İran monolit deyil: ölkədaxili parçalanmalardan istifadə strategiyası
05.05.2026

Hərbi təzyiq öz limitinə çatıb. İranın etnik azlıqlarını gücləndirərək federativ gələcəyə doğru yönləndirmək Qərb üçün daha dayanıqlı, uzunmüddətli strategiya önə sürür - ABŞ Xarici Əlaqələr Şurası (Council on Foreign Relations) beyin mərkəzi.

1979-cu ildən etibarən islamçı ruhani elita İranda “Vilayət-i fəqih” adlı inqilabi şiə doktrinanı tətbiq edib. Bu ideologiya ruhanilərin hakimiyyətindən istifadə edərək ərəblərə, sünni müsəlmanlara, amerikalılara və israillilərə qarşı “müqavimət oxu” qurmağı hədəfləyir. 

Bu idarəetmə modeli ölkəni qonşularından və dünyadan təcrid edib. Bu durum bir çoxlarını, o cümlədən Henri Kissinceri, İranın ölkə yoxsa ətrafında birləşilməli olan ideya olub-olmadığını sorğulamağa vadar edib. Və təbii ki, İran ideyadır, lakin ABŞ bir ölkəyə zərbə vurur, ancaq ideologiyası ilə kimliyini hədəf almır.

Buna görə də mövcud münaqişədə tətbiq olunan bombalar və blokadalar uzunmüddətli həll təqdim etmir. Son həftələrdə İranın ərəb qonşularına minlərlə pilotsuz uçuş aparatı və raketlə hücum etməsi yeni “qırmızı xəttin” keçildiyini göstərir. Köhnə nizam artıq davam etmir.

Bu isə yeni yanaşma tələb edir. İran uzun illərdir Bəhreyn, İraq, Livan, Səudiyyə Ərəbistanının şərq bölgəsi, Suriya və Yəməndə sünni-şiə bölünməsindən istifadə edərək mövqeyini möhkəmləndirib. ABŞ və müttəfiqləri də eyni strategiyanı tətbiq edərək İranın daxili bölünmələrini gücləndirməlidir.

Təkcə hərbi təzyiq “Vilayət-i fəqih” ideologiyasını neytrallaşdırmayacaq. Daha ağıllı strategiya ölkədaxili etnik və siyasi parçalanmalardan istifadə edərək İranı ayətullahlardan sonrakı federativ sistemə yönəltməkdir. İran etnik və mədəni baxımdan olduqca rəngarəndir. Dəqiq demoqrafik məlumat əldə etmək çətin olsa da, bəzi təxminlərə görə farslar əhalinin 50 faizindən azını təşkil edir. “Fars” əslində ölkənin cənub-qərbində yerləşən konkret bir bölgəni ifadə edir, lakin İran yalnız bundan ibarət deyil. Qərb milyonlarla insanı əhatə edən etnik qruplarla — azərbaycanlılar, əhvazi ərəblər, bəluclar, kürdlər, lurlar, taciklər və türkmənlərlə — əməkdaşlıq edərək rejimi zəiflədə bilər. Bu qrupların bəziləri separatizm və ya regional idarəetmədə daha geniş səlahiyyətlər tələb edir, hətta silahlı qanadlara malikdir.

Aydın zəif nöqtələr də mövcuddur. Məsələn, İranın neft ehtiyatlarının 80 faizi və qaz ehtiyatlarının 60 faizi Xuzistanda yerləşir. Bu bölgə ölkənin Əhvaz Ərəblərin vətənidir. 1921-ci ildə hakimiyyəti ələ keçirən Rza Şah Pəhləvi 1924-cü ildə onların muxtar əmirliyini ləğv etmişdi. Bu qərarın yaratdığı narazılıq heç vaxt tam aradan qalxmayıb. Bölgə zəngin resurslara malik olsa da, pis idarəetmə nəticəsində işsizlik səviyyəsi ölkədə ən yüksək həddə çatıb. 2017-ci ildə Xuzistanda başlayan etirazlar sonradan su qıtlığı kimi problemlərlə bağlı olaraq bütün ölkəyə yayıldı.

