox məlumatları toplayaraq tədqiq etməyə başlayıb, 20 illik gərgin zəhmətdən sonra 1908-ci ildə üçcildlik məşhur “Azərbaycan ədəbiyyatı” kitabını yazıb. Bu kitab Azərbaycan ədəbiyyatı tarixini yaratmaq sahəsində çox mühüm, olduqca əhəmiyyətli bir kitabdır. Firidun bəy Köçərli bu kitabda 130-a qədər şair və yazıçı haqqında bəhs etməklə Azərbaycan ədəbiyyatının varlığını, onun tarixi qədimliyini və bədii-estetik qüdrətini dananlara tutarlı cavab verir, səhv düşüncələri alt-üst edir. Ədib təkzibolunmaz faktlarla sübuta yetirir ki, dünyanın ən qədim mədəni xalqlarından olan Azəri türklərinin özü kimi, onların yaratdıqları söz sənəti də yaşı minillərlə ölçülən qocadan-qoca, son dərəcə humanist-bəşəri məzmunlu, bədii forma baxımından heyrətamiz dərəcədə rəngarəng bir sənətdir. Yəni Firidun bəy bu əsərdə Azərbaycan ədəbiyyatının tarixi qədimliyini və estetik zənginliyini ortaya qoyur. O bu kitabı özü üçün əziz və mübarək bir kitab hesab edir, onun gözəl bir surətdə təbliğ olunmasını arzulayırdı. Alimin bu arzusunu xalqının qədirbilən övladları həyata keçirib. Yəni Firidun bəyin vəfatından sonra bu kitab üç dəfə böyük tirajla nəşr olunaraq ictimaiyyətə təbliğ olunub.

Firidun bəy Köçərli zülmətdə parlayan bir ulduz kimi ətrafa nur saçırdı. Maarif fədaisi kimi sorağı İrəvandan, Qazaxdan, Gəncədən gəlirdi. Firidun bəy millətinin aşiqi idi. O, gənc nəslin təhsil almasında, maariflənməsində, mədəni inkişafında bir məşəl kimi alovlanırdı. Xalqımız böyük mütəfəkkir Firidun bəy Köçərlini heç vaxt unutmayacaq.

Visiontv.az