Avropa İttifaqına bağlı “commonspace.eu” saytında erməni yazar Benyamin Poqosyanın “President Aliyev does not intend to sign a peace agreement with Armenia” (Prezident Əliyev Ermənistanla sülh sazişi imzalamaq fikrində deyil) adlı məqalə ilə çıxış edib. Məqalə başdan-ayağa ermənilərin maraqlarının müdafiəsinə köklənib. Məsələn, müəllif iddia edir ki, Türkiyə 44 günlük müharibəyə zamanı birbaşa hərbi baxımdan prosesə cəlb olunub. Az qalır desin ki, Azərbaycanın yerinə Türkiyə Ermənistanla vuruşub...
Başqa bir məqam, Benyamin Poqosyan yazır ki, regional əməkdaşlıq platforması kimi böyük əhəmiyyət kəsb edən “3+3” formatı Rusiyaya məxsusdur. Halbuki bu təşəbbüsün müəllifi Azərbaycandır. Ancaq bu formatı İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan birlikdə elan edib.
Müəllif həqiqəti nədən bu dərəcədə təhrif edir? Aydındır ki, Qərbdə Rusiyaya bağlı bütün təşəbbüslər süngü ilə qarşılanır. “3+3” formatını da Rusiyanın ayağına yazmaqla Qərb auditoriyası tərəfindən bu yanaşmanın tamamilə və qətiyyətlə rədd edilməsinə nail olmaq istəyirlər.
Ancaq bu yazıda bizim üçün maraqlı məqamlar da var. Məsələn, müəllif yazır ki, Azərbaycan getdikcə Ermənistandan daha çox güzəşt tələb edir. Konkret olaraq söhbət nədən gedir?
1) Ermənistan konstitusiyasının və digər qanunların (Türkiyə və Azərbaycana qarşı irəli sürülmüş torpaq iddialarının aradan qaldırılması üçün) dəyişdirilməsi.
2) Ermənistan üzərindən Naxçıvana ekstraterritoriya standartında dəhlizinin verilməsi.
3) 1992-ci ilin fevralında Xocalıda baş verənlərin Ermənistan tərəfindən soyqırım (genosid) kimi tanınması.
4) Azərbaycanın davamlı şəkildə Qərbi Azərbaycan məsələsini gündəmə daşıması.
Məsələn, mən indiyə kimi bilmirdim ki, Azərbaycan tərəfi Xocalı olayının Ermənistan tərəfindən genosid kimi tanınmasını tələb edir. Bu, son dərəcə önəmli məsələdir. Və bu şərti qarşı tərəfin qəbul etməsi Azərbaycan və Türkiyəyə böyük üstünlüklər verə bilər...
Məqalənin sonunda müəllif təklif edir ki, ABŞ və Avropa İttifaqı Azərbaycana təzyiqləri gücləndirsin ki, rəsmi Bakı Ermənistanla sülh müqaviləsi imzalasın. Bir vaxt Rusiyanın hesabına bizə yekəbaş münasibət sərgiləyən ermənilər indi də öz problemlərini Qərbin köməyi ilə həll etməyə çalışırlar...
Elbəyi Həsənli
visiontv.az