Digər gərginlik nöqtələri də mövcuddur. İranda sünni müsəlmanlara Tehranda məscid tikmək qadağandır. Ən böyük qeyri-müsəlman azlıq olan bəhai icmasının üzvləri mütəmadi olaraq həbs edilir və təqiblərə məruz qalır. Erməni və Aysor xristianlara ibadət zamanı fars dilindən istifadəetməyə icazə verilmir. Müharibə ilə birlikdə bu narazılıqların siyahısı daha da genişlənir.

2009-cu ildən bəri İran xalqları etirazlar vasitəsilə azadlıq istədiklərini göstərirlər. Sonrakı illərdə beş böyük ümummilli üsyan baş verib. Bu etirazlar həm kiçik mühafizəkar şəhərləri, həm də etnik azlıqların sıx yaşadığı bölgələri əhatə edib. 2019-cu ildə yenidən Xuzistan, 2022-ci ildə isə kürd bölgələri etirazların mərkəzinə çevrildi. Bəxtiyari icması kimi digər qruplar da kimlik məsələlərinə həssas yanaşır — hətta 2014-cü ildə çəkilmiş bir film belə etirazlara səbəb olmuşdu. Bu prosesin davam edəcəyi gözlənilir.

Vaşinqton vahid müxalifət axtarır, lakin İran cəmiyyəti monolit olmadığından müxalifət də vahid deyil.

ABŞ bu strategiyaya azlıqların səsini gücləndirən media və vətəndaş cəmiyyəti təşəbbüslərini maliyyələşdirməklə başlaya bilər. Beynəlxalq platformalarda və diplomatik münasibətlərdə azlıqların problemlərinin tanınması mühüm siqnal verə bilər. Ümumi iqtisadi sanksiyalar əvəzinə daha hədəfli yanaşma tətbiq olunaraq rejimlə xalq arasında fərq qoyulduğu göstərilə bilər. Regional tərəfdaşlar da bu prosesdə rol oynaya bilər.

Bununla yanaşı, əvvəllər kürd qruplarına verilən dəstəyin üsyana səbəb olmaması göstərir ki, bu qruplar daha ciddi təhlükəsizlik zəmanətləri tələb edir. ABŞ rəhbərliyi Ankara, Bakı, Yeni Dehli və Körfəz regionuna səfərlər edərək bu məsələyə beynəlxalq diqqəti artıra bilər.

Bununla İranın diqqəti daxilə yönələcək və narazı qrupların — azərbaycanlıların, əhvazi ərəblərin, bəlucların, kürdlərin, lurların, farsların, taciklərin və türkmənlərin — gücləndirilməsi ilə böyük və əməkdaşlığa əsaslanan bir ölkə quruculuğu prosesi başlaya bilər. İranın gələcəyi İslam Respublikasında deyil, federativ İranda görülür. Vaxt keçdikcə bəzi bölgələr Tehrandan ayrılmaq istəsə, buna icazə verilməlidir. Yerli referendumlar vasitəsilə azərbaycanlıların Azərbaycandakı soydaşları ilə birləşmək istəyib-istəmədikləri, bəlucların isə ayrılmaq istəyib-istəmədikləri müəyyən edilə bilər. Pakistanın sülh danışıqlarına ev sahibliyi etməsi qismən İran–Pakistan sərhədində bəluç separatizminin qarşısını almağa yönəlib. Lakin 2024-cü ildə baş verən kimi İranla Pakistan arasındakı gərginlik məhz İranı daxili problemlərinə yönəlməyə məcbur edə bilər və onun Livan, Səudiyyə Ərəbistanı, Suriya və Yəməndə ABŞ müttəfiqlərinə qarşı müdaxiləsini məhdudlaşdıra bilər.

