"Azərbaycan türkləri Türk dünyasının mərkəzi sütunudur"
05.05.2026

Dünya şöhrətli fransız tarixçi və diplomat Viktor Berrar

Fransa uzun illər Türk dünyası ilə maraqlanmış, müxtəlif dövrlərdə bu coğrafiyaya səyyahlar, alimlər və kəşfiyyatçılar göndərib məlumatlar toplamaqla məşğul olub. Düzdür, onların bəzilərində əsl faktları gizlətməsinə rast gəlsək də, əksər müəlliflər həqiqətləri yazmaqdan çəkinməyiblər. Bunlardan biri də tanınmış fransız diplomatı, tarixçisi, coğrafiyaşünası Viktor Berrardır. Fransa Senatının üzvü və Senatın Xarici İşlər Komissiyasının sədri olan Viktor 1910-cu ildə "Persiya və pers qarışıqlığı" kitabı (Révolutions de la Perse) o dövr üçün dünya xəritəsində Türklərin keçdiyi yolu və hazırkı mövqelərini mənbələr ilə yazıb.

Müəllif həmin dövrün geosiyasi və etnoqrafik mənzərəsini çox maraqlı bir metafora — "Üç öküz" (dayaq nöqtəsi) obrazı ilə təsvir edir. Müəllif türk dünyasını nəhəng bir silsilə kimi görür və onun əsas sütunlarını bu şəkildə qruplaşdırır:

Birinci Dayaq (Qərb): Balkanlar və Anadolu

Bu, Osmanlı coğrafiyasını əhatə edən hissədir. Berar qeyd edir ki, burada türk sivilizasiyası möhkəm qərar tutsa da, qədimdən gələn "ellin axını" ilə daimi təmasda və rəqabətdə olub.

İkinci Dayaq (Şərq): Orta Asiya və Qaşqar

Xəzər dənizindən Şərqi Türkistana qədər uzanan ərazini əhatə edir. Türkmən, Qazax, Özbək və Qırğız tayfaları Uzaq Şərqə qədər türklər ilə mütəmadi qohumluq əlaqələri qurub.

Üçüncü Dayaq (Mərkəz): Persiya və Qafqaz

Berarın "mərkəz" adlandırdığı və əslində ən mürəkkəb hesab etdiyi hissə məhz buradır. O, Persiya daxilindəki türk tayfalarını və Azərbaycan türklərini bir araya gətirir:

Təbrizlə Bakı arasındakı məkanı — yəni vahid Azərbaycan coğrafiyasını — türklüyün əsas mərkəzi dayaqlarından biri kimi göstərir.

Fransız tarixçi o dövrdə Tatar və yaxud Azəri kimi adlanan millətin əslində Azərbaycan türkləri olmasını yazır və qeyd edir ki, məhz onlar türk dünyasının mərkəzi və ən dinamik sütunudur

"Üç öküz" metaforasında Azərbaycan türkləri mərkəzi mövqedədir. Berar hesab edir ki,

Qərbdəki Osmanlı türkləri ilə Şərqdəki Türküstan türkləri arasında körpü və dayaq rolunu məhz Azərbaycan türkləri oynayır.

Berar Azərbaycanı türk dünyasının üç əsas sütunundan biri və ən strateji olanı hesab edir.Berar Azərbaycan türklərini regionun digər xalqları ilə müqayisə edərkən onları "döyüşçü, idarəçi və enerjili" kimi xarakterizə edir.

Onlar eyni zamanda da Persiya daxilinə doğru uzanan türk nüfuzunun əsas mənbəyidir.Müəllif Azərbaycan türklərini sadəcə bir etnik qrup kimi deyil, idarəedici bir qüvvə kimi təsvir edir.

O, bu milləti "Pers dalğalarının" vurduğu, lakin sarsıda bilmədiyi bir qayalıq kimi təsvir edir və fikirini belə izah edir ki, Britaniya, Rusiya və Perslər Ruslar bölgənin türklərini öz nəzarəti altında saxlamağa çalışırlar, çünki böyük dövlətlər türk millətinin vahid bir gücə çevrilməsindən ehtiyat edirlər.

Berar türk dilinin iqtisadi gücünə diqqət çəkir. O, Təbriz bazarını və Bakının inkişaf edən sənayesini təsvir edərkən qeyd edir ki, bu xalqın Ana dili olan Türk dili Qafqazdan Fars körfəzinə qədər uzanan ticarət yollarında ortaq ünsiyyət dili rolunu oynayır. Azərbaycan dilinin özəyini Oğuz türkcəsi təşkil edir deyə o qeyd edir

Berar Azərbaycan dilini türk dünyasının mərkəzi sütunu (öküzü) adlandırarkən, bu dilin tarixən "mədəniyyət yayıcısı" olduğunu qeyd edir. O bildirir ki, bu dil əsrlər boyu nəinki türklərin, həm də bölgədəki digər etnosların ortaq anlaşma dili olub.

Viktor Berarın gözündə Azərbaycan "Coğrafiyanın başı və beyni" kimidir. O hesab edir ki, əgər bu "mərkəzi öküz" yerindən oynasa, bütün regionun xəritəsi və siyasi nizamı dəyişər.

Müəllif qeyd edir ki, bu coğrafiya Azərbaycan türklərini "dağların sahibi" edib. Bu səbəbdən onlar istər rus, istərsə də digər xalqların təzyiqinə qarşı digər xalqlardan daha dözümlü və müqavimətli olublar.

Prof.Dr. Zaur Əliyev

visiontv.az