Dekabrın 7-də Danimarka parlamenti müqəddəs dini kitabların, o cümlədən "Qurani-Kərim"in yandırılmasını qadağan edən qanun qəbul etdi.
Bu, irqçiliyin və islamofobiyanın gündən-günə gücləndiyi və "Quran"a qənim kəsilən Avropa üçün mühüm yenilikdir.
Beləliklə, Avropada İslam dininə qarşı təhqiramiz davranışların qarşısının alınması üçün nəhayət ki, ilk ciddi addım atıldı.
Ümid edək ki, bundan sonra Danimarkada, İsveçdə, Norveçdə, Fransada, Niderlandda və başqa ölkələrdə "Quran"ın yandırılması, İslam peyğəmbərinin karikaturasının çəkilməsi, məscidlərə qarşı vandalizmin yol verilməsi kimi hallara rast gəlməyəcəyik.
Hərçənd ki, buna inanmaq bir qədər müşkül məsələdir. Çünki Avropa ölkələrində miqrantlara (xüsusən də müsəlmanlara) qarşı aqressiv yanaşan, İslam dinini təhlükə və terror mənbəyi hesab edən radikal sağçı, ultra-millətçi siyasi qüvvələr getdikcə güclənir. Noyabr ayında Niderlandda parlament seçkilərində qalib gələn ifrat sağ yönümlü Azadlıq Partiyasının sədri, Gert Vildersin qatı islamofob mövqeyinin qitənin digər ölkələrinə də virus kimi yayılması mümkündür.
Bir sözlə, iki dəfə dünya müharibəsi törədən Avropa hazırda yenə də irqçiliyə, faşizmə, ksenofobiyaya, nasizmə hamilədir. Lakin belə bir mürəkkəb kontekstdə Danimarkanın müqəddəs dini mətnlərin yandırılmasını qadağan edən qanun qəbul etməsi hər halda müəyyən ümidlər yaradır.
Təki cahanda şər deyil, sağlam zəka qalib gəlsin!
Bəybala Mirzəyev
Visiontv.az