Federasiya quruluşunun tənqidçiləri İraq nümunəsini göstərsələr də, bu müqayisə düzgün deyil. Orada problemlər qəfil hakimiyyət boşluğu, şiə çoxluq fonunda sünni liderin devrilməsi və işğalçı qüvvənin məzhəb qrupları arasında bölgü aparmaq planının olmamasından qaynaqlanmışdı. İranda isə etnik qruplar əsasən konkret coğrafi bölgələrdə cəmləşib və qeyri-fars qonşu xalqlarlahəmsərhəddir. Bu reallıqlar əsasında qurulan federasiya real siyasi model kimi işləyə bilər. Bunun vahid federativ dövlətə və ya bir neçə müstəqil dövlətə gətirib çıxaracağını isə Vaşinqton və ya Tehran deyil, yerli xalqlar müəyyən etməlidir.

Əks halda, ABŞ mövcud kursunu davam etdirsə, İran rejiminə uzunmüddətli münaqişədə Qərbi yormaq imkanı verəcək — bu isə onları qorxutmur. Farslar şahmatı ilk oynayan xalqlardan hesab olunur və uzunmüddətli strategiyaların ustasıdırlar. Mövcud hakimiyyət nümayəndələri tarix, ilahiyyat və fəlsəfə barədə uzun mühazirələr apararaq Roma ilə İran arasında yüzillərlə davam etmiş müharibələri misal çəkirlər. Bu müharibələr yalnız ərəb qüvvələrinin Sasani dövlətini devirməsi ilə başa çatmışdı.

Qərb özünü yeni Roma kimi aparmaqla qalib gələ bilməyəcək. Qələbə yerli xalqların gücləndirilməsi ilə mümkündür. Bu ən azı, mərkəzsizləşmiş hakimiyyətə malik və Tehrandakı ideoloji ruhani elitanın təsirini zəiflədən yeni İran modelinə gətirib çıxara bilər. Ən maksimumu isə ABŞ və müttəfiqləri mübarizəni rejimin ən həssas nöqtəsinə — etnik və separatçı siyasət sahəsinə yönəldər.

Türkiyə bu “daxildən yanaşma” strategiyasının gücünü anlayır. İran əhalisinin əhəmiyyətli hissəsini təşkil edən azərbaycanlıların şimalda Azərbaycan adlı öz dövlətləri var. Azərbaycan İsraillə diplomatik və təhlükəsizlik əlaqələrinə malik olmaqla yanaşı, Türkiyə ilə mədəni və dil baxımından yaxın olan dünyəvi şiə dövlətdir. 2020-ci ildə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Araz çayının azərbaycanlıları iki yerə bölməsindən bəhs edən şeir misraları səsləndirmişdi. Buna cavab olaraq İranın xarici işlər naziri sosial mediada tənqidi açıqlamalar vermiş, dövlət mediası isə Ərdoğanı nüfuzdan salmağa çalışmışdı. Onlar yaxşı bilirdilər ki, milyonlarla azərbaycanlı İran vətəndaşı özünü Tehrandan daha çox Bakıya yaxın hiss edə bilər.

Bu isə İranla necə davranmaq lazım olduğuna dair ipucu verir. Parçalanmış cəmiyyət vahid alternativ hakimiyyət yarada bilmir; daha effektiv yol regionlar üzrə təşkilatlanmış diaspor qruplarını gücləndirməkdir. Təbii ki, fars millətçiləri bu parçalanmaya qarşı çıxacaqlar, lakin ABŞ və müttəfiqlərinin əhvazi ərəblər, azərbaycanlılar, bəluclar, kürdlər və digər qrupları dəstəkləmək üçün strateji əsasları var. Bu yanaşma gələcək danışıqlarda daha təsirli nəticə verə bilər.

ABŞ və müttəfiqləri uzunmüddətli münaqişəyə girərək tarixin qurbanına çevrilmək məcburiyyətində deyil. İranın müxtəlif xalqları “müqavimət oxu”ndan və “Vilayət-i fəqih” sistemindən azad olmağa layiqdir. Bu xalqların gücləndirilməsi ilə Qərb Tehran mərkəzli geosiyasi oyundan kənara çıxa bilər və İran post-Xamenei dövrünə hazırlaşa bilər.

Müəllif Ed Hüseyn "Council on Foreign Relations" beyin mərkəzinin Yaxın Şərq üzrə yüksək səviyyəli üzvüdür.

visiontv.az